Son günlər bir çox şöbələrdən eyni məlumatlar daxil omaqdadır. Güya AVMVİB kimlərisə bölgələrə göndərib Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi adlı bir qurumla birləşmək, onlarla birgə olmaq tapşırıqları və s. barədə məlumatlar almışıq. Hətta bəzi şöbə sədrlərimiz öz işlərini buraxıb bu işlə məşğul olmaları da gələn xəbərlər arasındadır. Bəri başdan AVMVİB İdarə Heyəti adından bildiririk ki, biz daim hər bir müharibə əlilinin, veteran və şəhid ailəsinin yanındayıq. Amma bu işlər təşkilatın Nizamnaməsi çərçivəsində həyata keçirilir və bizim belə bir qurumla heç bir əlaqəmiz yoxdur. Belə bir qurum kömək üçün AVMVİB-yə müraciət etməyib və Rəhbərliyin xəbəri olmadan özfəaliyyətlə məşğul olanlar cəzalandırılacaqlar.
Məslə ilə bağlı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik. Bizimlə söhbətdə bildirdi ki, kimlərsə bizim rayon şöbələrinə gedir və zənglər edirlər. Bunun adı yaramazlıqdı. Belələrinin müharibədə və döyüşdə olması belə bizlərdə şübhə doğurur. Bu adamlara o səlahiyyəti kim verib ki, bizim təşkilatın adından danışırlar. Çox güman ki, faktlarla bağlı Ədliyyə nazirliyinə və prokrorluğa müraciət etməli olacağıq. Bu artıq dələduzluqdur. Təşkilati işlərə məsul bir şəxs olaraq bildirirəm ki, rayon şöbələrinin sədrləri bu cür hallara qarşı ayıq olmaq əvəzinə, onların bu cür dələduzluğuna alət olublar.
Yeni bir ictimai qurumun yaranmasını alqışlayırıq, amma fəaliyyətlərini qurmaq üçün AVMVİB rəhbərliyi adından istifadə edilməsi sadəcə dələduzluqdur. Bu məsələ diqqətimizdədir və araşdırırıq. Zəng edilmiş rayon şöbələrinin sədrlərindən bu barədə yazılı məlumatlar verilməsi tələb olunur. 67 min üzvü olan bir təşkilata qarşı belə bir təxribata yol verə bilmərik.
Ona görə də şöbə sədrləri bu cür müraciətlərdə diqqətli olmalı və AVMVİB Rəhbərliyini məlumatlandırmalıdırlar. Yalnız bundan sonra kim kimə istəsə gedib «qayğı» göstərə bilər…
Xatırladırıq ki, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Fürudin Məmmədovla telefon əlaqəsi saxladıq və o da bildirdi ki, biz Dövlət qeydiyyatına alındıqdan sonra yerli şöbələrin yaradılmasına start vermişik. Biz öz fəaliyyətimizdə bu qəbildən olan ictimai qurumlarla kordinasiya olunmasında maraqlıyıq. Lakin kimsəyə AVMVİB adından çıxış etmək tapşırığı verməmişik. Olubsa da bu kiminsə fəaliyyəti düz anlamaması səbəbindən ola bilər.
Elnur Səlim
