
ELBƏYİ
Mən sərt adam deyiləm,
Köksümdə hələ də məsum bir uşaq yatır…
Bir azca kövrək,
Bir azca da ürkək…
Hələ də anamdan bir xoş söz,
Atamdan da bir xoş üz,
gözləməkdəyəm…
MƏNƏ NƏ…
O gözlər mavi dənizdi,
Baxışı su tək təmizdi,
Hər baxan ölümünə üzdü,
Mənə nə.
O dodaqlar bir çiçəkdi,
Bitdiyi çəmən göyçəkdi,
Bir arı balını çəkdi,
Mənə nə.
Saçları sanki günəşdi,
Əl yandıran bir atəşdi,
Çox qəlbləri yaxıb keçdi,
Mənə nə.
Baxışı mələk baxışı,
Kiminə cənnət yağışı,
Kiminə tale qarğışı,
Mənə nə.
Yanağı dağların gülü,
Üzündən nurlar tökülür,
Hər cizgidən mələk gülür,
Mənə nə.
Həsəddən yanan biri var,
Söylənir bax, apardılar…
O cür gülü qopardılar,
-Sənə nə.
Mənə nə…

DOSTLAR HAQQINDA REKVİYEM
Mən sərt adam deyiləm,
Köksümdə hələ də məsum bir uşaq yatır…
Bir azca kövrək,
Bir azca da ürkək…
Hələ də anamdan bir xoş söz,
Atamdan da bir xoş üz,
gözləməkdəyəm…
Hələ tənhalıqdan için-için ağlamaqdayam…
Dost deyib kürək söykədiyim,
Dağlardan kürəyimə sancılanları,
Dost əlindəki bıçaq deyil, daş-kəsəyə yozuram.
Oxuduğum ən pis hekayəni də
Sən demə elə dostlar yazıbmış.
İmza qoymasalar da,
Bu anonim yazıya
Əllərinin izindən tanıdım, onları.
Ölməkdə olan,
Özlərindən yıxılan sözlərindən tanıdım, onları…
Qalan ömrü, onları yozuram,
Mən də dostlarımın hekayəsini yazıram…
Bir namərd körpüsünün yanındakı,
Bir söyüd ağacının altında,
Yazdılar bu hekayəni…
Bunca illərimizi masaya çevirib ,
Üstündə yazdılar.
Bunca salamları qələm edib,
Ürəyimin qanına batırıb,
Qəsdimə yazdılar.
Qıpqırmızı bir hekayə,
Mənsə bunlardan xəbərsiz bir oxucu,
Oxuduqca hekayənin sonluğuna qaçırdım.
Anladım, gec idi, amma,
Yenə də dostlara sağ ol, dedim.
Bəlkə bir ömür xərcləyib tanımayacaqdım,
Tanıyım deyə,
Dostlar özlərini qurban etdilər,
Atdılar özlərini nifrətimin ən sıldırım uçrumlarından…
Bunca şərəfsizə dost deməməyim üçün,
Özləri özlərinə dar ağacı oldular.
İntihar ağacı oldular.
Onlar mənimçün, mənim uğrumda öldülər.
Bu da son təsəllim,
Bu da mənim onlara yazdığım hekayəm,
Göndərdim məzarlıq ünvanlarına,
Yazdım ki, nə yaxşı yoxsunuz, bu gün.
Yazdım ki, çox şadam sizin yoxluğunuz üçün…

ÇOX YORULMUŞAM
Qınamayın məni, dostlar,
Deyəsən çox yorulmuşam.
Elə bil ki, köçmüş nə var,
Yer üzündə tək qalmışam.
Fələklər yora bilmədi,
Adamlar yordu məni.
Batman dərd qıra bilmədi,
Adamlar qırdı məni.
Bir qara daşa döndərdi,
Oyatmaz bu sellər məni.
Şam tək əridib söndürdü,
O alovlu dillər məni.
Gözümün yaşı qurumuş,
Qəlbimin səsi kirimiş.
Sevgimi həsrət sarımış,
Ürəyim dərddən ərimiş.
Döydüyüm qapı açılmaz,
Məni gözləmir kimsələr.
Perikmiş quş kimi bir yaz,
Bəlkələr geri gəlsələr…
Hələ dilimin ucunda,
Demədiyim bir söz qalıb.
Burda qəlbimin küncündə,
Kül arası bir köz qalıb.
Bu köz dünyanı yandırar,
Bu söz atəşi söndürər.
Hələ də bir ümüdüm var,
Gedəni geri göndərər.
Ümüdü ən sonda ölər,
Bəlkələr yazan qismətin.
Gedən ayaqlarsa, dönər,
Gedən ürəksə, çox çətin…

YAMAN DARIXMIŞAM…
Bu gecə zülmətə göz söykək olub,
Bu gecə oduma köz söykək olub,
Qəlbimə həsrətin od köynək olub,
Yaman darıxmışam, səninçün, gülüm.
Damla yaş olaydım, yanaqlarında,
Siləydin əlinlə dodaqlarına,
Oradan düşəydim ayaqlarına,
Yaman darıxmışam, səninçün, gülüm.
Əlimi atıram, gecə qədərsiz,
Gözümü açıram küçə qədərsiz,
Dünyaca qədərsiz, göycə qədərsiz,
Yaman darıxmışam, səninçün, gülüm.
Açsan pəncərəni, gördüyün mənəm,
Zülmətlə qovuşan sükut kimiyəm,
Bir mehə bənd olan bulud kimiyəm,
Yaman darıxmışam, səninçün, gülüm.
