AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov: «BAĞIŞLAYIN, SİZ ALLAH, ÖLƏ BİLMƏDİK»…

Vahid Abdurəhmanov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovla döyüşlərdən yeni dönmüş döyüş iştirakçıları barədə söhbət etdik…


E. S. — Hər gün saytımıza yüzlərlə şikayətlər daxil olur. Xüsusən məmur özbaşınalığı və müharibə iştirakçılarına qarşı mənfi münasibətli şəxslərin vəzifələrdə çoxalmasını əminliklə deyə bilərik. Xüsusən də yaralıların baxımsızlığl, əlillik dərəcələrinin verilməsində neqativ yanaşma və müharibə veteranı statusunun verilməsi ilə yaradılmış komissiyanın yarıtmaz fəaliyyəti narazılıq yaratmaqdadır. Bu barədə münasibətinizi bilmək maraqlı olardı?


V. A. — Öncə bildirim ki, bu sahədə ciddi işlər görülməlidir. Xüsusən də yaradılmış komissiyanın bu günədək, nə üzünü görən, nə də nə işlə məşğul olmasını bilən var. Gənclər də bizim təşkilata axın edir. Bu təşkilatın adıyla bağlıdır. Həm də onların suallarına cavab verə bilməyənlər də onları bizim yanımıza göndərirlər. Bu adamlara öncə psixoloji yardım göstərilməsi vacibdir. Bizə tanış səhnə olduğuna görə izahat işləri aparırıq. Doğrusu rastlaşdığımız mənzərə heç də ürəkaçan deyil. İstər məişət problemləri, istər sosial problemlər, istərsə də sağlamlıq problemləri yetərincədir. Çünki müharibənin acıları, səngər həyatı hər bir döyüşçüdə bir iz buraxıb. Bilməliyik ki, döyüş bölgəsində Vətəni qoruyan, sinəsini sipər edənlərdən bəziləri şəhid olmasalar da də, mühitin onlara qazandırdığı xəsarətlərlə bərabər bir ömür boyu yaşamaq məcburiyyətində qalıblar. Döyüş anında hərbçini ölümdən qoruyan səngər, həm də onun xəstəlik mənbəyi rolunu oynayıb. Bu problemin həllinə girişməkdənsə, bəzi çirkin məqsədli adamlar bu sosial təbəqəni «təzə, köhnə» kateqoriasına bölməyə çalışırlar. Güya köhnələrin problemlərini həll ediblər, təzələri qalıb. Həyacan təbili çalmaq zamanıdır. Köhnə dedikləri döyüşçülərin təcrübəsindən istifadə olunmalıdır. Müharibə şəraitində yaşayan bir ölkədə, veteranı fəraridən «ucuz» tutmaq olmaz. Müharibənin öz xarakterik xüsusiyyətləri olduğu üçün onun iştirakçısı olanların hüquqlarını müdafiə edən qanun və qərarlarda bu xüsuslar nəzərə alınmalıdır.


E.S. — Əgər sirr deyilsə, bu günədək Birliyə neçə gənc döyüşçü üzv olub?


V.A.
— Bu sirr deyil. Biz ictimai qurumuq və Vətənimiz uğrunda döyüşənlərin təşkilatıyıq. Bu günədək yeni üzvlərin sayı 5000 nəfərə yaxınlaşır. Doğrusu müraciətlərin çox olması, üstəlik də narazılığın günbəgün artması, cəbhədən dönənlərin psixoloji olaraq özlərini tərk edilmiş hiss etmələrini önləmək üçün AVMVİB Nizamnaməsinə uyğun bir şəkildə bu işə qoşulduq. Biz də müharibə əlilləriyik. Nə iş qabiliyyətimiz, nə də sağlamlığımız, nə də təşkilatın üzvlərinin problemlərinə yardım etməyimiz buna imkan vermir. Bizim ölkədə bir çox ictimai qurumlara büdcədən ayırmalar olsa da bu Vətən uğrunda döyüşənlərin birliyi olan AVMVİB-nin bütün müraciətlərinə mənfi cavab verilib. Nazirlər Kabineti və Maliyyə nazirliyi hər dəfə maliyyə olmadığını bildiriblər. Könüllülük prinsipiylə fəaliyyət göstərən bir ictimai qurumda sadəcə öz döyüşçü həmrəyliyimizi qorumaq üçün bir aradayıq. Amma bu gün geri dönən döyüşçülərlə iş aparmaq bizim imkanlarımızı aşır. Bu məqsədlə yaradılan iki komissiyadan heç biri bu günədək 73 min nəfər veteranı öz ətrafında birləşdirən bir Birliklə məsləhətləşmə aprmayıb. Onları biz tapa bilmiriksə, bu gənclər necə tapsınlar. Sanki biriləri narazılığın artmasında maraqlıdırlar. Biz Ali Baş Komandanın əsgərləri kimi gənc döyüşçülərlə iş aparmağa məcburuq. Onların cəmiyyətə adaptasiya olunmasına çalışmaq vacibdir.


E. S. — Xatırlayırsınızsa, 23 noyabr 2017-ci ildə sizinlə müsahiibəmizdə maraqlı bir suala, maraqlı bir cavab vermişdiniz. Ölkədə veteranlar haqqında bir tendensiya var: «Müharibədən niyə sağ qayıtmısınız?» Bu tendensiya dəyişilməyib ki?


V. A.
— Yaxşı xatırlayıram. Bunu cəmiyyətə ötürən məmur zehniyyəti hələ də postlardadır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev zaman-zaman belələrini cəzalandırır və öz göstərişlərini verir. Rayon İcra Hakimiyyətlərində şöbələrin yaradılması cənab İlham Əliyevin bu problemlə bağlı ortaya qoyduğu mövqe kimi qəbul edilməlidir. Lakin bu şöbələrin nəzarət mexanizmi olmalıdır. Yanaşma tendensiyasına gəlincə isə eyni yerdə olduğmuzu görməkdəyik. Müharibənin nə olduğunu bilməyən kimsə «Veteranlar haqqında» Respublika Qanununa bir Qeyd əlavə edib. Yaralanan veteran sayılır yaralanmayan isə yox. Bu nə məntiqdir? Hər biri eyni savaşın iştirakçılarıdır və illərlə ölkədə müharibə veteranına münasibətdə mövcud olan bir streotipi hələ də sındıra bilməmişik. Belə çıxır ki, bunu düşünənlər əsgərin yaralanmağa meyilli olmasını hədəfləyib. Əsgər yaralanırsa sıradan çıxır. Ordunun tapşırıqlarını sonadək icra etmiş döyüşçüyə bu cür münasibət, yolverilməzdir. Bunu planlayanlar haqqında və bu sosial təbəyə aid qanunlara yersiz müdaxilələrə yol vermiş səlahiyyətli şəxslər üzə çıxarılıb, haqlarında ciddi araşdırma aparılmalıdır. Biz bir veteran təşkilatı olaraq bunu təsadüf saymırıq.


Sualın ikinci hissəsinə gəldikdə isə cavabda elə bir dəyişiklik baş verməyib. Hər kəs bilməlidir ki, müharibənin öz qanunları var. Allah döyüşçünü qoruyubsa, buna görə döyüşçümü günahkardır? Belə dar düşüncəli adamlara elə 4 il öncəki kimi yenə demək istəyirəm ki, bağışlayın, siz Allah, ölə bilmədik. Yaxud da yaralana bilmədik. Ona görə də müharibə iştirakçılarının problemlərinə aid məsələlərdə bizim mövqeyimiz nəzərə alınmalıdır. Lakin aidiyyatlı orqanların «öz doğma döyüşçüləri» var. Hardan tapıb çıxarırlarsa, biz onları tanımırıq. Yaxşıdır ki, onlar da heç müharibənin nə olduğunu bilmirlər. Bu artıq cinayət tərkibli bir əməldir.


E. S. — Azərbaycan Respublikasının «Veteranlar haqqında» Respublika Qanunu var. Bu qanun sizləri qane edirmi?


V. A.
— Əslində çox mütərəqqi qanundur. Amma icra olunmasına nəzrət mexanizmi yoxdur. Bunu düşünmək lazımdır. Lakin bu barədə edilən müraciətlərə cavab belə verilmir. Aidiyyatlı qurumlara «Veteranlar haqqında» Qanun layihəsi ünvanlamışıq. AVMVİB 74 min veteranı öz ətrafında birləşdirən və hər zaman dövlətçiliyin, ölkə Prezidentinin yanında olan bir təşkilatdır. Belə bir Qanunun icra olunmaması onun müddəalarının keçərsiz söz yığınına çevrilməsinə səbəb olur. Ona görə də qanunun icrasına nail olmaq vacib məsələ olaraq qalır. Bu sahədə Türkiyənin və İranın təcrübəsindən yararlanmaq olar. Xüsusiylə də qardaş Türkiyənin 100 illərə dayanan böyük və möhtəşəm ənənəsi bizlərə örnək ola bilər.


E.S. — AVMVİB — nin Zəfər sonrakı fəaliyyətində keyfiyyətcə hansı dəyişikliklər gözlənilir?


V.A.
— İllərdir ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini öz qayəmizə çevirdik. Özü də bunu əksərən öz imkanlarımız hesabına etdik. Çünki ölkəmizdə informasiya ruporları bu sahəni şouya qurban vermişdilər. Cəbhədə öndə döyüşən əsgərlərin bizə ünvanlanan onlara müraciətləri var. Qürur duyduq. Əməyimiz hədər getmədi. Lider öz yerində olanda xalq hər şeyə qadir olduğunu göstərdi. Bizim veteranlar həm ön cəbhədə, həm arxa cəbhədə bizim veteranlar öz sözlərini dedilər. Arxada şəhidlərimizin dəfni, əsgər ailələrinə baş çəkməkdən tutmuş ön cəbhəyə lazımi ləvazımatların çatdırılması, hətta döyüş meydanından şəhidlərimizin nəşinin çıxarılmasınadək əlimizdən gələni etməyə çalışdıq. Həqiqətən də müharibə veteranları savaşın ağır günlərində könüllü cəbhəyə yollandıqları kimi, bu dəfə də Vətən uğrunda savaşa hazır olduqlarını nümayiş etdirdilər. Bunu Vətənimizin ərazi bütövlüyünün bərpası üçün etdilər. Bu gün də geri dönən döyüşçülərimiz yaxşı bilsinlər ki, biz onların yanındayıq. Onlarla birlikdəyik. Səbrli olsunlar. Ən böyük savaş, elə zamanla və səbrlə savaşdır. Heç bir təxribata uymasınlar.


Zəfər sonrası fəaliyyətimizə gəlincə isə biz öz tutduğumuz yola sadiqik. Bizlər üçün bu savaş bitməz. Erməni və rus kimi düşməni olan bir ölkənin arxayınlaşmağa vaxtı olmamalıdır. Ptrezidentimizin ətrafında daha sıx birləşərək bu müharibənin nöqtəsini qoymalıyıq.


Elnur Səlim

Bu xəbəri paylaşın: