Göygöl rayonunda veteranlarla keçirilən görüşdə «Əzəmətli Kəlbəcər qüdrətli Xilaskarı ilə görüşdü» mövzusunda çıxışlar olub.
Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri ilə görüşüb və onların problemləriylə maraqlanıb.
Tədbir öncəsi şəhid məzarları ziyarət olunub. Sonra Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu və Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu öz çıxışında deyib:
— Hörmətli tədbir iştirakçıları!
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş rayonlarımıza səfərləri ənənəvi xarakter alıb. Növbəti səfər Laçın və Kəlbəcər rayonlarına oldu. Dövlət başçımızın səfər zamanı etdiyi çıxışı böyük maraq doğurdu.
Qalib Ordumuzun Ali Baş Komandanının çıxışında mövcud, hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, Ermənistana və onun havadarlarına ünvanlanmış kəskin mesajların səsləndirilməsi, habelə əldə olunmuş uğurlu nəticələr və böyük perspektivlər barədə deyilənlər bədxahlarımıza göz dağı oldu.
Şübhəsiz, Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi Azərbaycan Prezidentinin diplomatik məharətinin, müzəffər Ordumuzun qüdrətinin sayəsində mümkün oldu. Möhtərəm Prezidentimiz bu səfər zamanı Kəlbəcər və Laçın rayonlarında görüləcək işlərin gedişi ilə bağlı xalqa anonslar verdi, bir sıra ciddi mahiyyət daşıyan layihələrin təməli qoyuldu. Bu, ilk növbədə, Kəlbəcər tuneli, Laçın Hava limanı ilə bağlı idi. Həmin layihələr təkcə bu gün üçün deyil, gələcəyə və regionun Azərbaycanın və dünyanın digər yerləri ilə əlaqələrin qurulması baxımından böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edir.
Prezident yolboyu bir daha erməni vəhşilikləri üzərində dayandı.
Xüsusi olaraq Kəlbəcərin yerlə bir edilməsi, “İstisu” kimi böyük müalicə mərkəzinin ermənilər tərəfindən vandalizm nəticəsində pis günə qoyulması və s. bütün bunlar ekran vasitəsilə xalqımıza çatdırıldı bəyan etdi. Prezident çıxışında Şərqi Zəngəzurun, eyni zamanda, Qarabağ iqtisadi rayonlarının gələcəyinə hədəflənən və ciddi əhəmiyyət kəsb edən hədəflər barədə də danışdı: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”– fikri Azərbaycan Prezidentinin qətiyyəti, siyasi və hərbi-strateji şəraitin ordumuzun tam nəzarətində olmasının göstəricisidir.
Diqqətinizə görə minnətdaram!
Tədbirdə çıxış edən AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov da Ali Baş Komandanın məlum səfərini alqışladı:
— Hörmətli tədbir iştirakçıları!
Hörmətli Elşad müəllim!
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dövlətimizin başçısı hər iki rayonda bir çox sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Bu möhtərəm Prezidentin müharibədən sonra Kəlbəcərə ilk səfəridir. Kəlbəcərin azad edilməsi olduqca böyük tarixi hadisədir. Ölkəmizin bu olduqca gözəl və zəngin rayonun işğal altına düşməsi xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi məhz Kəlbəcər rayonu idi.
Məlumdur ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi satqın qüvvələr Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər. “Ağır günün ömrü az olar”, deyib atalar. Kəlbəcər artıq əsl sahiblərinə qaytarılıb.
Cənab İlham Əliyev səfər zamanı demişdir: “Hərbi əməliyyat nəticəsində torpaqları¬mız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürmüşdür və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur”. Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri, fikrimcə, bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, ermənilər İkinci Qarabağ müharibəsindən əvvəlki danışıqlar zamanı israrla Laçın və Kəlbəcəri Azərbaycana verməməyə çalışırdılar.
Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyətli mövqeyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində digər rayonlarımız kimi, Kəlbəcər və Laçın da işğaldan azad olundu. Bu, olduqca böyük tarixi nailiyyətdir! Vaxt var idi ki, ermənilər Kəlbəcər və Laçına səfərlər təşkil edir, bunu sosial şəbəkələrdə paylaşır və hər vəchlə Azərbaycan xalqını qıcıqlandırmağa çalışırdılar. Artıq digər rayonlarımız kimi, Kəlbəcər və Laçın da bizimdir və əbədi olaraq bizim olacaq. Bu, həm də Ermənistana və onun havadarlarına bir mesajdır ki, ağıllarını başlarına yığsınlar və bir də xam xəyallara düşməsinlər. Əgər Ermənistan yenidən müharibə etmək istəsə, Azərbaycan buna da hazırdır. Qoy Ermənistan unutmasın ki, bizə qarşı hərbi təxribatlarını davam etdirsə, bunun bədəli bu dəfə daha ağır olacaq.

Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səslənən digər mesaj isə budur ki, Azərbaycan qısa müddətdə işğaldan azad etdiyi ərazilərdə yüksək quruculuq işlərinə başlamışdır. Dövlətimiz və xalqımız əl-ələ verib bu bölgəni dünyanın ən abad və gözəl məkanlarından birinə çevirmək əzmindədir. Artıq mühüm əhəmiyyət kəsb edən bir neçə yolun çəkilməsinə başlanılıb, bölgədə aeroport inşa olunur, su elektrik stansiyaları bərpa olunur.
Yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə yeni kənd və qəsəbələrin salınmasına başlanılacaq.
Deputat E. Mirbəşir oğlu tədbirdən sonra 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüşüb söhbət etdi.
Elnur Səlim





