
ELBARİZ Məmmədli
RUHUNU KÖKLƏSİN MİLLƏT, AYAQDA
Niyə boş buraxdıq, bu meydanları?
A MİLLƏT, davalar bitməyibdi ki.
Hələ Qarabağın başının üstə,
Dolanan buludlar ötməyibdi ki.
Əlinin dalını yerə qoysa da,
Yağılar yenə də susmaq istəmir.
İçinə o qədər şər yığılıb ki,
Sonuncu qələti qusmaq istəmir.
Kəsilən hər şərtdə kişi sözü var,
O da dığalarda olmayıb, axı.
Dünyaya o qədər murdar gəlib ki,
Əxlaqdan dərsini almayıb, axı.
Biz də meydanlardan geri durmuşuq,
Əlli, yüz yanan can yetərli deyil,
Bu qədər şər ilə savaşmaq üçün,
Əsgərlə Komandan yetərli deyil.
Bir parad keçirdik, başa daş oldu,
Qara qarğa kimi qarıldaşdılar.
Çox dini ayrılar, köçü ayrılar,
Hiylədə, məkrdə qarındaşdılar.
Qarlı havaların ağzı açılıb,
Namərdlər çəkilib, gizli yuvaya,
Gərək, gözümüzə yuxu getməsin,
Orda qarışıbsa dava, davaya.
Bəsdir, zaman-zaman ölüb dirildik,
Yetər, bu torpağa qanımız axdı,
Bu şərin sonuna çıxmamağımız,
İndi anlayırıq, ayrı günahdı.
Yenə niyyətini atıb ortaya,
Yenə nə hiyləsə qurub, Moskva.
Heç vaxt ədaləti tanımayıb, yox,
Şərin tərəfində durub, Moskva.
Bilirik, mayası nədir, bu dərdin,
Başlara daş olan, TÜRKÜN daşıdı,
Yolu cəhənnəmə tuş olanların,
Bu, bəlkə bizimlə son savaşıdı.
Milyonlar səsini ucaltsın, gərək,
Ruhunu kökləsin millət, ayaqda.
İçimiz atlansın, «Cəngi» səsinə,
Yolumuz ümidə açılan vaxtda.

MİLLƏT, VƏTƏN AMANATI
Burda nəsə bir oyun var,
Üstündə neçə düyün var,
Görəcəyin neçə «gün» var,
Millət, Vətən amanatı.
Yenə nə torbadı, tikir?
Səni ora- bura çəkir,
Sarı təzə dava əkir,
Millət, Vətən amanatı.
Qar düşüb, çox izi örtüb,
«Sürü»lər dəhlizi örtüb,
Aldadırlar bizi, örtüb,
Millət, Vətən amanatı.
Canından neçə can gedib,
Nədən ötrü qurban gedib?
Uğrunda axıb, qan gedib,
Millət, Vətən amanatı.
Qoynunda neçə ilan var,
Özgə havanı çalan var,
Hələ dünyada yalan var,
Millət, Vətən amanatı.
Qarabağ qara baxtdımı?
Gör, kimlər alıb taxtımı,
İgidlərin oyaqdımı?
Millət, Vətən amanatı.
Yenə əl-ələ veriblər,
Nəsə, oyuna giriblər,
Qov, dağılsın bu, həriflər,
Millət, Vətən amanatı.
Yatağına ayıq baş qoy,
Başının altına daş qoy,
Hər gün yoluna savaş qoy,
Millət, Vətən amanatı.
İgidi, mərdi sənindi,
Hər ağır şərti sənindi,
Onsuz da dərdi sənindi,
Millət , Vətən amanatı.

KÖKLƏN
Daha deyinməyin mənası yoxdu,
Növbəti davaya — dalaşa köklən.
Üstünə gəlirlər, şimaldan, qərbdən,
A Komandan köklən, a Paşa köklən.
Kəramət gözləmə, sarı donuzdan,
Umma hərarəti duyğusu buzdan,
Dönüş başlayacaq yurdlara, yazdan,
O torpağa köklən, o daşa köklən.
Gördün ki, kim oldu, yanında duran,
Yağı niyyətlərin ağzından vuran,
PUA-sı hayların belini qıran,
O doğmaya köklən, qardaşa köklən.
Qapını qış alıb, dağları qar, buz,
Həsrət yanaqları duz yalayır, duz,
Üzü sabahlara nə dayan, nə sus,
Səhər də, axşam da savaşa köklən.
Gözləmə sabahı, dayan ayaqda,
Hələ şər- şəbədə oturub taxtda,
Dünyanın havası bulanan vaxtda,
Yəhərlə atını birbaşa, köklən.
Fateh babalardan dad eləyirlər,
Namərdlər gör, necə «yad eləyir» lər,
Qəsdən başımıza od ələyirlər
Güvəv o müqəddəs yaddaşa, köklən.,
Hələ çox işi var, ər oğulların,
Sevgini yoluna sər oğulların,
Toplansın meydana nər oğulların,
Verib dağlar kimi baş-başa , köklən.
Bilirsən, adamı nədi yandıran?
Artıb qucağında su bulandıran,
Sən ruhu əlçatmaz göyü andıran,
O zəfərə köklən, o BAŞa köklən.

BAĞIŞLA
Nə vaxtdı adına şeir yazmıram,
Kəsmişdi yolumu Vətən, bağışla.
Hər gün hisslərimə hakim kəsilən,
Hər gecə yuxumu kəsən, bağışla.
Duyğum savaşlara daşıdı məni,
Yüz illik bir dərdin yaşıdı, məni,
İçimdə ürəyim üşüdü, mənim,
Nə yadlar görmədi, nə sən, bağışla.
Günlər yaşadım ki, ürək dağlayan,
A, eşqi sinəmdə söz-söz ağlayan,
Həsrəti canımda yara bağlayan,
Həsrəti canıma əsən, bağışla.
Xərclədik gör necə- ömür deyəni,
İllər əlimizdən aldı yüyəni,
Çıxmasam yoluna, görməsəm səni,
A məndən əbədi «küsən», bağışla.

BU PAYIZ DA BELƏ TARİXƏ DÜŞDÜ
Duymadıq, gəlişi, gedişi noldu,
Günləri saralan yarpaq tək uçdu.
Bir üzündə sevinc, bir üzündə qəm,
Bu payız da belə tarixə düşdü.
Bilmədik, dağlarda necə çəkdilər,
Yaralı çiçəklər can ağrısını.
Duyan olmamışdı bəlkə də ,hələ ,
Coşan damarların qan ağrısını.
Göylər böyümüşdü, başının üstə,
Torpaq bürünmüşdü bayraq rənginə.
Zəfər müjdələri çevrilmişdilər,
Payız göylərinin çərpələnginə.
Necə gəlmişdilər, elə getdilər,
Köçən durnaları görən oldumu?
Köçəri quşların son qatarına,
Namədən, filandan verən oldumu?
Dağların sükutu çıxmışdı əldən,
İtmişdi yuxusu, meşələrin də,
Adamlar bayraq tək dik gəzirdilər,
Qaynayan metropol köşələrində.
Davası gedirdi xeyirlə şərin,
Payızın bir üzü qəm kölgəliydı.
Şəhidlər sıraya düzülmüşdülər,
İlahi, torpağın gəlhagəliydi.
Gəldi, aralığa soxuldu, yenə,
Düşmənin şər üzlü dayağı gəldi.
Bu millət bilmirəm, kimə neynəyib?
Yenə qarşısına göz dağı gəldi.
Yağış vaxt tanıdı, qar vaxt tanıdı,
Göylər qarışdırıb, yolu kəsmədi.
Dəli tək saçını yolan təbiət,
Günlər tələssə də heç, tələsmədi.
Bir üzü kədərli, bir üzü gülər,
Yollardan yükünü yığıb, ötüşdü.
Bir addım özünə qayıtdı, Vətən,
Bu payız da belə tarixə düşdü.

