Müdafiə Naziriyindən verilən məlumatda bildirilib:
Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur. Həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir.
Qeyd edək ki, hərbi geyim formalarının daşınması «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə — inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq.

Müharibə veteranları keçirdikləri tədbirlərdə və son Vətən müharibəsi dövründə hərbi forma geyimlərindən istifadə ediblər. Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanovun fikirlərini öyrəndik.
Vahid Abdurəhmanov bildirdi ki, AVMVİB üzvləri əsasən məktəblilərlə hərbi — vətənpərvərlik mövzulu tədbirlərdə ordu standartlarından tam fərqli hərbi formalardan istifadə edib. Xüsusən Vətən müharibəsi günlərində cəbhəylə əlaqədə olan veteranlarımız da bu cür geyimlərdən istifadə ediblər. Qanun yalnız orduya məxsus geyim və simvollardan istifadəni qadağan edir. Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin 21-ci maddəsində deyilir: » Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.«
Digər 22-ci maddədə isə: «Hərbi geyim forması Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları”na uyğun olaraq daşınır»-yazılıb. Yəni «Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri»nin təsdiq edilməsi barədə Fərmanda da fərqləndirmə nişanları olan geyim formasından söz açılır. Müharibə veteranları istifadə etdikləri geyimlər fərqlidir və fərqləndirmə nişanı orduyla bağlı deyil, «Veteran», yaxud da «Qazi» göstəriciləri ilə fərqləndirilir.
AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov, müharibə gedən bir ölkədə bu qərar təqdirə layiq bir qərardır. Amma Müdafiə Nazirliyi yaranandan sıralarından tərxis etdiyi müharibə veteranlarıyla heç zaman əlaqə qurmaması da artıq faktdır. Yaxınımız və qardaşımız olan Türkiyədə qazilər xüsusi geyimlə təmin edilirlər. Tədbirlərdə onlar daim öndə olurlar. Əfsuslar olsun ki, bunu bizim Müdafiə nazirliyi üçün deyə bilmərik. Bizdə MN hərbçini tərxis etməklə öz işini bitmiş hesab edir. Ona görə də bu məsələni müzakirə etməliyik.
V. Abdurəhmanov hər kəsi müzəffər ordumuzun hərbi geyiminə hörmətlə yanaşmağa və qanunun tələblərinə əməl etməyə çağırdı.
Elnur Səlim


