TƏBRİK: Mübarizələrdə keçən ömür — Füzuli Rzaquliyev — 60

Bu yazını qardaş kimi deyil, bir döyüşçünün digər döyüşçü haqqında fikirləri kimi qəbul etmənizi rica edirəm.

Mən Antəpliyəm, Şahinəm,ağam,

Mauzer omuzumda yük.
Mən yumruqlarımla döyüşəcəyəm,
Yumruğum məmləkət qədər böyük…

Şahini sorarsan otuz yaşında,
Süngüylə dəlindi köprü başında.
Çetelər toplanmış ağlar başında,
Oyan Şahin, oyan, gör nələr oldu?
Sevgili Antəpə Fransız doldu.
(Yavuz Bülent Bakiler)

Ləqəbi Koroğlu olan, döyüşçü Füzuli Rzaquliyevi düşünəndə, yadıma Türk qəhrəmanı antəpli Şahin ağa düşdü. İnadcıl, düşmənə nifrət və Vətənə sonsuz məhəbbət… Yaralananadək girdiyi döyüşlərin Daşaltı istisna olmaqla, hər birində düşməndən yeni mövqelər alınmış və düşmənə ağır zərbələr vurulmuşdur. Erməni satqınlığı və xəyanətkarlığına dərindən nifrət edər. Daim «cansa can, qansa qan», bu iyrənc məxluqların işğalına son qoymalıyıq deyə hər kəsi savaşa səslədi. Hətta bəzən müharibəyə çağırış etməsinə ağız büzən patsefistlər, yaxud da məlum kolonun tör-töküntüləri narahat olardılar. Son günədək haqlı olaraq düşmənin yaxşısı «ölü düşməndir» və onların anlayacağı dil isə mərmilərin danışdığı dil olmasını dedi. Haqlı olduğunu zaman göstərdi. O, Vətən savaşına 30 yaşında qoşulmuşdu.

Antəpli Şahin ağa da 30 yaşında, öncə ingilislərə, sonra da Güneydoğu Anadolu Bölgəsini ermənilərin iştirakıyla işğal edən fransızlara qarşı savaşa qoşuldu. Erməni xalqı coşquyla təxribatlar törətmiş, könüllü olaraq Fransız işgal qüvvətlərinə qatılıb Antəpə girmişdilər. Törədilmiş vəhşətlərə qarşı qəhrəmanlıq dastanı yazan Şahin ağa düşmənlərə deyirdi: «Kirli ayaqlarınızı basdığınız bu torpaqların hər qarışına bir damla şəhid qanı qarışıb. Hər bucağında atalarımızın məzarı vardır. Ta qədimlərdən türklər bu torpaqlarda yaşarlar. Sadəcə siz deyil, bütün dünya üstümüzə gəlsə belə, bizi bu torpaqlardan ayıra bilməz. Namus və hürrüyət uğrunda ölmək, bizə avqustun qızmarında soyuq su içmək kimi dadlı gələr». Düşmənə qan ağladan Antəpli Şahin ağa, 24 mart 1920-ci ildə düşmənlə əılbəyaxa döyüşdə süngü ilə vurulub şəhid edilir.

Füzuli Rzaquliyev Əfsanəvi Birinci (Şıxov, h/h 18110) batalyonun yaradılmasında iştirak etmiş az saylı zabitlərimizdən olub. 30 yaşında 3 körpə övladını qoyub «öncə Vətən» deyənlərdəndi. Söz Vətən olunca, «qoy zaman bizi gözləsin, biz zamanı gözləsək gecikərik» deyənlərdəndi. Meydanlarda «stres atanlardan» fərqli olaraq, gələn bəlaya sipər olmaq istəyənlərin sıra nəfəri oldu. Heç nə ummadan qatıldığı ən ağır döyüşlərdən üzüağ çıxdı. Sarısu, Buzluq, Manaşid, Daşaltı, Şuşa, Kəlbəcər, Ağdərə, Laçının 40 kəndinin azad edilməsi və s. kimi bir döyüş yolu keçdi. Kapitan kimi daxil olduğu Ordudan yaralanaraq elə həmin rütbəylə ayrıldı. Bu diqqətsizliyi deyəndə isə, «mən döyüşə, nə ad, nə də rütbə üçün getməmişdim». Düşmənə qarşı gücü yetdiyindən də artıq mübarizə etməyi bacardı. Özü də «Vətən uğrunda döyüşə hərbi geyimi və hətta patronu öz puluyla alıb getmişdi». Bu günədək qəlbi Ordumuzla və Vətənimizlə çırpınmaqdadır. Müharibədən əlil kimi geri qayıtsa da öz döyüş dostlarının yanında oldu. Atəşkəsdən sonra köhnə döyüş yoldaşları ilə cəbhədən dönməkdə olan döyüşçüləri birləşdirən bir ictimai təşkilat qurdular. Tək məqsəd bəzi şəxsi ambisiyalı adamların dönmüş döyüşçülərdən öz məqsədləri, ambisiyaları üçün istifadə etmələrinin qarşısını almağa və veteranların normal həyata adaptasiya olunmasının təşkili idi. Adətən bunu hökumət etməliydi. Amma hakimiyyətin bəzi məlum kolonlara işləyən məmurları kömək etmək əvəzinə, mane olmağa çalışırdılar. Cəbhədən sonra da ömrü bu mübarizələr içində, veteran hüquqlarının müdafiəsində keçdi.

Müharibənin dəyişməz və maraqlı bir qanunu var. Qələbəni hər kəs özününküləşdirdiyi halda, məğlubiyyət bir mənalı olaraq komandanın üzərinə yazılır. Bizdə isə bu yükə çiyin verən komandanı belə tapa bilmədik. Bu gün də ortada kimsə yoxdur. Bu yükü də öz canını ortaya qoyan könüllü əsgər öz çiyninə götürdü. Dörd imperiyaya qarşı savaşan və ölkəni qismən yox olmaqdan xilas edənlər bu yükü də daşıdılar. Bu gün sayları 68 min nəfəri haqlayan bu veteranların lideri Füzuli Rzaquliyev, bu birlik yaranandan, elə müharibədəki kimi, kimsədən heç nə gözləmədən öz savaşçı missiyasını yerinə yetirməkdədi.

Bəzi adamcıqlar Vətən müharibəsinin ilk günlərində, hələ indi də öz aləmlərində Qarabağ savaşını mərhələlərə, döyüşçülərini isə dəstələrə bölməyə can atmağa başladılar. Bu erməni sifarişiylə yaşayan binəvalara bir neçə dəfə cavab vermişik. Bir daha təkrar edim ki, xainlərin huşu olmur. Bu igidlərin böyük kəsimi veteran və şəhid ailələrində böyüyən gənclərimizdi. Biz veteranların qardaşı, bacısı uşaqlarıdır, elə F. Rzaquliyevin rəhbərliyi altında apardığımız təbliğatın «meyvələriydi». Təkcə 2019-cu ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 75 şöbəsi gəncləri əhatə edən 836 tədbir keçirmişdi. Yoxsa, Bayraq, Vətən və Torpaq sevgisini sizlərin «cızma-qaraçı» medianızmı bu gənclərə aşılamışdı? Bircə fakt yetərlidir ki, 44 günlük Vətən müharibəsinin 30 gününü döyüş gedən bölgələrdə keçirən Füzuli Rzaquliyevin oğlu, qəhrəman zabitimiz İlkin Rzaquliyev daim öndə oldu. Elə minlərcə belə faktlara görə, Vətən müharibəsinin adına, hərdən «Atalar və Oğullar» müharibəsi deyirəm. Nə savaş, nə də savaşçı kinolardakına bənzəməz. Bilmədiyiniz şeylərdən yazmasanız daha xeyirlidir.

Füzuli Rzaquliyevin 60 yaşı tamam olur. Bu 60 ilin 3 ili cəbhədə — qanlı döyüşlərdə, 27 ilini isə döyüşçü qardaşlarımızın hüquqları uğrunda mübarizədə keçirib. Əgər Füzuli Rzaquliyev bir döyüşçü deyil, şoumen olsaydı bizim Müdafiə nazirliyi mütləq onu təltif edərdi. Eləcə də qeyri aidiyyatlı orqanlar. Zaman -zaman müxtəlif məqamlarda oturub döyüşçünü özünə borclu bilənlər bu məqamı anlamazlar. Anlamazlar ki, döyüşçü haqqı, «bazar» kimi gördükləri məmləkətdə verdikləri haqqlara bənzəməz.

Çünki döyüşçü üçün Vətəni sevməyin sağı, solu olmaz. Ürəyi olar, o da bəzilərində heç olmaz! Vətən sevgisi bir döyüşçü üçün 3 rəngli, ay — ulduzlu bayrağın altında bir məsum körpənin asudə yatmasıdır. Bizim üçün Vətən sevgisi müqəddəs bayrağa bükülən tabutda əbədiyyətə qovuşmaqdır. Bizlər üçün ən gözəl mükafat Bayrağımızın və Dövlətimizin daim var olmasıdır. Sizi köhnə və yeni döyüşçülər adından təbrik etmək də bir ödüldür. Bundan böyük mükafat olarmı? Bu saydaTanrı ordusunun döyüşçüsü Sizi təbrik edir. Belə bir məqamın özü bir ucalıqdır. Anlayan anladı.

Füzuli Rzaquliyev deyir ki, qarşılığı olan sevgi əlbəttə gözəldir. Amma söz Vətəndirsə, onu qaşılıqsız sevərik. Vətən döyüşçülərin çiynində var olur.

Bir vaxtlar biz də gəncdik. Müharibə bizim xəyallarımızı əlimizdən aldı. Bizim xəyal qurmağa zamanımız olmadı. «Bəlkə elə bu son savaş, bu son mərmi, bu son nəfəs» -deyə çağ adladıq. Biz yüzlərlə döyüşçü qardaşımızla səngərlərdə qardaşlaşdıq. Bir anadan doğulmaqla, bir səngərdə doğulmağın bir fərqi yoxdur. Döyüşçü üçün Qarabağın azadlığı məslək və şərəf məsələsiydi. Qisas məsələsiydi və bu günləri bizlərə göstərən hər kəsə salam olsun. Döyüşçü üçün baş əyilən tək ünvan şəhid məzarları və uca Bayrağımızdır. Hər iki ünvanı Allah əbədi və uca etsin!

Atatürk deyirdi: «Qazilik ömür boyu daşınacaq bir şərəfdir». Onlar Vətənin canlı tarixləridir. Qazi, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, toprağı Vətən, insanı ulus edən dəyərlərdir. Ayağım, qolum, gözüm olmadan yaşaya biliərəm. “Amma Vətənim olmadan yaşaya bilmərəm” deyən qazilərimizdəndi, Füzuli bəy. Əlbəttə ki, bu Vətən sizə minnətdardır.

AVMVİB İdarə Heyəti və rayon şöbələri rəhbərliyi adından AVMVİB sədri Füzuli Rzaquliyevi 60 illik yubileyi münasibətiylə təbrik edir, öz təbirinizcə desək, növbəti ad gününüzü tarixi torpaqlarımız olan Göyçədə, Dərələyəzdə, Vedidə, Amasiyada keçirməyi arzulayırıq! Bütün gözəlliklər sizin olsun!

Atəşin döyüşçü salamıyla, Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: