Şahzadə Philip-in xatirəsinə Britaniyada top atəşləri açılıb

Şənbə günü Windsor Qəsri qarşısında Edinburgh Hersoqunun xatirəsi iki dəqiqəlik sükutla yad edilib, ölkə boyunca dövlət və rəsmi binaların üzərindəki bayraqlar endirilib.

Edinburgh Hersoqu 99 yaşında vəfat edib. Şahzadə Philip-in dəfn mərasimi ilə bağlı məlumat bu həftəsonu elan olunmalıdır.

Şənbə günü yerli vaxtla saat 12:00-də London, Edinburgh, Cardiff və Belfast şəhərləri də daxil olmaqla, müxtəlif yerlərdəki artilleriya bölmələri 41 dəfə atəş açıblar. Bundan əvvəl belə mərasim yalnız iki dəfə — 1901-ci ildə Kraliça Victorianın və 1965-ci ildə Winston Churchill-in ölümündən sonra baş tutub.

Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə görə, mərasimi televiziya və ya internet üzərindən izləmək tövsiyə olunur.

Şahzadə Philip cümə günü, 100 yaşına iki ay qalmış vəfat edib.

Ötən gün Buckingham Sarayının verdiyi açıqlamada deyilir: «Əlahəzrət Kraliça dərin kədərlə sevimli əri, Edinburgh Hersoqu Əlahəzrət Şahzadə Philip-in vəfat etdiyini elan edib. Əlahəzrət bu səhər Windsor qəsrində dinc şəkildə vəfat edib».

Şahzadə Philip Şahzadə Elizabeth-lə, onun Kraliça olmasından 5 il əvvəl, 1947-ci ildə ailə qurub. O, Birləşmiş Krallığın ən uzun müddətli şahzadə-konsortu (monarxın həyat yoldaşının titulured.) olub. Cütlüyün dörd övladı, səkkiz nəvəsi və 10 nəticəsi var.(BBC)

Bu xəbəri paylaşın: