
Elbariz Məmmədli
Şair, publisist
Millətin başı ad günü keçirən direktorla Mətanətə elə qarışıb ki, real dərdlərimiz yenə ortada qalıb. Belə təpkilərlə o adamları milli ağrılara uzlaşdırmaq olmaz, bunu hamımız bilməliyik.
Bir neçə il bundan əvvəl Xocalı soyqırımı günündə İsraildə konsert verən və bu millətin göz yaşına tüpürən «sənətçi»ləri xatırlayırsınızmı?
Nə oldu?
Yenə həmin adamlar toyların bəzəyinə, ekranların «dəyər» inə çevrildilər. Bu günün problemi bir az fərqlidir və belə cılız hərəkətlərin qınanması heç nəyi dəyişdirməyəcək. Çünki düşmənlərimiz ayaqdadır və hamılıqla buna köklənməliyik. Rusiyada Lavrov- Kələntəryandan sonra Federasiya Şurasının sədri Valentina Matviyenko da dilə gəlib, Qarabağın gələcək statusundan danışmaq və haylara ümid vermək cəsarətini ortaya atır. Zahid oruclar, qüdrətlər, rasimlər rusların gəlişinə rəğbətini dolayı yolla cəmiyyətə sırıyırlar.
Bilmirəm nə və neçənci kolon olan rus və fars , eləcə də Avropa nökərləri fəaliyyətlərində aktiv fazaya keçib xalqı bölünməyə sürükləyirlər. Başqa bir tərəfdən erməni kilsəsi 2021 -ci ili «Artsax ili» elan edir. İndi görürsünüzmü, nə böyükdə bir problemlə üz-üzəyik?
Nə 10 noyabrda imzalanmış atəşkəs sənədində, nə də başqa siyasi müzakirələrdə Qarabağın statusu müzakirə mövzusu olmayıb. Azərbaycan dövlətinin başçısı həm yerli, həm də xarici informasiya vasitələrinə müsahibələrində bu haqda qəti fikrini deyib ki, Qarabağın heç bir statusundan söhbət belə gedə bilməz. Bəs, indi bu söhbətlərin qabarmasına səbəb nədir?
Şəxsən mənim düşüncəmə görə, ruslar bu variantı Türkiyə qoşunlarının Azərbaycanda varlığını əngəlləmək üçün təsir vasitəsi kimi ortaya atıblar. İkincisi, rusların bütün canfəşanlıqlarına baxmayaraq, Xankəndi və ətraflarında istədikləri hələ alınmır. Üçüncüsü, Rusiya Cənubi Qafqaza erməniləri qorumaq üçün deyil, öz işğalçı və qanlı siyasətini dayanıqlı etmək üçün gəlib. Onlar heç vaxt sülhməramlı olmadıqlarını bizdən yaxşı bilirlər. Və …
Belə bir həssas məqamda Azərbaycan parlamenti ağzına su alıb, susmağa üstünlük verir. Danışanların da nitqindən rus alkaşına sevginin qoxusu gəlir. Cəllad Primakova ad və anım günü keçirənlər, susmağı qızıl hesab edib, daldada dolanırlar. Nə vaxta qədər?
Yaxşı, ermənilər status məsələsində israr edirlər, bunu başa düşdük. Bizim Allahşükürdən xeyli savaşcıl olan kilsə rəhbərini də anladıq. Elə isə, bu şər maşınlarının qarşısına Zəngəzur və Göycənin məsələsi niyə qoyulmur? Haylar say etibarı ilə Ermənistandan köçürülən soydaşlarımızdan xeyli az olduqları halda, bizə status dərsi keçirlər. Artıq belə sayıqlamalara sərt reaksiya verməyin vaxtıdır. Yoxsa, Rusiya Azərbaycan dövlətinin qəbul etdiyi qərarları görməzdən gələrək, Qarabağa təzə xəritə çəkmək fikrindədir.
Bunun qarşısının alınması yalnız xalqın birliyindən, qardaş Türkiyənin Azərbaycanda bizim istədiyimiz hərbi varlığından keçir. Rədd olsun imperialızm!
VƏ ŞAİRDƏN BİR YARPAQ ŞEİR…

*****
Üşüyən əsgər çəkmələri,
astarsız əsgər pencəkləri,
sırsıradan ulduzlanan
dəbilqələr,
soyuğu canına çəkən
gülləkeçirməz gödəkçələr,
qulağı göynəyən papaqlar,
hələ ki, atəşkəs havasına təslim olmuş daraqlar,
tətiyini Laçının donu vurmuş silahlar,
birdən yuxu tutar, sizi.
Baxın, yolun o üzündə
mətbəx böcəyi kimi hərəkətli
sarı-sarı şeytanlar dolaşır,
bəd əməli dünyaya kabus olan
ilanlar dolaşır, çəkinməsə, udar sizi.
Hər gün geri dönürlər,
yağmalanmış yurdlarda canınızı isidəcək
son ocağı dağıdanlar,
hər dönüş bir qan izi….
Və sizdən o yanda,
sizin olan yurdlarda yenə səngər qazır
şeytanın qoruduğu canlılar.
Birdən yuxu tutar sizi,
ciblərinizə dürtüb əllərinizi
çox da arxayın gəzməyin
qolu qoparılmış Laçın dağlarında,
ətəyi kəsilmiş Hadrut meşələrində…
Gizlənib yalançı əndişələrində
namərdlər, yenə qara dərdlər əkirlər,
yarası qaysaq bağlamamış torpağa.
Sizi gəzdirən o ürəyi qoruyun,
o biləyi qoruyun,
yağıya çevrilməyən o kürəyi qoruyun,
bahar gəlincəyə qədər…
