POEZİYA çələngi: Vətən nədir, duyan candan ÖYRƏNİN

Elbariz Məmmədli

*************

Ağlama ŞƏHİD atası,
nolar ağlama.
Sən ağlayanda, beli bükülür dünyanın…

ŞÜKR, DƏYİŞİR HAVALAR

Şimalda «isti»lər düşür,
Şükr, dəyişir havalar.
Bir azdan çəkilər geri,
Ucqardan haqsız davalar.

Ayaqları çox yeridi,
Əli çox uzandı şərin.
Hara nəfəsi dəyibsə,
Keçdiyi iz qandı, şərin.

Yüz illərdi at oynadır,
Özünün olmayan yerdə.
Hər məzluma bir toy tutur,
Toy-düyün olmayan yerdə.

Bilmirəm, nə məsləkdi, bu,
Bəşər belə qansız olmaz.
Uşaqları dara çəkməz,
Qadına amansız olmaz.

Yeyir, öz balasını da,
Belə xanimanmı olar?
Bir tiranın tarixində,
Tanrım, bunca qanmı olar?

İndi havalar isinir,
Gətirir ruhun yazını.
Azadlıq səsi əridir,
Saxanın sərt ayazını.

İllərdi haqqa yol gəlir,
Tatarım-türküm , ayaqda.
Altaylarda əsir canım,
Sibirdə ərkim ayaqda.

Bu dünyanı qamarlayıb,
Gör, hardan hara götürüb.
O qədər qan içibdi ki,
İçini yara götürüb.

Şükr, buludlar çəkilir,
Şükr, havalar isinir.
Dünya təzədən qurulur,
Təzə ümidə diksinir.

Русский медведь

ÖYRƏNİN

Allahverdi Gündoğduya

A biganə, qanı soyuq adamlar,
Vətən nədir, duyan candan öyrənin.
Qarabağda o dağların daşını,
Öz qanıyla yuyan candan öyrənin.

Ömür nədir, bir addımlıq su yolu,
Bir uçumluq, bir dəryalıq qu yolu,
Yaşamağı — adam kimi bu yolu,
Keçib gedən o karvandan öyrənin.

Millət ki, var, nəfər-nəfər yurd olur,
Dağlarına «duman» gəldi, qurd olur,
Var olanın kişiləri mərd olur,
Kişiliyi coşan qandan öyrənin.

Qan işidi, can işidi hürr olmaq,
Hər millətə qismət deyil pir olmaq,
Nəyə gərək dəli olmaq, kür olmaq?
Zəfər adlı imtahandan öyrənin.

Həsrət qəmi gözü yaşlı ömürdü,
Milyonların taleyini sümürdü,
Nə bilirsiz, kim kölədi, kim hürrdü?
Tarixləşən o dastandan öyrənin.

Eşqlə yığdım bu qoşmanın sətrini,
Dağlar necə haqqdan alır çətrini,
Bu torpaqda otun-suyun ətrini,
Allahverdi Gündoğandan öyrənin.

AĞLAMA, ŞƏHİD ATASI

Elə bil dünyanın qəddi əyilir,
sevinci tükənir,
hamının ürək qapısı dərdlə döyülür,
gözlərin son işığıdərdə söykənir…
Çəkilir göylərin işığı,
zülmət udur dünyanı,
son ümid bitər kimi.
Ömür yolu uzaq olmur,
bitməyən axşam kimi,
gecikən səhər kimi.
Könlümüzün ucalıq yeri

çinar-çinar oğulların
yaddaş xatirəsi,
Bu milləti MƏN eləyən,
SƏN eləyən,
VƏTƏN eləyən
daş xatirəsi.
Sən bu torpağın varlığını
qeyrətə çevirən bərəkətsən,
mələyini yanına çağıran Tanrı
səni sevəcək,
səni öyəcək,
hara getsən.
Bəlkə dəsənin bu göz yaşların
yanağında ulduz-ulduz sevinc bitirmişdi,
igidin doğulanda,
çiçəklərin ən yaxşısını seçmişdin igid anasına,
ürəyini xalı kimi sərmişdin
oğlun gələn evin astanasına.
Amma taleyi biz seçmirik ki,
Yaradan seçır,
Ən yaxşıları,ən böyükləri,
ən igidləri
özü bilir, hardan seçir.
Balan seçilənlərdən oldu,
ucalanlardan oldu,
Vətəni öz canıyla ucaldanlardan oldu…
Ağlama ŞƏHİD atası,
nolar ağlama.
Sən ağlayanda, beli bükülür dünyanın…

Bu xəbəri paylaşın: