Şəhid Hacıyev Kamal Hüseyn oğlunun nəvəsi Hüseynova Nuray Famil qızı babasınən şəhid olmadan öncə yazdığı BİR şeiri səsləndirib.

Şəhid Hacıyev Kamal Hüseyn oğlu
Qarlı dağı cəsarətlə aşmışıq ,
Vətən torpağıyla qucaqlaşmışıq ,
Qələbəyə yeni bir yol açmışıq,
Bu yollardan vətən oğlu dönərmi ?
Torpağımda güllə mənə dəyərmi ?
Qələbə sevincini yaşayan, yaşından asılı olmayaraq, hər kəsin dilində “Qarabağ Azərbaycandır” kəlməsi xalqımızın birliyini və gücünü təzahür etdirir! Elə qələbə sevincindən ilhamlanan Nuray balamız da babasının şeirini Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatandan sonra səsləndirib.
Şəhidimizin döyüş yoldaşı Vüqar İsayev öz xatirələrində yazır:
— Hörmətli dostlar, qrup üzvləri sizlərə döyüş yoldaşım şəhid Hacıyev Kamal Hüseyn oğlu haqqında yazmağı özümə borc bildim. Unudulmaz şəhidimiz gizir Kamal Hacıyev Kəlbəcər rayonu Çaykənd kəndində sayılıb seçilən şair təbiətli, «Bığlı Hüseyn» deyilən el ağsaqqalının ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, hərbi xidmətə olduğu müddətdə gizirlik kursu keçib rütbə almışdı. Məlum Qarabağ hadisələri başlayanda vətənə xidməti özünə borc bilən Kamal Azərbaycana dönərək Kəlbəcərdə yaradılmış özünümüdafiə könüllü dəstədə , ondan sonra MN əmri ilə yaradılmış 701 nömrəli briqadanın 712 saylı taborunda , polkovnik leytenant Eldar Həsənovun komandiri olduğu taborda vətənin müdafiəsinə qoşularaq Kəlbəcər uğurunda gedən bütün döyüşlərdə iştirak etmişdir. Kəlbəcər işğalından sonra N saylı hərbi hissənin üçüncü taborunda kapitan Nəsibov Balayın taborunda tağım komandiri vəzifəsində çalışan Kamal, Kəlbəcər qış əməliyyatlarında rəhmətlik şəhid kapitan Mürşüd Məmmədovla çiyin — çiyinə bütün qanlı döyüşlərdə iştirak etmişdir.
1994 cü ilin yanvar, fevral əməliyyatlarında iştirakı zamanı üç nəfər komandirlə mühasirəyə düşən Kamal düşmənə təslim olmur. Düşmənin — əllərini qaldır, silahı at əmrinə güya əyilərək silahı yerə qoymaq bəhanəsi ilə əyilib bir anda avtomatın qoruyucusun açaraq atəş açaraq qacıb xilas olan Kamal qarlı Murov dağlarına üz tutur. Amansız dağ aşırımlarında təbiətin sərt üzüylə rastlaşan Kamal ümüdünü üzmədən irəliyə , vətənindən , elindən didərgin düşmüş ailəsinə — balaca Ülvüsünə yetişməyə can atirdı. Dağ aşırımlarının böranlı , covğunlu yollarında gecə olduğu üçün görmədən qara batan Kamal gecəni tarın içində kecirtməli olur. Qarın altında , vətən torpağının doğma istisinə , hənirinə uyuyan Kamal səhəri günəşin şüalarının üzünə düşdüyü an hiss edir. (Qarın altı çöldən isti olduğu ancaq ovçular birdə dağ adamları bilər).
Qarın altından çıxaraq dağları aşıb Daşkəsən rayonuna gəlib çıxır. Ayaqları yalın olduğunda tam soyulmuş , dəridən çıxmış vəziyyətdə olduğu üçün hərbi xəstəxanaya gətirilir…
Məlum hadisədən sonra şair təbiətli Kamal belə bir şer yazır..!
Namərd düşmən çox güvənmə özünə
Torpağımda güllə mənə dəyərmi ?
Pulemyotun, avtomatın qəlpəsi,
Vətənimdə duz qəddimi əyərmi ?
Torpağımda güllə mənə dəyərmi ?
Təslim etmək istəyirsən sən məni,
Parçalamaq istəyirsən sinəmi ,
Qabağında heç saymıram mən səni
Sənin güllən məni yerə sərərmi ?
Torpağımda güllə mənə dəyərmi ?
Qarlı dağı cəsarətlə aşmışıq ,
Vətən torpağıyla qucaqlaşmışıq ,
Qələbəyə yeni bir yol açmışıq,
Bu yollardan vətən oğlu dönərmi ?
Torpağımda güllə mənə dəyərmi ?
Anam ağlar, bacım qanlı yaş tökər,
Yoldaşlarım asimana car çəkər,
Qismət olsa, ölüm məndən yan keçər,
Qarşınızda Kamal qəddin əyərmi?
Torpağımda güllə mənə dəyərmi?
Əlbəttə belə oğulları olan torpaq əsarədə qalmalı deyildi!..
Kəlbəcərə ikinci qış əməliyyatında düşmənlə qeyri bərabər döyüş zamanı Kamal öz ayrılmaz komandiri kapitan Mürşüd Məmmədov və əsgərlərı ilə şəhidlik zirvəsinə yüksəldı! O , döyüşlərdə Kəlbəcər taboru dəyərli komandirlər, tabor komandir əvəzləyicisi qərargah rəisi Alışov Fehruz, minaatan batareya komandiri Hümmətov Xalid və çox Kəlbəcər oğulları şəhidlik zirvəsinə yüksəldi.
Allah hər birinə rəhmət eləsin!
Axırıncı əməliyyat zamanı Kamalın ailəsinə həyat yoldaşına yazdığı məktubda onun necə bir vətənpərvər igid olduğunu, bizlərə neçə bir igidlik salnaməsi dərslik qoyduğunun şahidi oluruq.
«Mehribanım Gülnaz, məni gərək qınamayasan! Damarlarda Azəri qanı axan hər bir vətən oğlu, vətənin bu ağır günündə əlinə silah götürüb ayağa qalxmalıdır..!
Axı qız — gəlinlərin əsir getməyinə , qoca qarıların ayaq altında qalmağına göz yuma bilməzdim.!! Gələcəkdə övladlarımın məni istəmələri naminə bu yolu seçdim . Düşmənlərimiz tərəfindən aparılan bu mənasız müharibənin qurbanlarından biri də mən olasam təəssuflənmə , əksinə fəxr et ki, mən fərarilik etmədim!
Amma mən inanıram ki, biz doğma yurdumuzu yağı düşməndən azad edəcək , uçub -dağılmış evimizi yenidən bərpa edəcək və ondan sonra bizim övladlarımız rahat və qayğısız böyuyəcəklər .. —Balaca ÜLVÜ mütləq atalı böyüyəcək.
…SƏNİN KAMALIN …
24/12.1993. KƏLBƏCƏR ALAXANCALLI.
Arzuları gözündə qaldı şəhidimizin. Balaca Ülvü atasız böyüdü . Amma həmişə fəxr etdi ki, mənim atam vətən Kəlbəcər uğurunda şəhid oldu, amma fərarilik etmədi !! Atasının adını fəxrlə övladına verdi Ülvü , indi o evdə , o ailədə balaca bir Kamal boy atır . Qoy yağı düşmən unutmasın ki, bizim igidlərin adını daşıyan nəsillər var və ona görə də heç vaxt o torpaqlardan düşmənə vətən olmaz . Qana- qan, cana-can!!!
Allah hər bir səhidimizə rəhmət eləsin. Məkanları cənnət olsun!! (Vüqar İsayev 20.1.2020 )
P.S. Şəhidin övladları artıq böyüyüb hər biri müxtəlif sahələrdə xalqımıza xidmət edirlər. Qızı Hüseynova Aygün Kamal qızı Kəlbəcər rayon 84 nömrəli məktəbdə müəllim işləyir. Gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində yaxından iştirak edir.
Hazırladı: Fərid Səlimov
