POEZİYA ÇƏLƏNGİ: Baxır bu dünyanın son adamı tək…

ELBƏYİ

Gəlirsən, gəl daha bitsin bu yollar,
Yığışsın özünə açılan qollar,
Sənə veriləsi əmanətim var,
Gözdə düyünlənib damla yaş qalıb…

QURTARMIR

Bir budaqda son yarpağam,
Canım üzülüb qurtarmır.
İlməsiyəm bir yumağın,
Bu ip nəzilib qurtarmır.

Ayı günəşə yetməyən,
Suyu atəşə yetməyən,
Dünyadı-sonu bitməyən,
Eşqim yozulub qurtarmır.

Qarlı dağlarda daş oldum,
Çox illərə sirdaş oldum,
İki ayaq, bir baş oldum,
Yollar çözülüb qurtarmır.

Bir ömür boşa sovruldu,
Varlığım dərddən yoğruldu,
Bağrım həsrətdən qovruldu,
Qismət yazılıb qurtarmır.

Əlim əlimdən yuxarı,
Ruhum dilimdən yuxarı,
Üzüm ölümdən yuxarı,
Qəbrim qazılıb qurtarmır…

KƏSİR…

Bu torpaq pislik bitirir,
Əldə qılınc yetən kəsir.
Dədəm bicdi cüt ötürür,
Nənəm də kündədən kəsir.

İşbaz oldu, lotu-potu,
Yoxdu kökü, nəsli, zatı,
Əldə tutub həcamatı,
Nə düz bölür, nə tən kəsir.

Üzdə adama bənzərlər,
Lom udmuş tək dik gəzərlər,
Baxanlar, sanki sezərlər,
Bir payada gödən gəzir.

Vətən yolsuza yolaqmış,
Qotur ulağa yaylaqmış,
Özgələrə lap yalaqmış,
Oğlu gedib Vətən gəzir.

Qurd dişi çıxmaz tamahdan,
Umacağı yox sabahdan,
Əlini çəkdin Allahdan,
Allah da bəndədən kəsir.

DAMLA YAŞ QALIB

Qopardı qəlbimi zalımın qızı,
Köksümün altında qara daş qalıb.
Gözlərim gözünə qalıb tamarzı,
Dilimdə quruyub bircə kaş qalıb.

Girdi aramıza illər oynadı,
Sızdı damcı — damcı sellər oynadı,
Tufanlar, küləklər, yellər oynadı,
Arada nə qədər bahar, qış qalıb?

Bir ömrü sovurdum belədən belə,
Bir xoş gün tapmadım, ha verdim yelə,
Ürəyim küskündü, gözlərim hələ,
Dörd yana baxmaqdan əyri, çaş qalıb.

Dəli dağ çayı tək axdım, duruldum,
Dərədə inlədim, düzdə lal oldum,
İllər savaşlarda keçdi, yoruldum
Bircə girmədiyim son savaş qalıb.

Gəlirsən, gəl daha bitsin bu yollar,
Yığışsın özünə açılan qollar,
Sənə veriləsi əmanətim var,
Gözdə düyünlənib damla yaş qalıb…

İNTİHAR…

Orda —
Zirvələrlə göy qovuşanda,
Buludlar çiynimə qoyub başını,
Dayanmışam mən…
Baxıram günəşin «intiharından»
Qarşı üfüqlərdə «qan izlərinə»…
Ölür,
Ölən günəş,
Öldürən günəş
Mis rəngli dünyanın son adamı tək…
Mən kiməm?
Nəçiyəm?
Eheyyy!!!
Dayan gəlirəm,
Hər ayağa döşənən bu qul dünyanın,
Vecsiz oğullara
Noğul dünyanın,
Noğulundan bezib gəlirəm…
Baxıram aşağı,
Uçrumlar,
Sıldırımlar
Və yarğanlar.
Lap aşağıda,
Dağ yırtan,
Daş sürtən
Dağ çayı axır…
Qarşı üfiqlərdə, günəş dayanıb
Son kərə, son dəfə üzümə baxır…
Ölür günəş,
Ölür dünənki kimi…
Mis rəngli dünyanın son adamı tək…
Bir az aşağıda,
Bax aşağıda,
Bir dəli dağ yırtan dağ çayı axır…
…Orda —
Zirvələrlə göy tutuşanda,
Çiynində buludlar
Kim isə baxır…
Baxır bu dünyanın son adamı tək…

Bu xəbəri paylaşın: