
ROMA XOSROV
Prezident təqaüdçüsü, AYB üzvü
BAYRAMINIZ MÜBARƏK!
Ay yaxınlar, uzaqlar,
Bayramınız mübarək!
Yetim-yesir uşaqlar,
Bayramınız mübarək!
Ev-eşiyin satanlar,
Qapılarda yatanlar,
Borc içində batanlar,
Bayramınız mübarək!
Ey başları ucalar,
Qəlbi heca-hecalar,
Ey kimsəsiz qocalar,
Bayramınız mübarək!
Çörəyi borc alanlar,
Canı xəstə olanlar,
Kirayədə qalanlar,
Bayramınız mübarək!
Öz odunda bişənlər,
Vətəndə ac şişənlər,
Yada əsir düşənlər,
Bayramınız mübarək!
Ay dul qalan sonalar,
Bəxti xana-xanalar,
Ay dilənçi analar,
Bayramınız mübarək!

BU EV HEYİFDİR, İLAHİ
Səliqəyə, sahmana sal,
Nə gündədir, evin Allah.
Gəl bircə gün evində qal,
Üstün təmiz, altın günah.
Dünya sənin evin deyil?!
Gör evinə kimlər baxır.
Həkimlərin cana qıyır,
Hakimlərin böhtan yaxır.
Ayağı cənnət analar,
Küçədə nəzir dilənir.
Haqqı deyən bəndələrin
Ürəyindən güllələnir.
Ətri dəyişib dünyanın,
Bu yer gül, çiçək qoxumur.
Hər gün bir roman oxuyan,
Bir yol Quranı oxumur.
Üstümüzə təpin, çığır,
Bu evdə insanlıq itir.
Bu ev heyifdir, İlahi,
Vaxtın olsa nəzər yetir.

