Saytlarımızın böyük əksəriyyəti belə bir xəbər yayınlayıb: «TƏCİLİ XƏBƏR — Spitakaşen Azərbaycanın nəzarətinə keçdi — Ermənilər ŞOKDA
Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi (güya erməni kəndi olub-müəl.) birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir. Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir. Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.»

Deyək ki, «Sputnik» Simonyan Marqaritaya məxsusdu və o Krasnodar Erməni Rüspublikasının (yəni keçmiş RF-müəl.) təbliğatçısı kimi öz işini görür. Bəs bizimkilərə nə düşüb ki, Zəngilan rayonunun 27 il öncə işğal edilmiş Ağkəndini Qafana aid edirlər? Simonyan bunlarındamı «redaktorudur?» Niyə özümüzə aid olan bir kəndi erməni kəndi kimi, hətta azərbaycanca deyil, Spitakaşen adıyla təqdim edirsiniz? Siz kimə xidmət etdiyinizin fərqindəsinizmi? Ən cüzi yanlışımızı belə diqqətdən kənarda qoymayan mənfur düşməni buncamı sevirsiniz? Simonyan ruporunun informasiyaları mütləq süzgəcdən keçirilməlidir.
Mövzuya qayıdacağıq…
Elnur Səlim
