Ermənilər Moskvada Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar

Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribata hazırlaşırlar.

«EDNews» APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatı planlaşdırılır.

Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib.

Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz «müstəqilliyi» və «azadlığı» uğrunda mübarizə aparmasından bəhs edilir.

Qeyd edək ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb./EDNews/

Bu xəbəri paylaşın: