POEZİYA ÇƏLƏNGİ: Mollası gəlmişkən ölən millətim…

ELBƏYİ

Bizi haraylayıb çağırmaz Bozqurd,
Yolların sonunda varmı bir umud?
Köklə qopuzunu, ay Dədə Qorqud,
Gör kimin oğluyuq, kimə çəkmişik?

KİMƏ ÇƏKMİŞİK?

Quş da yuvasında azad yaşayar,
Bizsə yurdumuzda çilə çəkmişik.
Yükünü asanca düzə daşıyar,
Üzü yoxuşlara şələ çəkmişik.

Qəflət uşağıyıq, yaman yatmışıq,
Günahdan günaha düşüb batmışıq,
Bizim olmayana əl uzatmışıq,
Şeytanın özünü dilə çəkmişik.

Qardaşa atılan daş, bizlik olmaz,
Yetimin tökdüyü yaş, bizlik olmaz,
Sabahı düşünən baş, bizlik olmaz,
Bizlik olan şeyi zilə çəkmişik.

Yıxmışıq Vətənə göz olanları,
Susmuş dodaqlara söz olanları,
İşdə, əqidədə düz olanları,
Sürüyüb belədən-belə çəkmişik.

Bizi haraylayıb çağırmaz Bozqurd,
Yolların sonunda varmı bir umud?
Köklə qopuzunu, ay Dədə Qorqud,
Gör kimin oğluyuq, kimə çəkmişik?

MİLLƏTİM

Həkimi görəndə azarın bilən,
Mollası gəlmişkən ölən millətim.
Ağızda çörəyin, evdə mənzilin,
Hər yoldan ötənlə bölən millətim.

Daha bu bazarın nırxı köhnəlib,
Axar suların da arxı köhnəlib,
Zamanın fırlanan çarxı köhnəlib,
Düşmənə «dost» deyə bilən millətim.

Qınını çürüdüb qılıncın pası,
Yetən məmur sənə, zatı vasvası,
Hərə bir tərəfdə qoyubdur tası,
Tası doldurmağa dilən millətim.

Hərə bir havaya oynadır səni,
Hərə bir qazanda qaynadır səni,
Binamus, bişərəf aynadır sənə,
Dərdindən dəli tək gülən millətim.

Üstünə əzəldən çaqqallar hürdü,
Sənə xor baxanın hamısı birdi,
Yarısı «müqəddəs», yarısı «pirdi»,
Sərvəti talanan, şülən millətim.

Haramı kim qatdı öz halalına,
Zəhəri kim qatdı, şirin balına?
Axmaqlıq demişdin düzün halına,
Qəbrinə düz yolla gələn millətim.

Bilmirəm nə deyim, nəyini öyüm,
Yamanı gizləyib, yaxşımı deyim?
İki əl tapmıram başıma döyüm,
Göz yaşın gizlicə silən millətim.

YÜRÜMƏDƏN GƏL …

Gələcəm demişdin, vaxtsız, vədəsiz,
Günəş üfüqlərə yürümədən gəl.
Bahar nəfəsindən qışın son qarı,
Quzeydə yumşalıb ərimədən gəl.

Yağacaq, səs-küylə yaz yağışları,
Yuyacaq mürgülü qara daşları,
Nəğməsin kəsəcək o çöl quşları,
Qəlbim quşa dönüb kirimədən gəl.

Gəlişin vaxtı var, vədəsi olar,
Bəzən də vədəsiz yarpaq saralar,
Yerdə xəzəl olar, rəngi qaralar,
Canım o yarpaq tək çürümədən gəl.

«Gələcəm» deyərək, durdun qəsdimə,
Gözlər acılanıb ağlar tüstümə,
Bir tənha ağacam, gəlir üstümə,
Torpaq ayaq açıb yerimədən gəl.

ANA

Anamın əziz xatirəsinə

Bizi ağlamağa qoymazdın, amma
Sənsiz ağlayırıq, fikrə dalırıq.
Sən bizi dünyaya gətirdin, ana,
Biz səni dünyadan yola salırıq.
..

Ana, müşkül oldu, sənsiz yaşamaq,
Dünya məzar kimi dar olub mənə.
İndi göz yaşını saxlamaq olmur,
Acı xatirələr yar olub mənə.

Bu xəbər yuxumu, kədər yuxumu,
Qəm yaman tanıdı mənim yaxamı,
Daha unutmuşam varım, yoxumu,
Yaşamaq özü də ar olub mənə.

Bu nə cığır imiş, kimlər keçmədi,
Bu nə çeşmə imiş, kimlər içmədi?
Bu dünya əzəldən mənə düşmədi,
Yüz yerdən yaralar vurulub mənə.

Yatağın itirən dəli bir çayam,
Dərələr dolaşan yanıq bir hayam,
Bir yol ayrıcında yaman tənhayam,
Sənsizlik anam tək sarılıb mənə.

Bu xəbəri paylaşın: