Düşmənin növbəti blefimi, yoxsa uğursuzluğumu?!

Erməni general Movses Akopyan bu günlərdə bildirib ki, Ermənistan bu yaxınlarda Azərbaycana qarşı döyüş əməliyyatları zamanı “İsgəndər” raketlərindən istifadə edib, amma bu raketlərin hansı istiqamətdə atıldığını deməyib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan bu gün jurnalistlərə açıqlamasında bildirib.

“İstifadə olunub, lakin hansı istiqamətdə olduğunu deyə bilmərəm”,- deyə Akopyan brifinq zamanı “İsgəndər” raket sisteminin niyə istifadə edilməməsinə dair sualı cavablandırarkən bildirib. Rusiyanın yardımına gəlincə isə Akopyan Moskvanın edə biləcəyi hər şeyi etdiyini deyib.

O, Moskvanın Ermənistana İrəvanın arzuladığı hər şeyi verdiyini təsdiqləyib.Bu açıqlamanın arxasında bir gizli məqam durur. Bu məqam Rusiyanın bu müharibədə tərəf kimi iştirakını bir daha təsdiqləyir. Yetərincə faktlar olsa da bu məqam təkzibedilməzdir. Yəni Rusiya bu faktdan yaxasını kənara çəkməsi mümkün deyil. Həm Ermənistan, həm də Azərbaycan Baş Prokror səviyyəsində bu açıqlamanın yalan olduğunu bildirib. Azərbaycan Respublikasının Baş Prokroru Kamran Əliyev Turan agentliyinə eksklüziv müsahibəsində deyib: «Düşünürəm ki, bu, Akopyan tərəfindən hansısa daxili siyasi məqsədlərlə deyilən bir yalan idi. Eyni zamanda, ermənilərin ən az onun qədər dağıdıcı olan digər raketlərdən – “Skad”, “Toçka U”, habelə “Smerç” raketlərindən istifadə etməsi barədə bizdə dəqiq məlumatlar var. Bərdə şəhərinə qarşı yeddi dəfə kasetli bombalardan istifadə olunub.» İnandırıcı versiyadır.

Amma döyüşdə olanlar yaxşı bilirlər ki, düşmən tərəfi S-300 ZRK, “Skad”, “Toçka U”, habelə “Smerç” raketlərindən istifadə etmək potensialı çox aşağıdır. Hətta I Qarabağ savaşında da artileriya və Qrad qurğularını əsasən ruslar atırdılar. Bu savaşda Seyran Ohanyan öz açıqlamasında, Şanlı Ordumuzun ilk həmləsindən sonra, «Qrad» olsa belə onu atacaq erməni hərbi mütəxəssislərinin olmadığını etiraf etmişdi. Top və Qrad atmağı bacarmayan bir ordu raket atması bir az şübhəli görünür.


16 aprel 2019-cu ildə Ermənistanın «İsgəndər» raketləri ilə bağlı bir yazı yazmışdım və o yazını bir daha diqqətinizə çatdırıram. Düşünürəm ki, bu məqam çox maraqlıdır və Rusiyanın xislətini dərk etmək üçün yararlıdır.

Ordumuzun məhv etdiyi S-300 ZRK


Fedai.az («ERMƏNİLƏRİN «İSGƏNDƏR» BLEFİ«, 16.04.2019-cu il): «Bizim bəzi saytlar nadancasına «ermənilərin «İsgəndər» blefini» yeri gəldi-gəlmədi öz səhifələrinə daşıyırlar. Üstəlik, ötən gün Azərbaycanın raket kompleksləri barədə əldə etdiyimiz məlumatları sizlərin diqqətinə çatdırmışdıq və daha nadan bir zehniyyətlə rastlaşdıq. Guya «hiperpatriotlar» müxalif fikirli olduqlarını bildirmək üçün ağızlarına gələn hədyanları yazdılar. Amma hərbi «mətbəximizə» aid yazını oxumadan fikirlər yazdılar. Həm də, özlərini güya döyüşçü sayanların da bu sırada durmaları qəlb ağrıdıcı bir mənzərə idi.

Bəli Qarabağ maksimum bu yayadək azad edilməlidir! İstər raketlə olsun, istər canlarımızı sipər edək. Vətən torpağının taleyi ilə bu gizli danışıqlara son qoyulmalıdır. Düşmən bir qarış verməyəıcəyini bəyan edərək əlavə ərazilərdə gözü olmasını bəyan edib. Bizimkilər isə «ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyimizi» bəyan edirik. Bəs onda, görəsən bu Xarici İşlər nazirləri hansı dildə və nə barədə danışırlar? Bəlkə sözü Tanoyanla Həsənova verək? Qoyun bir az da onlar danışsınlar….

Mətləbə keçək. «İsgəndər» erməni blefinin məqsədi xalq arasında xof yaratmağa xidmət edir. Erməniləri anladıq. Onlar düşmən olduqları üçün öz işlərini görürlər. Bəs bizim bu «sahibsiz» saytlar kimlərə xidmət edirlər?

Məlumat üçün bildirim ki, araşdırsanız görərsiniz, «İsgəndər» kompleksi erməniyə satılmayıb. Onun tam sahibi və nəzarətçisi Rusiyadır. Əslində bu gün qonşu ölkədə yaşayan milyon yarımlıq hay tör-töküntüsü Rusiyanın pul ilə aldığı bir «mənzildə kirayənişin» kimi yaşamaqdadırlar.


Sərhədlərin mühafizəsi bir başa Rusiyaya aid məsələdir. Tək bu məsələ kifayətdir ki,sərhəddən keçən hər bir mərmi üçün Rusiyanı günahlandıra bilərik. «İsgəndər» kompleksinin hərbi cəhətdən satışını Rusiya nəzarətdə saxlayır.

Ermənistandakı raket sistemi satılmış olsa belə 3-cü pusk (buraxılış) düyməsi Putindən birbaşa asılıdır. Ermənilər hətta 2 pusk (buraxılış) düyməsinə sahib olsalar belə 3-cü düymə basılmadan haranı isə vurmaq mümkün deyil. Yəni erməni blefini bizlərə «xox» kimi yaymaqdansa Rusiyanın bu məsələyə münasibətini və erməni şantajına münasibətlərini öyrənməyə çalışmalıyıq.


Bu faktı isə təcavüz çağrışı kimi dünyanın diqqətinə çatdırmalıyıq…»

Azərbaycan Respublikasının Baş Prokroru Kamran Əliyev adı çəkilən müsahibədə mənim dediyim pulta sahibliyi bir daha qeyd edib: «Bu raketlər köhnə istehsaldır və çoxdan Ermənistana verilib. “İsgəndər” raketləri yeni nəsil raketlərdir. Ermənistanda bu raketlər var, amma onların Ermənistan tərəfin operativ idarəetməsində olduğunu düşünmürəm. Bu, çox ciddi silahdır və hesab edirəm ki, bu raketlərin “idarəetmə pultu” Rusiya tərəfin əlindədir».

P.S. Bu dəfə də blefmi, yoxsa uğursuzluqdurmu, bunu hər 3 tərəf yaxşı bilir. Zamanında açılacaq.

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: