Redaksiyamıza müraciət edən Natiq Həsənov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov Gəncə Apelyasiya məhkəməsinin və ümumiyyətlə Gəncə məhkəməsinin bərbad fəaliyyətindən şikayətlənib. Bildirib ki, öz evinə dair haqqını sübut etmək istəyi əlavə baş ağrısına çevrilib.
Məlumat üçün bildirək ki, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və şəhər şöbəsinin sədri kimi Natiq Həsənov yüzlərlə müharibə veteranı və əlilinin, o cümlədən şəhid ailəsinin pozulmuş hüquqlarının bərpasında öndərlik etsə də, öz hüququnu Gəncə məhkəmələrində bərpa edə bilmir.
Çünki Gəncə şəhərində mövcud məhkəmələrin xəbəri olmadığı tək şey ədalətdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, məhkəmələr haqqın müdafiəsini deyil, «öz arşını ilə» yeni ölçülər tətbiq edir. Məhkəmə proseslərində bu sahədə ciddi narazılıqların nədən qaynaqlandığı subyekt barədə ölkə qanuna uyğun olaraq bildirək ki, bütün nüanslar qanunvericilikdə öz əksini tapıb. Ancaq şəxsi ambisiyalar, şəxsi mənfəət bu sahədə qarmaqarışıqlar yaradıb. Qanunda vərəsəlik barədə deyilir ki, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Qanuna əsasən, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.

Bunca sadə və bəsit hüquqi normanı bilməyən Gəncə Apelliyasiya məhkəməsinin hakimi Afiq Hüseyn oğlu Hüseynzadə tam təzə qanunlar yaradıb. Yəqin Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə naziri Fikrət Məmmədov bu yeni «qanunlardan» xəbərsizdirlər. Amma öyrənmək heç zaman gec deyil. A.Hüseynzadə kimi hakimləri olan ədliyyə işçiləri öyrənməlidirlər ki, şəxsi necə məcburi paydan mərhum etmək olar. Öyrənin cənablar, çünki dünyada bunun analoqunu tapa bilmədik. Bu «qabaqcıl» təcrübəni öyrənin!
Sadəcə biyabırçılıqdı!
Elnur Səlim
