Prezident İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib.

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən dövlət başçısı deyib ki, sülhməramlı qüvvələrin orada funksiyası var və noyabrın 10-da bu funksiya təsbit edilib.

«Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik», — dövlət başçısı bildirib.

İlham Əliyev: “Sülhməramlılar qarşısında məsələ qoymuşduq ki, icazəmiz olmadan heç kim Qarabağa gedə bilməz”

Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. 

“Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”, — deyə dövlət başçısı bildirib.

Bu xəbəri paylaşın: