«Ağ şəhər» müharibə veteranının evinə göz dikib — Video

Bizə müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Xətai rayon şöbəsinin sədr müavini, döyüşlərdə qəhrəmanlıqla döyüşmüş veteranımız Əhli Həbulla oğlu Həbiyev bildirib ki, Xətai rayonunda həyata keçirilən “Ağ şəhər” layihəsi çərçivəsində rayonun keçmiş icra başçısı Razim Məmmədovun göstərişi ilə, heç bir razılaşma olmadan ona məxsus evin yarısı dağıdılıb.

Ə. Həbiyev verilən kompensasiya ilə razılaşmasa da, buna məhəl qoyulmayıb. Hazırda yaşamaqda davam etdiyi Xətai rayonu “Turşu küçəsi” kimi tanınan ünvanda yerləşən evində olduq. Yaşadığı evin iki otağı tamamilə dağıdılıb. Evin uçurulmayan digər hissəsi isə yararsız vəziyyətə salınıb. Qanunsuzluqla bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, probleminin həll edilməsi ilə bağlı göstəriş verilmir.

Bildirək ki, 1991-ci ildən, 1994-cü ilədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, dəfələrlə müxtəlif dərəcəli güllə və qəlpə yaralanıb. O, 1989-cu ildən isə bu mənzildə yaşayır.

Əhli Həbiyev deyir ki, bu evlər Dövlət Neft Şirkətinə aid olub. O zaman ev növbəsində olanlara müvəqqəti yaşamaq üçün verilirdi. Kim dövlətdən ev alırdısa, onlar buradan köçürülürdü. Mən dövlətdən ev almadığım üçün o zamandan burada yaşamaqda davam edirəm. 2013-cü ildən “Ağ şəhər” dövlət layihəsi əsasında bu ərazilərdə söküntü işləri həyata keçirir. Sökülən evlərin sahiblərinə o zaman hər kvadrat üçün 1500 manat kompensasiya ödənilirdi. Düzdür, camaatın arasında narazılar var idi. Ancaq verilən kompensasiya o zaman üçün yüksək idi. Bizim evin yarısını 2016-cı ildə söküb, bu vəziyyətə saldılar. Həmin ərəfədə hər kəsin evini sökürdülər, mənim evimə dəymirdilər. 2016-cı ildə Razim Məmmədovun icra başçısı olduğu dövrdə məni icra hakimiyyətinə çağırdılar. Dedilər ki, gəl səni yola salaq, get. Dedim ki, heç mənim də toz-torpağın içərisində qalmaqdan xoşum gəlmir. Kompensasiyanı verin, köçüm. İcra hakimiyyətinin tərkibimdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi və Razim Məmmədovun da qohumu olan Əvəz İsmayılov mənə dedi ki, sənə 80 min manat kompensasiya verəcəyik. Onlar mənim evimi 123 kvadrat ölçmüşdülər. Ancaq heç öz ölçülərinə uyğun da kompensasiya vermirdilər. Rafiq müəllim icra başçısı təyin edildikdən sonra evim yenidən ölçüldü və real olaraq 213 kvadrat olduğu təsdiqləndi. Razim Məmmədov burada çox adamı aldatdı. Kim razılaşmırdısa, texnikanı salıb, evi dağıdırdı. Mənim də evimi heç bir razılaşma olmadığı halda və 2016-cı ildə özüm evdə olmadığım halda söküblər. Əvəz İsmayılov oğlumu aldadıb ki, guya məndən söküntü üçün icazə alıb. Oğlum zəng edib bu barədə mənə xəbər verəndə dedim ki, 15 dəqiqəyə gəlirəm. Mən gələnə qədər 2 otağımı söküb, getmişdilər.

Ə. Həbiyev Burada dağıntıya və məmur özbaşınalığına məruz qalmış uçuq evdə 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Üstəlik ətrafda aparılan inşaat işlərinin toz-torpağı evə dolur.

Ölkə qanunvericiliyinə və prezidentin göstərişlərinə məhəl qoymayan Razim Məmmədov bir veteran ailəsinin hüquqlarını öz məmur səlahiyyətlərindən sui-istifadə etməklə kobud şəkildə pozub. Onun mənzilinin kvadratını azaltdığına görə evi tələm-tələsik dağıtmağa çlışıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır və bu Dövlət Proqramında aydın şəkildə «əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması» göstərilib. Ölkə rəhbəri də dönə-dönə bu məsələyə münasibət bildirərək deyib ki, evləri sökülmüş sakinlərin vəziyyətləri yaxşılaşdırılmalıdır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu və digər qərar isə «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Nazirlər Kabinetinin qərarı ilə əlaqədardır. Lakin sabiq başçı Razim Məmmədovun və onun komandasının öz qanunları olub. Heç bir razılaşma və məhkəmə qərarı olmadan müharibə veteranı Əhli Həbiyevin əmlakına qəsd edilib. Ona qarşı hər kəsin gözləri qarşısında cinayət törədilib.

Biz veteranımızın yanındayıq və sonda Əhli Həbiyev dedi: «Mən Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci Vitse Prezident xanım Mehriban Əliyevadan bu işi nəzarətə götürmələrini rica edirəm. Yeni İcra Hakimiyyəti Başçısı Rafiq müəllimdən çox razıyam. Bu köhnə başçının yaratdığı bir problemdir. Qazilərin və şəhid ailələrinin ümid yeri kimi məni bu 4 illik «get-gəl» oyunlarından, yalnız ölkə rəhbərimiz xilas edəcəyinə inanıram»…

Həmçinin eyni yaşayış sahəsində yaşayan Fazil Məmmədovun, Şakir Quliyevin, Svetlana Əhmədovanın və İlyas Məmmədovun da hüquqları eyni qaydada pozulub. Bu insanların da şikayətlərinə baxan tapılmır.

Şikayətçilərin dediyinə görə bu işin həllində maneçilik törədən qüvvələr var. Müharibə veteranı Şakir Məmmədov deyir ki, ərazidə inşaat işləri aparan «Kaspi İnşaat» MMC-dən tələb olunan məbləği ödəməyə hazır olduqlarını bildiriblər. Lakin «Ağ şəhər»-in səlahiyyətli nümayəndələri buna imkan vermirlər. Sanki qəsdən narazılıq yaratmağa çalışırlar.

Vətən qarşısında xidmətləri olan bir Qazinin öz haqqını vermək istəməyən məmura və yaxud da iş adamlarına nə ad vermək olar?

Elnur Səlim/Fedai.az/
Nurlan Məmmədli/Veteran.az/

Bu xəbəri paylaşın: