Daha bir döyüşçü əsgərimiz intihar edib

Vətən Müharibəsi qazisi Yunis Mənsurov yanvar ayının 7-də intihar edib.

Bu barədə qazinin yaxınları  məlumat verib. Bildirilib ki, əslən Xızı rayonundan olan 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış.

Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib. Dekabr ayının 30-u isə tərxis olunub və ailəsinin yanına qayıdıb.

Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki, yanvarın 6-da İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev də Bakıda müalicə aldığı hərbi hospitalda intihar etmişdi və bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

P.S. Müharibə iştirakçılarının geri dönüşünə start verilən kimi bu döyüşçülərə psixoloji yardıma da start verilməliydi. Döyüş görmüş şəxslərin cəmiyyətə adaptasiya olması daim ağrılı bir prosesdi. Lakin bu istiqamətdə heç bir iş görülmür. Köhnə döyüşçülərin təcrübəsindən istifadə olunmur. Yaradılan qurumlar yazıçıların, müğənnilərin və bu reallıqlardan xəbərsiz şəxslərin cəlb edilməsi problemləri bundan sonra da dərinləşməsinə səbəb olacaq. Hava şəraitinin müharibə getdiyi günlərdə dövri dəyişkənliyi də «səngər xəstəliyinin» yaranmasına səbəb olub. Hər halda bu problem getdikcə dərinləşəcək və müharibədən çıxmış veteranların təcrübəsindən istifadə edilməsinə ehtiyac yaranacaq…

Bu xəbəri paylaşın: