Paşinyanın «İsgəndər» qapazından sonra Rusiya açıq kartla oynamağa başlayıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın böyük dostudur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıq mətnlə deyib.

O, Köçəryanın Ermənistanın siyasi həyatında iştirak etmək istəyi ilə bağlı fəaliyyətini Moskva ilə əlaqələndirəcəyini düşünməyi absurd hesab edib: “Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, sualın tamamilə absurd bir formulasıdır. Robert Köçəryanın özü, əlbəttə ki, Rusiyanın böyük dostudur.

Köçəryan ölkəsinin inkişafı üçün çox səy göstərmiş bir şəxsdir və ümumiyyətlə, məmnuniyyətlə bildiririk ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Əsas məsələ budur bizim üçün”.

Bundan əvvəl R.Köçəryan Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etməyə və yenidən ölkədəki ən yüksək vəzifəyə – baş nazirliyə namizədliyini ieəli sürməyə hazır olduğunu bildirmişdi. O, Rusiya Federasiyası ilə əməkdaşlığı daha da inkişaf etdirib dərinləşdirməyin inandırıcı tərəfdarı olduğunu demişdi.

Köçəryan, həmçinin Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın günahkar olmasıyla bağlı suala cavab verməkdən yayınıb:
«Bu proseslərə gətirib çıxaran (2018-ci ilə) problemlər olub. Lakin aydındır ki, burada texnologiyalar tətbiq edilib, aktiv şəkildə erməni olmayan qüvvələrin xarici müdaxiləsi olub».


O, generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib:


«Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb».

Hərbi cani Köçəryan buna nümunə kimi Cənubi Koreya və Misiri göstərib. Bununla belə o, sözlərinin hansısa tərəfə yozulmamasını tələb edib.
Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:


«Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir».


Köçəryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib.

Beləliklə, görünən odur ki, yaz ayları Ermənistanda siyasi iqlimdə süni istiləşmələr olacaq və bunu Rusiya edəcək. Hərbi cinayətlərinə görə mühakimə olunmaqdan qorxan və ölkədə it qədər nüfuzu olmayan Koçaryan istənilən hər şeyə getməyə razıdır. Həm ölkə daxilində, həm də işğal ərazilərində çox saylı cinayətlərdə onun imzası günbəgün daha aşkar üzə çıxır…

Elnur Səlim

Bu xəbəri paylaşın: