AZƏRBAYCANIN AĞDƏRƏ RAYONUNUN ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI -VİDEO

Cavid Bağırzadə

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
cavid.bagirzade@gdu.edu.az


XVII əsrin əvvəllərindən etibarən Erməni dövləti yaratmaq arzusu ilə erməni qriqoryan kilsəsi əməli fəaliyyətə keçmişdir. XIX əsr boyunca çar Rusiyasının məkrli siyasətinin nəticəsi olaraq Azərbaycan torpaqlarına köçürülən ermənilərin məskunlaşdırıldığı bölgələrdən biri də Ağdərə ərazisi olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq Rusiyanın dövlət siyasətinə arxalanan və ruhlanan ermənilər hələ XIX əsrin sonlarında yaratdıqları müxtəlif siyasi partiya və təşkilatların, eləcə də erməni qriqoryan kilsəsinin təşkilatçılığı ilə Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları olmuş, nəticə etibarı ilə Rusiyanın onlara verdiyi “hədiyyə” olaraq Azərbaycanın qərb torpaqlarında “Ermənistan” dövləti yaradılmışdır.

Yarandığı gündən etibarən Ermənistanın Azərbaycana ərazi iddiaları heç bir vaxt səngiməmiş, XX əsr boyunca müxtəlif vaxtlarda açıq şəkildə bu iddialar irəli sürülmüşdür. 1988-ci ilin fevralın 13-də Dağlıq Qarabağda, Xankəndi şəhərində ermənilər mitinqə çıxaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsini tələb etmişlər. Bununla da ermənilərin Dağlıq Qarabağa növbəti və bu günə kimi davam edən ərazi iddiaları və məlum Dağlıq Qarabağ münaqişəsi başlamışdır. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan rayon və kəndləri 1988-ci ildən etibarən blokada şəraitində qalmış, kəndlər 1991-1992-ci illər ərzində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (1923-ci il 7 iyul – 1991-ci il 26 noyabr) Ağdərə rayonunun azərbaycanlıların – Kolanı camaatının yaşadığı kəndlər də bu dövrdə işğal edilməklə rayonun işğalı başa çatdırılmışdır.

Ağdərə rayonu haqqında. XIX əsrdə çar Rusiyasının erməniləri Azərbaycan torpaqlarına köçürməsinədək Ağdərə bölgəsində əhalinin mütləq hissəsini Azərbaycan türkləri təşkil etmişdir. Bu dövrdən etibarən bura köçürülmələrin nəticəsində Ağdərə bölgəsində ermənilərin sayı artmağa başlamışdır. Ağdərə bölgəsində yaşayan Azərbaycan türkləri zaman-zaman, 1905-1906-cı illər qırğınlarının və Birinci Dünya müharibəsi dövründə baş vermiş kütləvi qırğınlar, soyqırımları nəticəsində öz kəndlərini tərk etmək məcburiyyətində qalmış, nəticə etbiarı ilə Azərbaycan kəndlərində ermənilər məskunlaşmış, məskunlaşdıqları kəndlərin tarixi adlarını dəyişdirmişlər. Ağdərə bölgəsi coğrafi baxımdan Xaçınçay və Tərtərçay hövzəsinin bir hissəsini əhatə edir. Azərbaycan çar Rusiyasının müstəmləkəsi altında olduğu zaman Ağdərə bölgəsi Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasının ərazisinə daxil olmuşdur. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda keçmiş Cavanşir qəzasının Ağdərə ərazisi 1923-1930-cu illər ərzində Ceraberd, 1930-1992-ci illərdə isə Mardakert adlandırılmış, 1930-cu ildə inzibati rayon yaradılmışdır. 1992-ci ildə Ağdərənin tarixi adı bərpa edilmişdir. 1960-cı ildə Ağdərəyə şəhər tipli qəsəbə, 1985-ci ildə isə şəhər statusu verilmişdir. Ağdərə rayonunun ərazisi 1705 kv. km, əhalisi 44,4 min nəfər olmuşdur ki, onun 14 mini azərbaycanlılar təşkil edirdi. Rayonun bir şəhəri, iki şəhər tipli qəsəbəsi, 57 kəndi, 22 kənd sovetliyi (kənd sovetliyi inzibati anlayışı indi kənd icra nümayəndəliyi kimi ifadə edilir) olmuşdur. Ağdərə rayonunun Madagis qəsəbəsi 1959-cu ildə, Marağa qəsəbəsi isə 1967-ci ildə yaradılmışdır [3, s.25]. 1992-ci il oktyabrın 13-də Azərbaycan Respublikası Ali Sovetinin (indi Milli Məclis) qərarı ilə Dağlıq Qarabağın ərazisinə və əhalisinə görə ən böyük rayonu olan Ağdərənin inzibati rayon statusu ləğv edilmiş, onun ərazisi bölünərək qonşu Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verilmişdir. Ağdərə rayonunun ərazisinin 44%-ni son dərəcə füsunkar gözəliklərə malik zəngin flora və fauna aləmindən ibarət meşələr təşkil edirdi. Ağdərə bölgəsi zəngin faydalı qazıntı yataqları ilə də seçilir. Bölgədə Qızılbulaq və Canyataq-Gülyataq qızıl yataqları, Mehmana qurğşun və sink yatağı, Dəmirli mis yatağı və digər faydalı qazıntı yataqları vardır.

Ağdərə rayonunun işğalı

Dağlıq Qarabağ münqaişəsinin meydana çıxmasının ilk dövründən etibarən Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndləri ermənilərin hədəfinə çevrilmiş, hadisələrin ilk mərhələsində məhz Ağdərə rayonundakı kəndlər müxtəlif şəkildə hücumlara məruz qalmışdır. Ağdərə rayonunda azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti erməni kəndlərinin əhatəsində olmaqla coğrafi olaraq bilavasitə mühasirə şəraitində olmuşdur. Belə bir təbii-coğrafi şərait erməni silahlılarına imkan verirdi ki, azərbaycanlıların kəndlərini daima atəş altında saxlasınlar. Hələ 1990-cı ilin yay aylarında artıq Ağdərənin 14 azərbaycanlı kəndlərinin hamısı erməni kəndləri tərəfindən atəş və hücumlara məruz qalırdı. Bu dövrdə bölgəyə yeridilmiş Sovet qoşun hissələri və yerlərdəki hərbi komendantlar ən yaxşı halda asayişi təmin etməkdə, azərbaycanlıların kəndlərini qorumaqda “acizlik” edir, seyirçi mövqeyində qalırdılar. Bəzi rus zabitləri isə açıq şəkildə ermənipərəst mövqeyi göstərirdilər.


Hələ 1990-cı il oktyabrın 22-də Ağdərə rayonu ərazisində erməni quldurları 4 azərbaycanlını girov aparmışdır. Bundan sonra girovları azad etmək üçün xüsusi təyinatl milis dəstəsinin əməkdaşları əməliyyat aparmışlar. Erməni yaraqlıları müqavimət göstərmiş, atışma bir saata qədər davam etmişdir. Girovlar azad edilmiş, hadisə yerində 9 avtomat, xeyli tapança, qumbara, partladıcı maddə və başqa döyüş sursatı tapılmışdır [7, s.240]. Bütün bunlar bir daha göstərir ki, SSRİ güc strukturları münaqişənin qarşısını almaq üçün heç bir qəti addım atmamış, bununla da 1989-1990-cı illər ərzində ermənilər məqsədyönlü şəkildə silahlanmış, heç bir köməyi, silah-sursatı olmayan azərbaycanlı kəndlərini atəşə tutmuş, dinc sakinləri isə əsir götürmüşlər.

1991-ci ilin əvvəllərindən etibarən kəndlərimizə qarşı təyziq artır, hücumlar daha intensiv və sərt xarakter alır. Bu dövrdə Dağlıq Qarabağın, o cümlədən də Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərin vəziyyəti haqında davamlı reportajlar hazırlayan o zamankı “Kommunist” qəzetini xüsusi müxbiri Ziyəddin Sultanovun yazılarından da aydın olur ki, 1991-ci il Ağdərə rayonunda yaşayan azərbaycanlılar üçün olduqca ağır bir dövr olmuşdur [7, s. 21-23, 78-80, 98-100, 150-152, 175, 188, 219-220, 231-244]. 1991-ci ilin avqust ayında ermənilərin cəsarəti o qədər artır ki, Ağdərə rayonunun Aterk kəndində SSRİ Daxili İşlər Nazirliyi daxili qoşun bölmələrinin 41 zabitni və sıravi əsgərini, o cümlədən çoxlu hərbi texnika və silah-sursat ələ keçirirlər. Hərbi qulluqçuların azad edilməsi üçün erməni quldurlarının rəhbəri bölgə komendantı polkovnik V. Jukova hərbi qulluqçularla dəyişdirilmək üçün asayişi pozan, silahlı hücumlar təşkil edən erməni quldur dəstələrindən həbs edilmişlərin siyahısını təqdim edir, danışıqlar aparırlar. Danışıqlardan sonra cəmi üç hərbi qulluqçu azad edilir. İki gündən sonra danışıqlar yenidən davam etdirilir, danışıqlarda SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlar qərargahı rəis müavini, general-mayor V.Starikov və fövqalədə vəziyyət rayonunun komendantı polkovnik V. Jukov iştirak edir [7, s.173]. Bu fakt 1991-ci ilin yay aylarında Ağdərə rayonunda mövcud vəziyyətin hansı şəkil almasını bir daha göstərir. Həmin dövrdə azərbaycanlılar yaşayan kəndlərin vəziyyətini təsəvvür etmək o qədər də çətin deyildir. 1991-ci il 25 apreldə Ağdərə rayonunun Umudlu kəndi Aterk və Zəylik kəndləri istiqamətindən avtomat və iri çaplı pulemyotlardan atəşə tutulmuş, kəndin bir neçə sakini yaralanmış, yaşayış binalarına ziyan dəymişdir. “Kommunist” qəzetinin 23 may 1991-ci il nömrəsində yazır ki (xüsus müxbir Ziyəddin Kamal oğlu Sultanovun yazısı – C.B.), Ağdərə rayonunun Umudlu kəndində həyəcanlı vəziyyət yaranmışdır: erməni silahlı dəstələri bir həftəyə yaxındır ki, kəndi aramsız olaraq avtomat, pulemyot və raket atəşinə tuturlar. “Alazan” tipli raketlər bir neçə yaşayış evini dağıtmışdır [3, s.306]. 1991-ci il mayın 26-da Umudlu kəndi yenə Aterk və Zəylik kəndləri istiqamətindən atəşə tutulmuş, kənd sakini Məmməd Salman oğlu Abbasov öldürülmüşdür [7, s.235]. Bu dövrə aid məlumatlardan məlum olur ki, yay mövsümündə erməni quldurları Umudlu kəndinə məxsus olan əkin sahələrində, otlaq yerlərində, meşələrdə gəzib dolaşır, adamları vahimə və qorxu içərisində saxlayırlar. Hər tərəfdən ermənilərlərə əhatə olunmuş bu kənddə yaşamaq və işləmək olduqca çətinləşmişdir. Cəzasız qaldıqları üçün erməni quldur dəstələri daha da azğınlaşaraq kəndin yaxınlığında yerləşən 800 başdan çox mal-qara saxlanan dörd müasir tipli kompleksi, ot tayalarını yaşayış evlərini yandırmışlar. Bu zaman son günlər ərzində baş vermiş hadisələrlə əlaqədar olaraq Dağlıq Qarabağ Muxta Vilayəti üzrə təşkilat komitəsinin sədri V. Polyaniçko və föqalədə vəziyyət rayonunun komendantı polkovnik V. Jukov Umudlu kəndində olmuş, kənd sakinləri ilə görüşmüş, yaranmış vəziyyəti müzakirə etmişlər [3, s. 306-307; 7, s.150].

Həmin ilin iyunun 17-də Ağdərə Umudlu və İmarət-Qərvənd (Kərəmli) kəndləri qonuş erməni kəndləri olan Aterk, Zəylik və Çapar istiqamətindən atəşə tutulmuşdur. Döyüş üç saatadək davam etmişdir. İyunun 21-də isə M. Həsənov Çərəkdar kəndi yaxınlında meşədə ermənilər tərəfindən qətlə yetirilmişdir [7, s.236]. 1991-ci il iyulun 7-də Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında yük maşınının atəşə tutlması nəticəsində Sırxavənd kəndinin dörd sakini öldürülmüşdür [3, s.307]. İyulun 31-də Ağdərə rayonunda hərbi qulluqçuları aparan maşın karvanı avtomat silahlardan və qumbaraatanlardan atəşə tutulmuşdur. Perm şəhərindən gəlmiş jurnalist V. Dementyev və dörd hərbiçi yaralanmışdır. İki zirehli transportyor və bir yük maşını zədələnmişdir. Avqustun 5-də Umudlu kəndi yaxınlığında sahədə işləyən qadınlar Zəylik kəndi tərəfdən atəşə tutulmuşdur. Avqustun 7-dən 8-nə keçən gecə Ağdərə rayonunun İmarət-Qərvənd kəndi qonşu Çapar kəndi tərəfdən atəşə tutulmuş, evlər zədələnmişdir [7, s.237].

Sentyabrın 18-də Ağdərə rayonunun Metşen kəndi yaxınlığında hərbi maşın və zirehli transpotyor minaya düşüb partlamışdır. Bu zaman pusquda duran ermənilər hərbi maşınları atəşə tutmuş, hərbiçilərdən S.Ploxotnyuk ölmüş, T. Kartus isə yaralanmışdır. Sentyabrın 19-da erməni quldurları İmarət-Qərvənd kəndinə hücum etmiş, kənd sakini Z. Əliyeva qətlə yetirilmiş, evlər yandırılmışdır [7, s.239]. Oktyabrın 17-də erməni quldurları Ağdərə rayonu ərazisində qoyun sürülərini ələ keçirməyə çalışmış, çobanlardan Q. Abdullayev öldürülmüş, D. Qəribov isə yaralanmışdır. Oktyabrın 19-da Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında yük maşınına hücum etmiş, sürücü N. Bəşirov öldürülmüş, A. Həsənov isə ağır yaralanmışdır [7, s.240]. 1991-ci il dekabrın 25-nən 26-na keçən gecə Ağdərə rayonunun Umudlu, Baş Güneypəyə, Manikli kəndləri raket və artilleriya atəşəni tutulmuş, kənd sakinləri yaralanmış, evlər dağıdılmışdır [7, s.244]. 1991-ci il ərzində baş vermiş hadisələr, azərbaycanlıların yaşadıqları kəndlərə edilmiş hücumlar ilin sonuna yaxın daha kəskin şəkil alır. Bu dövrdə müdafiəsiz qalmış, taleyin ixtiyarına buraxılmış kəndlərin əhalisi müxtəlif yollarla silah-sursat əldə etməyə çalışır, özünü müdafiə qüvvələri təşkil edir, postlar quraraq öz kəndlərini gecə-gündüz erməni quldurlarının hücumlarından qorumağa çalışırdılar.

1992-ci ilin əvvəllərindən etibarən erməni silahlı dəstələrinin Ağdərə rayonunun azərbaycanlılar yaşayan 14 kəndinə təzyiqləri artır, hücumlar intensivləşməyə başlayır. Xocalının yerlə yeksan edilməsindən sonra Ağdərə rayonunun kəndlərinə hücumlar daha da kəskinləşir. 1992-ci il fevralın 28-də uzun illər mühasirədə qalan Umudlu kəndi işğal olunur. Bu zaman kəndin müdafisəində olan 30 hərbiçi, yüzlərlə yerli sakinlərdən ibarət özünü müdafiə qüvvələri o zaman Ağdamda olan Şirin Mirzəyevin (sonralar ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür.) və Ağdamda olan umudluların səyi nəticəsində göndərilmiş vertolyotlar vasitəsi ilə labüd ölümün caynağından qurtarılmışdır, əks halda Umudluda da Xocalı qətliamı təkrarlanacaqdı. 1992-ci il martın 12-də Manikli-Sırxavənd istqamətində böyük qüvvə ilə hücuma keçən erməni silahlı dəstələri ciddi müqavimətə rast gəlmiş, döyüş 14 saat davam etmiş, düşmən Dağlıq Qarabağda ilk dəfə böyük itkini bu döyüşdə vermişdir. Qızğın və amansız döyüşlər Baş Güneypəyə və Orta Güneypəyə kəndlərində də getmişdir. 14 saat davam etmiş döyüşdə 30-a yaxın insanımız şəhid olur, bu kəndlərə isə heç bir kömək gəlmir. Ən acınacaqlı vəziyyət ondan ibarət idi ki, Şirin Mirzəyevin komandirliyi altında olan qüvvələr uzaqdan döyüşü izləyir, körpünü keçməmək əmri aldıqlarına görə köməyə gəlmirdilər. Əlbəttə əmrdən çıxmaq olmaz, göz önündə kəndlərimiz viran edilsə də, igidlərimiz, soydaşlarımız qətlə yetirilsə də… Ermənilər tərəfindən əlavə qüvvələrin döyüşə gəlməsi nəticəsində kəndlərimiz işğal edilir. Beləliklə, 1988-ci ildən başlayan məlum Dağlıq Qarabağ hadisələri nəticəsində artıq 1990-cı ildən mühasirə vəziyyətində qalan Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğalı 1992-ci il martın 12-də başa çatır, bununla da Ağdərə rayonu erməni qəsbkarları tərəfindən tamamilə işğal olunur.

Ağdərə əməliyyatı

Ağdərənin azad edilməsi. 1992-ci ilin iyun ayında Azərbaycan silahlı qüvvələri ilə erməni qəsbkarları arasında güclü toqquşma Ağdərə rayonunun Çərəkdar kəndi yaxınlığında baş verdi. Ağdərə rayonunun Sırxavənd, Baş Güeypəyə, Orta Güneypəyə, Kiçan, Bəşirlər, Manikli və Qaraşlar kəndləri qəsbkarlardan azad edildi [1, s.314]. 1992-ci il iyunun 12-də Azərbaycan silahlı qüvvələri polkovnik-leytenat Nəcməddin Sadıqovun (hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik) rəhbərliyi altında Ağdərədə irimiqyaslı hücum əməliyyatına başladı [2, s.485]. 1992-ci ili iyunun 18-də Talış, 20-də Aşağı və Yuxarı Çaylı, 22-də Marquşavan və Marağa, 25-də Levonarx, 28-də Həsənqaya, 29-da Madagis, iyulun 2-də Cerabert, Karmiravan, Mağavuz, Metşen, Dəmirli erməni qəsbkarlarında azad edilir [7, s.300]. 1992-ci il iyulun 4-9-da Azərbaycan hərbi hissələri Aterk, Çapar, Umudlu, Zəylik kəndlərini və Ağdərə şəhərini düşmədən azad edir [3, s.316]. ATƏT-in müraciətinə cavab olaraq Azərbaycan tərəfi 1992-ci il iyulun 9-da hücumu dayandırır. Bundan istifadə edən ermənilər Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağa əlavə canlı qüvvə və hərbi texnika göndərir. Bu qüvvə əsasən Ağdərə cəbhəsinə yeridilir.


1992-ci il iyulun 11-28-də erməni ekspedisiya korpusunun qəfil əks-hücumu nəticəsində Aterk, Çapar, Zəylik, Umudlu, Metşen, Mağavuz, Aşağı Oratağ, Akop Komari kəndləri yenidən erməni qəsbkarlarının əlinə keçir. Strateji əhəmiyyət daşıyan Sərsəng gölü düşmənin nəzarəti altına düşür [7, s.300; 3, s.317]. 1992-ci il iyulun 28-dən avqustun 9-na kimi Tərtər və Kəlbəcər briqadaları eyni vaxtda hücum əməliyyatı keçirmiş, ermənilərin qəfil əks-hücumu zamanı ələ keçirdikləri kəndləri yenidən azad etmişdir. 1992-ci il avqustun 10-da Kosapet və Dəmirli kəndləri də azad edilir, avqustun 13-də Tərtər və Kəlbəcər briqadaları nəzərdə tutlmuş yerdə – Sərsəng su bəndində birləşirlər [7, s.300]. Azərbaycan ordusu 1992-ci ilin avqustun 18-də Drımbon kəndi və hakim yüksəklikləri tutur, 20-də Canyataq və Gülyataq kəndləri, 22-də Manikli, Xatınbəyli, Orta Güneypəyə kəndlərini qəsbkarlardan təmizləyir. Sentyabrın 1-də Mehmana, Qazançı, Baş Güneypəyə, Koçaqot, Arutyunoqomer kəndləri ermənilərdən azad edilir. Sentyabrın 28-də gərgin döyüşlərdən sonra silahlı qüvvələrimiz Çıldıran kəndi və bir sıra hakim yüksəklikləri ələ keçirə bilirlər. Noyabrın 15-də ermənilər Çıldırana soxulurlar, ertəsi gün, noyabrın 16-da qüvvələrimiz Çıldıranı yenidən ala bilir. Noyabrın 19-da Sırxavənd kəndi azad edilir, lakin noyabrın 21-də Sırxavənd yenidən düşmən əlinə keçir. 1993-cü ilin yanvarın 15-də ordumuz iki istiqamətdən – Çıldıran və Sırxavənd istiqamətində genişmiqyaslı hücuma keçir, bu əməliyyat nəticəsində Çıldıran istiqamətində iki yüksəklik ələ keçirilsə də kəndləri azad etmək mükün olmur.

Ağdərə rayonunun ikinci dəfə işğal olunması

Dövlət çevrilişi etməyə hazırlaşmaq məqsədilə korpus komandiri Surət Hüseynov 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən qüvvələri və hərbi texnikanı çıxarıb Gəncəyə gətirdi. Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayı və kazaklardan ibarət silahlı dəstənin iştirakı ilə Ağdərə istiqamətində hücuma keçir [1, s.316; 2, s.486; 3, s.317]. Şərhə ehtiyac yoxdur, Rusiyanın hadisələrə nəzarəti və idarə etməsi aydındır. Nəticədə 1993-cü il fevralın 5-də ermənilər tərəfindən Rusiya silahlı qüvvələrinin iştirakı ilə Çıldıran, Koçaqot, Arutyunoqomer kəndləri yenidən işğal edilir. Erməni silahlı qüvvələri 1993-cü il 15 fevral – 8 mart tarixi ərzində Ağdərənin 17 kəndini yenidən işğal edir [1, s.316; 7, s.301]. Ağdərə şəhəri ətrafında döyüşlər gedir. Martın 27-də Çərəkdar kəndi erməni qəsbkarlarının əlinə keçir. 1993-cü ilin iyun ayının son günlərində ermənilər Ağdərənin Metşen və Mağavuz kəndləri istiqamətində hücum edərək xeyli irəliləyə bilmişdilər. Ağdərə rayonu ərazisində döyüşlər 1993-cü il iyul ayınadək davam etmişdir. İyulun əvvəllərində Ağdərə şəhəri, “Qlobus” yüksəkliyi, Metşen, Mağavuz, Talış kəndləri erməni qəsbkarları tərəfindən yenidən ələ keçirilmişdi. Bununla da Ağdərə ikinci dəfə ermənilər tərəfindən işğal edilir.

Ağdərə ərazisi işğal edildikdən sonra buradakı qədim tarixi adlar ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirilmişdir. Belə ki, İmarət-Qərvəndə Hakarakaberd, Umudluya Aknaberd, Seysulana Artsaven, Yarımcaya Hatsavan, Çaylıya Qeterat, Qazançıya Tiqranakert adları verilmişdir [3, s.319].


Nəticə

Beləliklə, Ermənistanın Rusiyanın açıq şəkildə dəstəyilə Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanın zəngin tarixi abidələri, zəngin maddi mədəniyyəti ilə, zəngin təbii sərvətləri və son dərəcə füsünkar gözəlliklərə malik təbiəti ilə seçilən Ağdərə rayonunun azərbaycanlıların yaşadığı 14 kənd – Umudlu, İmarət Qərvənd (Kərəmli), Çərəkdar, Narınclar, Sırxavənd, Xatınbəyli, Manikli, Bəşirlər, Qaralar, Qaraşlar, Baş Güneypəyə, Orta Güneypəyə, Tellibinə, Yeni Qaralar kəndləri işğal edilmiş, bu kəndlərin 14 mindən çox əhalisi öz ata-baba yurdlarından didərgin düşmüşdür. Hadisələrin xronoloji təhlili nəticəsində aydın olur ki, Dağlıq Qarabağın, o cümlədən də Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndlərinin erməni silahlı dəstələri tərəfindən işğalı Xocalı soyqırımından sonra gerçəkləşdirilmişdir. Başqa sözlə, Xocalının işğal edilməsi Dağlıq Qarabağın kəndlərinin bir birinin ardınca işğal edilməsini şərtləndirmiş və sürətləndirmişdi. Ağdərə rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı prosesini təhlil edərkən aşağıdakı nəticələrə gəlmək olar:

1. 1991-1992-ci illərdə Azərbaycanda mövcud hakimiyyətin – prezident Ayaz Mütəllimov iqtidarının Dağlıq Qarabağın, o cümlədən Ağdərə rayonunun mühasirədə qalan, Azərbaycanın digər rayonları ilə bilavasitə əlaqəsi olmayan azərbaycanlıların yaşadıqları kəndlərinə laqeyd münasibətinin olması;

2. Ağdərə rayonun azərbaycanlılar yaşayan kəndlərinin taleyin ixtiyarına buraxılması;

3. Mühasirədə qalan kəndlərin müdafiə qüvvələrinin və onların silah-sursat ehtiyatının Rusiya silahlı qüvvələri tərəfindən hərtərəfli silahlandırılmış erməni qüvvələri və onların silah-sursatı ilə müqayisə olunmaz dərəcədə az olması;

4. Mühasirədə qalan azərbaycanlıların yaşadıqları kəndlərin tamamilə təcrid şəraitində qalması və ərzaq ehtiyatının tükənməsi. Bütün bunlar Dağlıq Qarabağın ən böyük rayonu olan Ağdərə rayonunun işğal olunmasını şərtləndirmişdir.

Ağdərə rayonu erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Azərbaycan xalqın buradakı zəngin sərvətləri – qızıl, qurğuşun, mis, sink və s. faydalı qazıntı yataqları qəsbkarlar və onların işbirliyi yaratdığı Rusiya, İsveçrə, Kanada, Almaniya, Fransa iş adamları, şirkətləri tərəfindən amansızcasına talan edilməkdədir. Ağdərə bölgəsi tarixi abidələrin, Azərbaycan xalqının maddi mədəniyyətinin zənginliyi ilə də seçilir. Əcdadımızın bizə miras buraxdığı maddi mədəni irsimiz də qəsbkarlar tərəfindən dağıdılır, bir qismi də saxtalaşdırılaraq “erməni tarixi abidələri” kimi təqdim edilir.



İstifadə edilən ədəbiyyat siyahısı:

1. Azərbaycan tarixi (7 cilddə), VII cild, Bakı, “Elm” nəşriyyatı, 2008, 608 səh.+80 səh. İllüstrasiya.
2. XX əsr Azərbaycan tarixi. II cild, Bakı, “Təhsil” nəşriyyatı, 2009, 560 səh.
3. Məmmədov N.R. Azərbaycanın Ağdərə rayonunun tarixi. Bakı, “Avropa” nəşriyyatı, 2014, 502 səh.
4. Məmmədov N.R. Azərbaycan SSR Dağlıq Qarabağ bölgəsinin şəhər və rayonlarının tarixi (XX əsrin 20-90-cı illəri), Bakı, “Təhsil” nəşriyyatı, 2010, 210 səh.
5. Məmmədov N.R. Ağdərə rayonunun tarixinə dair. Bakı Dövlət Universitetinin Xəbərləri (Humanitar elmlər seriyası), Bakı, 2011, № 2, s.159-165.
6. Sultanov Z.K. Ağdərədən gələn var. Bakı, “İşıq” nəşriyyatı, 1993, 80 səh.
7. Sultanov Z.K. Qarabağ müharibəsi: faktlar… hadisələr… düşüncələr… Bakı, “Maarif” nəşriyyatı, 2003, 772 səh.
8. Rzaquliyev X.Ə., Quluzadə R.H. «Ağdərədə nələr oldu? Şəhidlər və şahidlər». Bakı, Azərbaycan Dövlət Kitab Palatası nəşriyyatı, 1995, 96 səh.

Bu xəbəri paylaşın: