«Bütün yollar Xankəndinə aparır»: Ya savaş, ya da SAVAŞ!

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Hər yer Qarabağ, hər gün Qarabağ, hər kəs Qarabağ…

(Əvvəli:https://fedai.az/?p=15717https://fedai.az/?p=15785https://fedai.az/?p=15941&fbclid=IwAR0bMF2DOmPuPY7WC-Oa3XNal2RAq1LPOg-dtaHr8KBz8w0vsHEjrs27xko, https://fedai.az/?p=16043)

V YAZI

Qarabağın azad edilməsi bu gün Azərbaycanın olum məsələsinə çevrilməlidir. Bu proseslərin qarşısında əngəl olan bir qüvvənin mövcudluğunu kimsə dana bilməz. Araşdırma Qrupumuz dəfələrlə öz yazılarında qeyd eləyib və Aprel döyüşlərindən dərhal sonra xalqa qarşı edilən «hücumları» araşdırmağı dəfələrlə tövsiyyə etmişik. Bir daha o tarixdən sonra baş verənlərə bir daha diqqət yetirin. Bu kolon kahinləri neytrallaşdırılmayınca bizim əsaslı dönüşə nail olacağımıza inanmaq sadəlövhlükdür. Artıq hakimiyyət qollarında özlərinə yer tutmuş bu mövcudluğu deşifrə etmək başlıca vəzifəmiz olmalıdır…

Dünyada bu gün 100 il başlanmış oyunların yekunu və yeni oyunların isə başlanğıcı dünyanın 60-dan çox ölkəsində lokal və regional (simmetrik) münaqişələrə rəvac verib. Yerdə qalan dövlətlər isə hibrid müharibəsinin simmetrik və assimmetrik müharibə kombinasiyalarını özündə birləşdirən bir savaşın potensial hədəfləridir. Dünya məqsədli şəkildə 100 il öncə olduğu kimi Böyük Xaosa salınıb ki, imperialistlər öz istəklərinə uyğun şəkildə yenidən dünyanı bölüşdürən 100 illik sazişlər bağlasınlar. Rusiya ilə bu müqavilə 2017-ci ilin oktyabrında başa çatıb. Türkiyə 2023-cü ili gözləyir. İran 2025-ci ilin qorxusuyla embarqoya məruz qoyulur. Çoxları bu deyilənlərə, inanmır və buna bir «mason nağılı» deyərlər. Ancaq hər əsrin sonunu tutuşdurun və nəticələri analiz edin. Ermənilər bu cür xaos üçün yaradılmış yığnaq olduqlarına görə, belə vaxtlarda daha fəal olurlar və qazanclı çıxırlar. Bunları araşdırmaq və sistemləşdirmək lazımdır. Deyilənləri sübut üçün diqqətinizə bolşeviklərin yaydığı Lenin və Stalinin imzasıyla yayılmış başqa bir müraciətə diqqət yetirək (20 noyabr (7 dekabr) 1920-ci il): «…Biz bəyan edirik ki, İstanbulun istila edilməsi ilə bağlı Kerenski tərəfindən devrilmiş Çar hökumətinin gizli sözləşməsini cırıb atdıq.

Biz bəyan edirik ki, İranın parçalanması barədə sazişi də cırıb atdıq.

Biz bəyan edirik ki, Türkiyənin parçalanmasını nəzərdə tutan gizli sazişi də cırıb məhv elədik…

...Bu yırtıcıları və quldurları öz ölkələrinizdən qovun» (Проф. Н. Л. Рубинштейн «Ближний и Средний Восток после первой мировой войны. Лозаннская конференция» Москва 1952 г.).


Bu tarixi mənzərəni qarşılaşdırın-1915-16-17-18-20-21-22-23-2015-16-17-18…

1919-cu ildə ABŞ öz işğalçılıq niyyətlərini gizlətmək üçün Türkiyəyə və Zaqafqaziyaya «komissiya» adıyla məxfi agentlərini göndərdi. Vilsonun tapşırığıyla bölgəyə gələn xəfiyyə əlaltıları «Osmanlının parçalanmasının və ölümlərin qarşısını almaq üçün» gəldikləri barədə məlumatlar yayırdılar. Eyni zamanda başqa bir komanda Batum, İrəvan və Bakıya gəldilər. Rusiya isə ABŞ-dan göndərilmiş «bolşeviklər» (yəhudilər-Trotski, Zinovyev, Sverdlov, Kirov, Kuybışev, Dzerjinski və daha 245 komissar) isə Rusiyanı sahiblənməklə və oyundan çıxarmaqla öz ağalarına ayı xidməti göstərməkdə idilər. Çünki İngilislər Hindistanadək olan bütün ərazilərə tam hakimlik iddiasında idilər. Bölgədəki eser-daşnak-menşeviklər satın alınmışdı. İngiltərə öz xəfiyyələri hesabına 1918-1919-cu ildə bütün İranı ələ keçirmişdilər. Vosuq-ad Daule ilə vassal şərtləriylə saziş bağlayan ingilislər, maliyyə və hərb daxil İranın bütün strateji dayaqlarını öz əllərinə almışdılar. Müqavilə «İran dövlətinin rifah və tərəqqisi üçün Britaniya yardımı barədə saziş» adlansa da, məqsəd, tam olaraq İranı öz protektoratına almaq idi.

Əfqanıstanda isə Əmir Həbibullanı ələ alaraq onların bütün siyasi kurslarını İngiltərə müəyyənləşdirirdi. Orta Asiya da 1918-ci ildən ingilislərin nəzarətində idi. ABŞ-İngiltərə kəşfiyyatı və xəfiyyələri Osmanlı sultanına parçalanma sazişi «Sevr»i imzalatdıqdan və Mesopotomiya, Fələstin, Suriya, Avropa torpaqları və dənizləri öz mandatlarına keçirdikdən az sonra ABŞ ortaya onların mandatı altında Ermənistan və Kürdüstan kimi «müstəqil» dövlətlərin yaradılması məsələsini qoydu. Əsrlərcə cızdıqları xəyallar çin olmuşdu. Fürsətdən istifadə edən imperializm hər kiçik adadan da öz payını istəyirdi. Xain yunan, erməni və bu xislətli ərəb, kürdlər bölgənin qapılarını ardıcıl surətdə imperializmin üzünə açmışdı…

Siyasi mənzərənin qısa təsvirindən sonra bildirim ki, dünyada qütbləşmə kimi təqdim olunan iki qütb, hazırda əslində Rotşild-Britaniya-Türkiyə və Rokfellər-ABŞ-Aİ-Rusiya arasındadır. Yəni bu bölgüdə Azərbaycanın və Qarabağın yeri haradadır?

İlkin baxışda nəzərə gələn ATƏT-in Minsk Qrupunun tərkibidir. Bu tərkibin eyni qütbə aid olması problemin həllində əsas maneəyə çevrilib. Eyni qütblü qolda olan dövlətlər kritik məqamda tez razılaşmalarının başlıca səbəbi burada axtarılmalıdır. Xatırladım ki, ABŞ SSRİ-nin yaranmasını Britaniyaya qarşı olaraq dəstəkləmişdi və SSRİ-nin sənayesini ABŞ mütəxəssisləri qurmuşdu. Xatırladım ki, Stalinqrad traktor zavodunu ABŞ-da gəmilərdə yığaraq SSRİ-yə gətirmişdilər. Dnepro SES ABŞ-ın Cooper Engineering Compani və Almaniyanın Siemens şirkətləri tərəfindən qurulmuşdu. Məşhur «Maqnitka» da ABŞ-ın qurduğu zavoddur və hətta o zavodun eynisi İndiana ştatında qurulmuşdu. 1930-1940-cı illər arasındakı 10 il ərzində SSRİ-də avtomobil, traktor, aviasiya motorları və ərzq istehsal edən fabriklərin hamısını ABŞ qurub. Təkcə ABŞ-da olan bir layihələndirmə şirkəti-Albert Kahn İng. SSRİ üçün 500-dən artıq layihə işləyib. Bu işlərdə Sovet xalqı ucuz işçi qüvvəsi kimi istifadə olunub və «raboçiy» adı heç də təsadüfi deyil…

Hazırda mübarizə İpək yolu uğrunda gedir və tərəflərin hər ikisinin maraqlarının toqquşduğu bir ölkə kimi Azərbaycan, Britaniya-Türkiyə-Çin layihəsində Türkiyə-Britaniya birliyinə daha yaxın görünməkdədir. Dünyadakı müharibələr Rotşildlərin monopoliyasına daxil olsa da, Qafqazda savaşın alovlanması hər iki tərəfin qorxduğu bir gözləntidir və bunu öz istəklərini tam müəyyən edənədək dondurmağa çalışırlar və arada al-ver predmeti yalnız bizim torpaqlarımızdır.

Dövlətlərin regionda oynadıqları siyasi oyunlar isə bu imperiya planlarını imitasiya etmək üçün oynanılır. Rusiya-Türkiyə yaxınlaşması, İran-Rusiya yaxınlaşması, Fransanın alyansdan kənar Qafqaz siyasəti və s. Xatırladım ki, 28 ölkənin üzv olduğu NATO, əmrləri və planları Vaşinqtondan alır. NATO daxilində ABŞ-dan icazəsiz qərar alanın, siyasi hayatına son qoyular.

2011-ci ildə NATO qərarını gözləmədən Fransa prezidenti Sarkozi, Liviyaya qarşı hərbi əməliyyatlara başladı.

Bu saat Sarkozinin nə işlə məşğul olduğunu bilən yoxdur. O, öz memuarını çap etdirməyə bir nəşriyyat tapmır. Çünki Vaşinqton onun «qələmini qırmışdı». Ancaq onun yerinə gətirilən Emmanuel Makron da, gah NATO-ya alternativ olan AB hərbi birliyi, gah da altdan Qafqaz siyasəti yeritməklə məşğuldur. Gürcüstanda və Ermənistanda əsən Fransa küləkləri ABŞ-ın sinirlərinə toxunmaqdadır. Fransanın De Qoll kimi ABŞ-a dönük çıxması ənənəsi mövcuddur, amma De Qoldan fərqli olaraq, ABŞ-a təsir rıçaqları yoxdur.

De Qoll ABŞ-dan 1,5 mlrd.dollar əvəzinə 1 unsiya 35 dollar olmaqla qızıl tələb etmişdi. ABŞ prezidenti Lindom Cons onu hədələsə də, 1965-ci ildə “yaşıl kağız” yüklü gəmiləri Nyu York limanlarına və təyyarələrini isə hava limanlarına endiyi raportunu aldı. De Qoll cavab tədbiri kimi ölkəsində yerləşən ABŞ və NATO-ya məxsus 29 hərbi bazanın və 35 min hərbçinin çıxarılmasını irəli sürmüşdü. Nəticədə De Qoll iki il ərzində Fort Noks şərtlərinin yüngülləşdirilməsinə və 3 min ton qızıla sahib olmuşdu. Amma bu gün Fransanın belə bir rıçağı yoxdur və keçirilən sarı «jiletlilər» aksiyası yetərli dərəcədə ölkənin iqtisadi və siyasi imicinə ciddi zərər vuran ABŞ «hədiyyələri» ala bilir.

Bu gün Gürcüstanı və Ermənistanı öz nüfuz dairəsinə keçirən Fransa Qafqazda möhkəmlənməyi hədəfləyir. Azərbaycana qarşı Gürcüstanın əsassız iddialarının kökündə dayanan məsələlər Fransa ilə bağlıdır. Bəzi araşdırmaçılar bunu İvanaşvili xətti ilə Rusiyaya calamaq istəsələr də məsələnin kökündə Fransanın durduğunu görməmək mümkün deyil. Bu fikri, əsasən Azərbaycanın AB ilə razılaşması ərəfəsində Rusiyanın Gürcüstan üzərindən basqısı kimi qiymətləndirənlərin versiyası çox da ağlabatan deyil. Zurabişvilinin aşkar: «Gürcüstan ərazisində ABŞ hərbi bazası inşa etmək məqsədəuyğun deyil və təxribatdır»-deməsi siyasi «sadəlövhlük» sayıla bilməz. Bundan öncə Gürcüstan prezidenti Avropaya səfər zamanı deyib ki, öz ölkəsinin gələcəyini Avropa ailəsində – AB və NATO-da görür. Onun sözlərinə görə, “AB-yə girmək üçün qarşıda iş durur, amma, bax, Gürcüstan NATO-ya girmək üçün yetişib və problemlər alyans üzvlərinin genişlənməyə hazır olmağında, Vaşinqton və Avropa liderləri arasındakı münasibətlərdə və Moskvanın mövqeyindədir”.

Gürcüstanın fransalı prezidenti təcrübəli diplomatdır və sözü elə-belə küləyə demir. Görünür, bunun üçün özünün car çəkilməyən səbəbləri var. ABŞ -ında onun səfərini ləğv etməsinin kökündə ABŞ və NATO əleyhinə gedişi durur. Bu da Fransanın dəst-xəttinə oxşayır. Gürcüstan bu addımla Britaniyanın və Türkyənin lider olduğu enerji daşıyıcı layihələrini hədəfə alması görünəndir. Müsahibələrindən birində jurnalistin “Niyə siz bizimlə sanki yuxarıdan, Parisin hündürlüyündən aşağı danışırsız?”- sualına o, aşağıdakı cavabı verib: “Yəqin ona görə ki, bəli, prezident xalqla olmalıdır, amma o yenə də xalqdan yuxarıdır”. Yəni üçüncü bir qüvvə də Qafqaza caynaqlarını atmağa can atması bölgədə siyasi hərarətin tezliklə qızışacağından xəbər verir. ABŞ və Rusiya Ermənistan və Gürcüstanı cəzalandırmağa qalxsalar, çox güman ki Paşinyan və Zurabaşvili Parisdə memuar yazmağa məcbur qalacaqlar. Biz bu proseslərə hazır olmalıyıq.

Birincisi, Azərbaycanın AB ilə saziş imzalaması hazırki şəraitdə bizə xeyir verəcəyi gözlənilən deyil. Ukraynanın başına gələnləri ciddi nəzərdən keçirməyimiz vacibdir.

İkincisi, bölgədə çoxları Rusiya-Türkiyə yaxınlaşmasını bəzi soydaşlarımız diqqətlə izləyir və yanlış olaraq bizim üçün də faydalı olacağını düşünürlər. XIX əsrin əvvəllərindən tutmuş, 1918-1920-ci il də daxil olmaqla belə yaxınlaşmalar zamanı tək itirən tərəf, məhz Azərbaycan olub. Öncə Qacarlar dövlətinin parçalanmasıyla Azərbaycanın iki yerə bölünməsi (əsas rolu Britaniya oynadığı bəllidir), 1918-ci il İrəvan xanlığının ərazisində qondarma Ararat respublikasının yaranması (ABŞ mandatı və Britaniyanın razılığı ilə), 1920-ci il AXC-nin işğala məruz qoyulması və 1923-cü illər Qarabağın Zəngəzur mahalının, Göyçə və s. torpaqların itirilməsi, məhz ayağı «sürüşkən» rus-türk sazişləri sayəsində baş tutub. Belə bir anlaşma və yaxud əks qütblü dostluğun olması mümkün deyil. Bu gün bu dostluğu arzulayan bəzi siyasi «yengələr» bu deyilənləri araşdırsalar yaxşıdır.

Üçüncüsü, Qarabağ üzərində cəmləşən xarici maraqlar araşdırılmalıdır. Bu oyunda hər kəs öz oyununu oynayır. Yalnız Azərbaycan hamının oyununu oynayır və özünə məxsus oyunu isə yoxdur. Problemi də Kazimirovun «diaqnozu» ilə «həlli olmayan problemlər» kateqoriyasına yuvarlayan başlıca məsələ elə budur.

Qarabağ bizimdirsə, bu problem də bizimdir. Bu terror yuvasını dünyaya tanıtmaq istiqamətində iş görmüşükmü? Hərbi caniləri hərbi tribunala çıxarmışıqmı? Bizim olan Qarabağı, istər köçkün, istər döyüşçü kimi öz malımız kimi istəmişikmi?

Hər kəs Qarabağ, hər yer Qarabağ, hər gün Qarabağ!-ola bilməsək bu məmləkət çökəcək və bizlər hələ də bunu anlamırıq. Məlum Qara dəniz — Xəzər arası türk zolağının aradan qaldırılması ilə bağlı imperialist planının, elə öz əlimizlə icra ediləcəyi qaçılmaz olacaqdır…

08 may 2019 — cu il

P.S. Bu yazılar təkrar yayınlanır. 2017-ci ildəki mətnlərə azca əlavələr edilib.

Bu xəbəri paylaşın:
  • 143
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •