*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Prezidentdən tvit gəldi: Daha 7 kənd işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yayıb.
***Alman jurnalist, “Bild” qəzetinin siyasət şöbəsinin məsul redaktoru, konfliktologiya üzrə analitik Culian Repke (Julian Röpcke) erməni millətçilərini işğalçı Ermənistan silahlı qüvvələrinin hazırda Azərbaycan ərazisində döyüş əməliyyatları apardığını etiraf etməyə çağırıb.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Ciddi olun, əziz ermənilər. Mənə “etnik təmizləmə”dən və “Vətəninizi necə müdafiə etdiyinizdən” danışmağı dayandırın. Siz Azərbaycan torpağında vuruşursunuz, oradan yüz minlərlə insanı qovmusunuz”, – deyə jurnalist bildirib.
***Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib.
Məktubda qeyd edilib ki, sentyabrın 27-də — Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün — Ukrayna XİN Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. Sentyabrın 30-da keçirilən onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, «dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır»
***Hikmət Hacıyev: Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır

«Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır. Ermənistan müdafiə nazirinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi. Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır».
Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
***Putin və Lukaşenko Qarabağı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları telefon söhbətinin gedişatında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. Prezidentlər infeksiyanın yayılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığını yüksək qiymətləndiriblər. Bundan başqa, tərəflər Rusiyanın “Sputnik V” peyvəndinin Belarusa ixracı ilə bağlı qərarın əhəmiyyətini qeyd ediblər. Prezidentlər müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə sadiq olduqlarını da təsdiqləyiblər. Onların sözlərinə görə, ölkələr daha əvvəl bağlanmış müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyə davam edəcək. Kremlin rəsmi məlumatına görə, siyasətlər həmçinin Dağlıq Qarabağda münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
***Ağdərədə atəş nöqtələri susdurulub

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
*** “Twitter” rəhbərliyi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəsmi hesabını bağladı

Rəsmi hesabın hansı səbəbdən bağlandığı haqqında məlumat verilmir.
Məsələ rəsmi səviyyədə nəzarətə götürülüb.
***Silahlı Qüvvələrə Yardım Fonduna inanılmaz xeyli vəsait daxil olub

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub. Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
***Zəngilanda düşmənin kəşfiyyat diversiya qrupu məhv edildi

Azərbaycan ordusu Zəngilan istiqamətində düşmənin kəşfiyyat diversiya qrupunu məhv edib.
Bununla bağlı “Caliber” “Teleqram” kanalı görüntülər paylaşıb.
***MN-NİN BƏYƏNATI

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir: «Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir».
***Düşmənin diversiya cəhdinin qarşısı alınıb

Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.
***Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın da cəbhədə Ordumuza qarşı savaşdığı məlum olub

Bu barədə Xaçataryanın müavini Vladimir Ovannisyan məlumat yayıb.
O qeyd edib ki, Xaçatryan xidmətin əməkdaşlarından ibarət dəstəyə başçılıq edir.
***Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşadan aparılıb

Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, bu barədə bu gün ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlumat verib: «Bu gün günorta saatlarında komitədən zəng vurub bildirdilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumatları yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər».
***Ermənilər Xankəndini tərk ediblər

Əslində isə Xankəndidə, ümumiyyətlə, yalnız hərbçilərin qaldığı qeyd edilir. Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.
Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı.
***Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan yerli mediaya müsahibəsində ölkəsinin ağır durumda olmasından söz açıb

“Jamanak” qəzetinin dərc etdiyi müsahibədə partiya sədri Ermənistanın gələcək taleyi ilə bağlı təkliflər verib. Müharibənin ilk günlərindən könüllü kimi döyüşlərə qatılmış Xzmalyan bir neçə gündür Ermənistana qayıdıb:»Mən cəbhənin şimal-şərq hissəsində idim. İndi bir neçə gündür tətildəyəm, əmr gəlsə, yenidən cəbhəyə yollanacağam. Çünki könüllülərin orduda öz işi var. Əsasən döyüşlərdə 18-20 yaş arası gəncləri əvəz etmək üçün gələn könüllülər müharibə qaziləridir. Gördüyümüz itkilər bu millətin gələcəyi üçün dözülməzdir. Mənim şəxsi qənaətimə görə, müharibə böyük siyasi səhvlərin nəticəsidir”.
***Türk general: Paşinyanı öz xalqı öldürə bilər

Türkiyə və Azərbaycan Ermənistan kimi ölkə deyil. Biz ermənilərdən fərqli olaraq, qeyri-insani hərəkət etmirik. Biz hansısa milləti təhqir etməyəcəyik, amma cinayətkarları beynəlxalq məhkəmələrdə mühakimə edəcəyik.
Bu sözləri axar.az-a açıqlamasında Türkiyə Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-polkovnik İsmayıl Hakkı Pekin deyib.
Onun sözlərinə görə, erməni xalqı ölkəni bürümüş böhrana görə öz lideri və onun komandasının fəaliyyətinə son qoymalıdır: “Paşinyan mühakimə olunmalıdır. Bu proses həm Ermənistanda, həm də beynəlxalq məhkəmələrdə keçiriləcək. Əlbəttə, Paşinyan ölkədən qaça, qala və ya öldürülə bilər. Ermənistanda hərbi çevrilişin yaşanması da mümkündür. Belə insanlar əvvəlcə istifadə olunur, sonra isə tarixin zibilliyinə atılırlar. Mən Paşinyanın sonunun bəşəriyyət üçün bir dərs olmasını istərdim”.

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
