Beyləqan rayonu Əlnəzərli kəndində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş momerial abidə kompleksinin açılışı olub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədov məlumat veriblər.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov şəhidlərimizin unudulmaması üçün əllərindən gələni edəcəklərini qeyd etdi.
O, bildirdi ki, vətənpərvərliyin ən ali məqamı — şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlamalıyıq. Çünki şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürməlidirlər.

Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizəyə can atmalıdırlar. Ona görə də biz bu mirası gələcək nəsillərə ötürməliyik. Qazilərimizə, veteranlarımıza və öncə şəhidlərimizə daim ehtiram göstərməliyik. AVMVİB illərdir bu yolla yürüdü və şükürlər olsun ki, AVMVİB sədri Füzuli Rzaquliyev tərəfindən müəyyən olunmuş bu xətt öz bəhrəsini 44 günlük müharibədə verdi. Bəzən bizim bu tədbirlərə ağız büzənlər, hətta bizim bu işi ələ salanlar indi miskincəsinə qazanılmış qələbədən pay umurlar.
Allah bu müqəddəs yolda Vətən üçün şəhid olmuş döyüşçülərimizə Allahdan rəhmət diləyirəm.
Elnur Səlim

