Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən söyləyib.
1990-cı illərin əvvəlində Azərbaycanın da oxşar vəziyyətlə üzləşdiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Əfqanıstan hökumətinin səyləri artıq bəhrəsini verir. Azərbaycan dost ölkənin modernləşdirmə proqramında iştirak etməkdən hər zaman məmnunuq duyur.
«Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”, -deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürünü bildirərək deyib: «Biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik”.
******
“Əfqanıstanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır”.
Bunu Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Amanullah Ceyhun dekabrın 17-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
“Zati-aliləri cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim üçün şərəfdir. Əminik ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir. Zati-aliniz regional bağlılıqla bağlı Prezident Əşrəf Qaninin baxışına dəstək verib. Azərbaycana gəlişim ərəfəsində Prezident mənə təlimat vermişdir ki, onun salamlarını Sizə çatdırım, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə əldə etdiyi uğurlar münasibətilə Sizi təbrik etməyimi tapşırıb. Zati-aliləri, Siz də qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanıstan münasibətləri uzun tarixə malikdir”, — diplomat bildirib.
