
Jurnalist
Vallah, mənim söz çürütməklə işim yoxdu. Düzünü desəm, buna səbrim, hövsələm də çatmır. Amma İsfəndiyar Vahabzadənin bir çıxışı bizim qarnı və boğazı ilə idarə olunanlara o qədər təsir edib ki, kişini əməlli-başlı topa tutublar.
Heç, bəlalarımızın memarı Kremlin kadr arsenalından bu təpkini görmədik. Mən bilmirəm, bu «milli» hücumların arxasında nə var? Bu Kremlə xidmətin əlamətidir, ya nəyin, demək çətindir. Fəqət, bu adamlar anlamırlar ki, burda Jirinovski və rus məsələsi əsas deyil. Əsas olsaydı düşmən Ermənistan russuzlaşdırılanda, İrəvanın üstünə tank topla gələrdilər. Gəlmədilər. Niyə?
Çünki Kremlin iyrənc siyasətində xalq, millət anlayışı yoxdu. İşğal və talançılıq var. Bir milyon rusun taleyindən keçərlər, təki çirkin niyyətləri doğrulsun. İndi bütün bunları bilə-bilə bizim qaloşlu adamlar, ədəbiyyat aliminin fikirlərini redaktə edirlər. Ona hər kəs tərbiyəsinə və «xidmət»inə uyğun cavab verir. Hətta bəziləri daha dərinə gedib, Vahabzadənin düşmənə təhvil verilməsi haqda düşünür.
Bilirsiniz, bu hadisə yadıma nəyi saldı. 1988-ci ildə sovet KQB-sinin düzüb qoşduğu Sumqayıt hadisələrində əsas rolu erməni Qriqoryan oynamışdı. Nəticədə, bizim qorxaqlığımız və Mərkəzə itaətimiz səbəbindən azərbaycanlı Əhmədov güllələnməyə məhkum edildi. Yenə udan ruslar, ölən ermənilər, uduzan isə biz olduq.
İndi Vahabzadəyə redaktə və etika dərsi keçənlərdən üz tuturam. Onun danışığında hansı qəbahət var ki, yüz söyüş və təhqirə bir cavab verib? Çağdaş dünya siyasətində Baydendən Makrona, Əsəddən Raxmonova qədər hamısı ədalət və etika mələkləridirmi?
Əslində Vahabzadənin əvəzinə ölkənin parlamentində və hakim siyasi elitasında fəaliyyətsiz olub, belə hallarda axına qoşulanlar danışmalı və etiraz səslərini ucaltmalıydılar. Ermənilər səngərdə əyilib gəzirlər deyənlər, təhqir olunmuş xalqa, dövlətə və onun başçısına görə üsyan etməliydilər. Əksəriyyətinin hüquq təhsili var. Bilirlər ki, prezidentlik statusu dövlətçiliyin simvoludur.
Hərçənd ki, bu adamların susqunluğu, onların dövlətçiliyimizə münasibətini ortaya qoydu. İndi Qurbanəli bəy pristavın itini tumarlayan kimi, Jirinovski kimiləri tumarlayıb könlünü almağın nə anlamı var?
Ortada Vətənin taleyi dayandığı bir vaxtda , kim atıb bu legioner niyyətliləri, ortaya? Onsuz da bircə hərəkətinizlə bu xalq hamınızı deşifrə edib. Heç, hənanın yeridi?
