Böyük Britaniya eyni zamanda həm ABŞ, həm də Avropa İttifaqının ən yaxşı müttəfiqi ola bilməz.
“The Guardian” məlumat verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib. O, krallığı xarici siyasət prioritetlərini müəyyən etməyə çağırıb.
“Əgər rəsmi London ABŞ-ın xeyrinə qərar qəbul etsə, o zaman Aİ ilə ticarət sahəsində qaydalar dəyişəcək. Yarıhamilə olmaq qeyri-mümkündür. Şəxsən mən ümumi ambisiyalar, ümumi taleyin tərəfdarıyam. Ümid edirəm ki, Boris Conson da, britaniyalılar da bu yolu görürlər. Biz müttəfiq olaraq qalırıq. Tarix və coğrafiya dəyişmir. Ona görə də, düşünürəm ki, Britaniya xalqının taleyi də, bizim taleyimizdən fərqlənmir”, — deyə Fransa prezidenti bildirib.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Co Baydeni və başqa dünya liderlərini qəbul edəcək. Böyük Britaniya və ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün kral və hökumət məmurları tərəfindən hazırlanmış planlara uyğun olaraq qəbulda həmçinin Uels şahzadəsi, Kornuoll hersoginyası, Kembric hersoqu və hersoginyası da iştirak edəcəklər.
“Böyük Yeddilər”in (G7) növbəti sammiti Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər keçiriləcək.
Elnur Səlim
