Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov koronovirusla (COVİD — 19) mübarizədən qalib çıxdı və bu münasibətlə çox minlik veteranlar ordusu adından qazi qardaşımıza cansağlığı arzulayırıq.
Sağlığına qovuşan Vahid Abdurəhmanov bizimlə söhbətdə bu xəstəliyə qalib gəlməsində Fövqaladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxanasının 16-cı korpusunda çalışan həkimlərin və tibbi personalın misilsiz əməyi olduğunu qeyd elədi. Müalicə olunduğu korpusun şöbə müdiri Fidan Rafail qızı Həsənovaya bir daha öz dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, həqiqətən də «ot kökü üstdə bitər». Fidan xanım qəhrəman qazimiz, həyatdan vaxtsız köçmüş Rafail Həsənovun qızıdır. Ona görə də qazilərə onun göstərdiyi diqqət və qayğını hər kəs təsəvvür edə bilər. Atası Rafail Həsənov 45 il yaşadığı bu dünyada hər bir müharibə əlilinin sevimlisinə çevrilmişdi. Həyatını öncə Vətənin müdafiəsinə, sonra isə döyüş yoldaşlarının hüquqlarının müdafiəsinə həsr edən Rafail Həsənovun 4 övladından biri olan Fidan xanım bu gün atadan gələn humanizm və vətənpərvərliklə bütün xəstələrə şəfqət verməyə çalışır. Allah Qazimizin qızını qorusun!
Həqiqətən də, «Ot kökü üstdə bitər». Atası Vətənin keşiyində, övlad Fidan Həsənova isə bu vətənin vətəndaşının sağlamlığının keşiyində durub bir tarix yazır. Belə gözəl yadigarlar qoyub getmiş, qəhrəman döyüşçü qardaşımız Rafail Həsənova Allahdan rəhmət, qəhrəman həkimimiz — Fidan Həsənovaya isə xoşbəxtlik diləyirik.
Elnur Səlim


