POEZİYA ÇƏLƏNGİ: Bu dərdin sonunda nöqtəsi yoxmuş…

ELBƏYİ

Səhəri gəlmədi, gecəsi bitməz,
Zamanın ay, ili, həftəsi yoxmuş…
Dərdim var çəkməyə fil gücü yetməz,
Bu dərdin sonunda nöqtəsi yoxmuş…

SƏNSİZƏM

Yenə ötənləri qəlbimə sərib,
Elə bil bu gecə qəribəm, qərib,
Dünya həsrətini mənə pay verib,
Mən elə sənsizəm, elə sənsizəm…

Atılmış balıq tək hey sızlayıram,
Bu quru sahildə su gözləyirəm,
Dəniz həsrətimi əzizləyirəm,
Mən belə sənsizəm, belə sənsizəm.

Fəsillər ömürdən gün-gün töküldü,
Gedənlər iz tutdu, gələnlər gəldi,
Vallah, bu dünyanın öləni öldü,
Mən hələ sənsizəm, hələ sənsizəm…

Bu dərdin sonunda nöqtəsi yoxmuş…

Dikləndim, heyimi kəsdi yoxuşlar,
Ayağım ağrıyır, ruhum da sızlar.
Saralmış çəmənəm, yağmaz yağışlar,
Qovrula-qovrula ahım da sızlar.

Mən bahar gözlədim, sazağa düşdüm,
Qopub yarpaq kimi xəzələ döndüm.
Hər yetən arzudan uzağa düşdüm,
Fırlandım dörd yana əzələ döndüm.

Əl atdım ətrafda boş imiş nə var,
Elə bir yerdəyəm, söz də tapmıram.
Hər yanım uçrumlar, bağlı qapılar,
Qapını döyməyə üz də tapmıram.

Səhəri gəlmədi, gecəsi bitməz,
Zamanın ay, ili, həftəsi yoxmuş…
Dərdim var çəkməyə fil gücü yetməz,
Bu dərdin sonunda nöqtəsi yoxmuş…

QORX

Biqeyrətin, binamusun,
Qeyrətə gəlməsindən, qorx.
Zəncirindən bezən qulun,
Özünü bilməsindən, qorx.

Namərd mərdin büküb dizin,
Haqsız haqqın töküb gözün
Dərd oynadan çarəsizin,
Dəli tək gülməsindən, qorx.

Min haramdan doymaz harın,
Satar pula namus, arın,
Nifrət ilə məzlumların,
Göz yaşın silməsindən qorx.

Nahaq yerdə çıxmaz səsi,
Küfür olub hər nəfəsi,
Ömrü kafir olan kəsin,
Mömin tək ölməsindən, qorx!

YALVARIR

Bu dünya səcdə yeridi,
Hərə bir aha yalvarır.
Kimi nəfsini öldürür,
Kimi tamaha yalvarır.

Ha iynəylə gor qazısan,
Qismətin alın yazısı,
Əcəl gecənin qazısı,
Xəstə sabaha yalvarır.

Biri namərd, biri ərən,
Biri alan, biri verən,
Bir öləndir, bir öldürən,
Hamı Allaha yalvarır…

Bu xəbəri paylaşın: