«Zəlzələlərdən və onu xaraba qoyan Osmanlı və Rus istilalarından Qacar tərəfindən bir az bərpa edilən Təbriz, yenidən İranın əsas bazarına çevrildi. Vəliəhd Abbas Mirzə, erməni karvançılarının ingilis pambıq parçalarını və sənaye məhsullarını daşımaq üçün istifadə etdikləri Osmanlı-İran yolu olan Xoy-Ərzurum-Trabzon boyunca qərbə, Osmanlı dənizinə doğru ticarəti təşkil etmişdi.
Digər, daha kəsə bir yol da Təbrizi Qərb dünyasına birləşdirirdi: İrəvan, Tiflis və Qara dəniz limanlarından keçən Güney Qafqaz yolu. 1878-ci ilədək, Qars və Batum Osmanlıda qaldığı müddətdə, İrəvanın sahibi olan ruslar, Osmanlı Bəyazidi üzərindən kiçik bir dolanmanın onlardan qoparda biləcəyi bu tranzitin üstünlüklərini saxlamaq istəyirdilər.
Lakin 1880-ci ildən Batumu əllərində tutaraq ərazilərindən bütün Avropa mallarının keçidini bağladılar: İngilis mallarını bütün Şimali İran boyunca Xorasanacan, əfqan bazarlarınacan paylayan Təbriz idxalçılarına Trabzona gedən yeganə yol qaldı.
Təbrizdən Tehran vasitəsi ilə Məşhədə və Herata gedən, Xorasan və Qərbi Əfqanıstanı Təbrizlə Trabzonun müştəriləri sırasına daxil etmiş bu ingilis-erməni cığırı əlli il boyunca, bir növ Kale-Paris-Marsel kimi, İranın ticarət arteriyası idi.
Rus müdaxiləsi, moskovitlərin pambıq parçalarını və sənaye məhsullarını basıb keçirərək və şimalın üç-dörd qapısını, Məşhəd, Rəşt, Astara və Təbrizin özünü zorlayaraq bu Təbriz-Məşhəd yolunu yarıb iki və ya üç hissəyə ayırdı: Rus ticarəti Təbriz xalqını yalnız Xorasandakı uzaq müştərilərindən məhrum etmir; həm də onların öz Azərbaycanındakı öz bazarlarında və qəzalarda da Güney Qafqaza məlum olan bütün irqlərin və bütün dinlərin agent və dəllallarını daxil edir;
Böyük rus anbarı olan Tiflisdə yetmiş dilin təmsilçilərinin yerləşdiyi deyilir.»
Victor Bérard, Révolutions de la Perse. Les provinces, les peuples et le gouvernement du Roi des Rois — Paris: Librairie Armand Colin, 1910, pp. 174-176.