Azərbaycan ordusu Ermənistanla müqayisədə… – Xramçixin

102-ci bazanın potensialı Ermənistan Hərbi Hava Qüvvələrinin potensialından daha çoxdur.

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru”ya müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

“102-ci baza Ermənistan ordusu ilə bir qruplaşmada birləşməyib, amma onlar arasında sıx koordinasiya var, eləcə də onlar mütəmadi olaraq müştərək təlimlər keçirirlər. Digər tərəfdən Rusiya hərbi bazasının vəziyyəti geosiyasi xarakter baxımından çox çətindir. Məsələ burasındadır ki, Ermənistan Rusiyadan Moskvaya düşmən olan Gürcüstan vasitəsilə ayrılıb, Azərbaycanla isə onun özünün düşmənçilik münasibətləri var. Bununla belə, Azərbaycan ordusunun potensialı hazırda Ermənistan, 102-ci baza və Qarabağdakı qoşunların ümumi potensialından daha yüksəkdir. Üstəlik, Türkiyə ordusunun Azərbaycanla müttəfiqliyi və Ermənistanla düşmənçiliyi Rusiya-Ermənistan qoşunları üzərində üstünlüyü təmin etməyə kifayət edir. Belə coğrafi təcrid ucbatından müharibə zamanı Rusiya 102-ci baza və erməni ordusunun təchizatını yalnız Xəzər dənizi və İran üzərindən dövrə vurmaqla təmin edəcək ki, bu da çox uzun, bahalı və etibarsız yoldur.

Ona görə də indiki halda 102-ci bazanın hərbi yox, siyasi əhəmiyyəti var. O, Türkiyə ilə sərhəddə yerləşib və bu ölkənin Azərbaycanın xeyrinə Qarabağda yeni savaşa girməsinə qarşı zəmanətçi kimi çıxış edir. Əlbəttə ki, bu rus bazası türk ordusuna qarşı müqavimət göstərə bilməz, amma ona hücum beynəlxalq hüquq baxımından Rusiyaya qarşı aqressiya olacaq, yəni Rusiyanın Türkiyəyə qarşı müharibə başlatmasına imkan verəcək. Əgər Ermənistana müdaxilə edilməzsə, Rusiya Azərbaycanla müharibəyə daxil olmayacaq.

Beləliklə, 102-ci baza Ermənistanın özünün mövcudluğunun qarantıdır. Yəni Rusiya üçün bu baza geosiyasi ambisiyaların gerçəkləşdirilməsi, Ermənistana isə sağ qalması üçün lazımdır. İrəvan bunu anlayır, ona görə də İrəvan bu bazanın ərazisində olması üçün ödəniş edir. 102-ci bazanın Ermənistanda uzunmüddətli saxlanılması perspektivlərini söyləmək çətindir, amma bir seyi dəqiq demək olar ki, bu bazanın çıxarılması Ermənistan üçün intihar olar”, – deyə o bildirib./Axar.az/

Bu xəbəri paylaşın: