
ELBƏYİ
Döydüyüm qapılar heç açılmadı,
Mənim bildiklərim mənim olmadı,
Gözdə ağlamağa yaş da qalmadı,
Sellərə qarışdım günün birində.
GÜNÜN BİRİNDƏ
Ayrıldıq..nəğməmiz qaldı yarımçıq…
Fikirlər pərişan..könüllər qırıq…
B. Vahabzadə
Sonu görünməyən yollara düşdüm,
İllərə qarışdım, günün birində.
Gah yoxuş yeridim, gah dara düşdüm,
Özümlə vuruşdum, günün birində.
Döydüyüm qapılar heç açılmadı,
Mənim bildiklərim mənim olmadı,
Gözdə ağlamağa yaş da qalmadı,
Sellərə qarışdım günün birində.
Alışan sevgilər köz-köz söndülər,
Hərəsi dərd olub geri döndülər,
Qolumu bağlayıb məni endilər,
Qismətlə barışdım günün birində.
Nə yaralar gördü köksümdə ürək,
Ağlar için-için yetim uşaq tək,
Bundan sonraları nəyimə gərək,
Ən son dağı aşdım günün birində.
Bir şeir başladım qaldı yarımçıq,
Fələk çox ayrılıq saldı, yarımçıq,
Gedəcəm dünyadan gözləri açıq,
Mən yaman yığışdım, günün birində…
Yürüdüm iynəylə qazdığım gora,
Ömrü xərclədiyim bu dar məzara,
Günəşi çıxmayan bir yermiş bura,
Axır ki, qovuşdum, günün birində…
VARMIŞ
Ömür dediklərin, gün dediklərin,
Seyr etdim, çevirdim, nə halı varmış?
İlləri borc alıb vermədim geri,
Nə qısa, tələskən macalı varmış?
Hələ içimdəki o məsum uşaq,
Bir azdan qalxacaq, vay oyanacaq,
Onu böyüməyə qoymadım, ancaq,
Onun keçiləsi çox yolu varmış…
Beləcə büdrədim, sındım qul kimi,
Dostlar yoxa çıxdı, qızıl pul kimi,
Gəldi baltalılar «nər oğul» kimi,
Hərənin bir kitab sualı varmış.
Dərdi batman-batman, yoxlayanım yox,
Həkim də pis yazıb oxuyanım yox,
Vallah ki, ölmüşəm ağlayanım yox,
Fələyin quruca sığalı varmış.
Yüz yerə, min yerə axdım olmadı,
Ümmana yetməyə baxtım olmadı,
Mənim yaşamağa vaxtım olmadı,
Hər qapı ardında əcəli varmış…

MƏHBƏS NƏĞMƏSİ
Sağ divar,
Sol divar,
Arxa, ön divar,
Göylər də daşa bükülüb…
Daş göylərdən üstümə
zülmət tökülür…
Bəbəklərimin zülmət altda qalan
işığı ölür.
Bir zərrə işıq boylanır
dar pəncərədən,
Tikanlar işığın gözünü tökər.
Zülmətlər içində əriyər işıq,
Tapanar, tapanar gözümə çatmaz.
İçimdəki qorxular dilimi tutub,
Dilim sözümə çatmaz…
Zülmət qandal kimi soyuq,
Sükut zəncir qədər ağır,
Ayaqlarım, əllərim yağır,
Daş göyümdən,
Daş yerimə,
Bir hüzün yağır…
Yağır əlim özümə yetməz,
İçimdə bir Tanrı boğular,
Bir gilə işıq həsrətində…
Böyüyər həsrətim,
Sığmaram özümə,
Özümə sığmaram.
Ağırlaşar nəfəsim —
Nəfəsim soyuq divarların göz yaşı,
Qopan səsim,
Divar hıçqırığı,
Daş qışqırığı…
Bir kimsə eşitməz məni,
Dinləməz bir kəs məni,
Öz qəfəsimin —
Mən boyda daşıyam,
Əl boyda quşu deyiləm…
Bilmirəm bu məhbəs nəğməsi,
Haradan qonubdu dodaqlarıma?
Bəlkə bir gilə işığın həsrəti,
Cücərdib məni,
qara daş kimi…

MƏHŞƏRƏ QALDI
Mən bəri taydayam, sən o taydasan,
Arada sıldırım bir dərə qaldı.
Bu gecə son gecəm, əcəl göz tökür,
Həkimin dərmanı səhərə qaldı.
Ümid tarlasını günəş qovurmuş,
Ömür xırmanını quşlar sovurmuş,
Həyat dedikləri bircə hovurmuş,
Nəfəs dedikləri bir kərə qaldı.
Sevgim ünvanını düz götürmədi,
Solan çiçəkləri yaz bitirmədi,
Mənimki dünyayla düz gətirmədi,
Onunla hesabım Məhşərə qaldı…
