QƏBRSTANLIQDA DİALOQ…

ALLAHVERDİ Gündoğan

Şəhid atası, yazıçı, jurnalistAVMVİB-nin fəxri üzvü

*****

Bir bülbüləm, gül üstündə ötərəm,
Ağlama, ey dostum, səndən betərəm.
Əgər içinizdə bir dərdli yoxsa,
Mən dərdliyəm, hamınıza yetərəm…
(Folklorumuzdan, bir məzar daşından)

Bir neçə gün əvvəl 27 ildən bəri sərsəri röyalarımızın yol yoldaşına çevrilmiş, sinədağımız, bala Vətənim — Ağdərə rayonunun Çərəkdar kəndinə «getmişdim»!

Qeyd: Məşhur Kolanı tayfalarının məskunlaşdığı Çərəkdar keçmiş Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 56 kəndindən ən sonda işğala məruz qalan kəndi idi. Niyə sonda dedim? 1993-cü ilin mart ayının 28-dək azərbaycanlılar yaşayan 55 kənd artıq işğalda idi. Çərəkdarın da bu çağa qədər salamat qalmasının səbəbləri, rayon mərkəzindən 65 km və ən yaxın erməni kəndi ilə 13 km məsafədə yerləşməsi, strateji cəhəti və Kəlbəcərlə sərhəd kəndi olması idi. Strateji cəhətinə görə Çərəkdarı eyni zamanda Kəlbəcərin giriş qapısı — dəmir darvazası da hesab etmək olardı.

İllərdən bəri can məlhəmi suyuna həsrət qaldığımız Tərtər çayı Tanrının bizə lütfü olan, qənirsiz gözəl Çərəkdarı tən bölüb,keçirdi. Kəndimiz çayın hər iki sahilində məskunlaşmışdı. Nə isə, keçək əsas mətləbə: «Mən Yunis müəllimlə (nəsillikcə biz hamımız ona əmi deyə müraciət edərdik) kəndimizin qulağının dibində olan, Tərtərin sağ sahilində məskunlaşmış, əzizlərimizin uyuduğu Küp talası deyilən yerdəki məzarlıqda «görüşdüm».

Kim idi, Yunis müəllim?

O, nəinki kəndimizdə, ətraf rayonlarda və bütövlükdə Qarabağ Elatında sayılıb — seçilən bir ağsaqqal idi. Əslində, ona seçilirdi demək düz gəlməzdi, o, birinci idi. Niyə birinci? Kəndimiz kifayət qədər sayılıb- seçilən Ağsaqqallara malik olsa da, 67 yaşlı Yunis müəllim Çərəkdarımızın ilk Şəhidlik zirvəsini fəth edən əsgəri oldu. Məclislərin bəzəyi olan, heç bir xeyir-şərdən qalmayan, dil-ədəbiyyat bilicisi olan Yunis müəllim Vətənimizin başı üzərini qara buludlar alanda ,kəndin cavanlarını başına yığıb, gecə-gündüz onun keşiyini çəkərdi. Cəsarət və qorxmazlığına və eyni zamanda erməni murdarlarına hədsiz nifrətinə görə, xain ermənilər rus faşistlərinin yardımı ilə Yunis müəllimi həbs edib hazırda öz özgürlüyünə qovuşmuş Şuşa türməsinə aparmışdılar. Bir müddət orada sorğu-sual edildikdən sonra sərbəst buraxılmışdı. Yuxusuz gecələr keçirən, gecəsi-gündüzü olmayan Yunis müəllim, 1992-ci ilin iyun ayının 10- da mənfur düşmənin güclü hücumu nəticəsində canımız Çərəkdarın ilk Şəhidinə çevrildi. Kəlbəcər ellərində böyük nüfuz sahibi olan Yunis müəllimi Kəlbəcər döyüşçülərinin təşəbbüsü və təkidi ilə Kəlbəcərin Şəhidlər Xiyabanında dəfn etdilər. Lakin kənd camaatının ciddi narazılığına səbəb olan bu addımdan çox keçməmiş , Uca Şəhidimizi gətirib öz doğma kəndimizdə, əzizlərimizin yanında dəfn etdik.

…Havalar çox isti keçirdi. Yunis müəllim ağ, uzunqol köynək geyinmişdi, bütün düymələrini də bağlamışdı:

— Yunis əmi, sizə isti deyilmi?

-İstidən kimsəyə bir şey olmayıb!

-Bəs necə oldu, buraya gəlib çıxdınız?

-Oradan ( Kəlbəcərdən) məni buraxmırdılar…

-Ermənilər?

-Yox, Şəhidlər!

-Nə deyirdilər ki?

-Deyirdilər, Yunis müəllim, sən getmə, getsən ermənilər bizi kürüyüb, xəndəklərə köməcəklər…

Mənim də gözlərim yollarda qalmışdı, özümünkülərdən (Çərəkdarlılardan) çox nigaran idim, hər gün Şahmar (mənim dayım) yuxuma girirdi…

Birdən Kəlbəcərin aşağısından qəhrəman əsgərlərimizi gətirən Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş maşın karvanını görəndə, az qaldı ürəyim partlasın. Sevincərək qaçdım həmkarlarımın yanına , dedim ki, artıq Ordumuz gəldi , mən indi arxayın gedirəm Çərəkdara, oradakıları yiyəsiz qoya bilmərəm…

-Yaxşı, bəs indi burada nə edirsiniz?

-Bütün qəbir daşlarını sındırıblar, bircə Şahmarın qəbri qalıb, onun da baş daşını kolla örtüblər. ÖZ QƏBRİMİ NEÇƏ GÜNDÜ AXTARSAM DA,TAPA BİLMİRƏM. Kənddə bütün evləri yandırıblar, yalnız Qəndidə (Kəndin Tərtərin sağ sahili hissəsində ən yuxarı tərəfə deyərdik) bir neçə salamat ev qalıb. Buna baxmayaraq, mən çalışıram ki, camaatımız geri dönənə kimi bütün evləri tikdirib, başa çatdıram.

-Bəs sən bunu təkbaşına necə edəcəksən? -Yox,tək deyiləm, sağ olsun Dövlətimizi , hər cür köməklik edib, sadəcə mən işlərə rəhbərlik edəcəm. Birdən gözüm sataşır yaxınlıqda Azad müəllimin evinə. (Azad müəllim kənddə məktəb direktoru və sonradan kəndin İcra nümayəndəsi işləmişdi). Arxası qəbrstana tərəf olan evin ağzını indi qəbrirstana tərəf çeviriblər,qabağına da çoxlu xaç şəkili həkk ediblər.

-Yunus əmi,bu şərəfsizlər evi nə günə salıblar?

-Demə, demə, alçaqlar evi kilsəyə çevribmişlər!

-Yaxşı, kənddə 7-ci əsrə aid kilsə olduğu halda, buna nə ehtiyac vardı ki?

— Hə, onlar özləri də yaxşı bilirlər ki, Həsən Cəlalın oğlanları tərəfindən inşa edilmiş bu kilsə məhz albanlara aiddir.

-Bəs bu murdarlar öz leşlərini harada dəfn ediblər?

-Əriklərin yanında!

-Ay sizi lənətə gələsiniz, gör nə gözəl yeri seçiblər ey!

— Biz gedəndən sonra kənddə təxminən 60-a yaxın erməni ailəsi yaşayıb. Burada gəbərənlərinin də sayı çox deyildi, yerlərini saymışam, cəmi 16 qəbir. Kəndi tərk edərkən, hamısını çıxarıb, aparıblar.

Birdən Yunis müəllim, əlini gözünün üstünə qoyub, Uzun Talanın daşının altına tərf baxır. (Tərtərin sol sahili, Ağdərə- Kəlbəcər şosse yolu). Asfaltla çapan bir atlı yerlə-göylə əlləşir.

-Yəqin ki, bu, Şahmar dayımdı?

-Yox, Şahmar bu yaşında elə at sürə bilməz!

-Onda Əsəd dayıdı?

— Yox,o da deyil, bu Zahidə oxşayır, Zeynal dayımın oğlu Zahidə.

-Ay Yunis əmi, axı Zahid 55-60 ildi kənddən uzaqda yaşayır, hardan bilər belə at sürməyi? Atlı Heyvalının yuxarı düzündə Zakirin evinin yanına çatanda ,yerində oynayan atın nal səslərindən ayıldım!

P.S. Röyamın yarımçıq qalmasına təəssüfləndim! Uca Şəhidlərimizin,o cümlədən Çərəkdar Şəhidlərinin qarşısında ehtiramla baş əyirəm!

Bu xəbəri paylaşın: