SƏFƏVİ SİMVOLİKASI SİLSİLƏSİNDƏN — BƏRABƏRTƏRƏFLİ XAÇ

Orta əsrlər memarlığının ən gözəl nümunələrindən biri olan Şeyx Səfi kompleksinin təsvirlərini nəzərdən keçirərkən diqqətimizi maraqlı bir element cəlb etdi. Kompleksin kiçik türbəsinin üzərində bərabərtərəfli xaç işarələri həkk olunmuşdur.

Xaçın ən qədim formalarından biri bərabərtərəfli xaçdır. Tanrının, günəşin, həyatın təcəssümü olan bərabərtərəfli xaç Amerika, Tibet, Çin, Yaponiya, Altay, Orta Asiya, Hindistan, İran və Avropanın yerli xalqlarının əksəriyyətinin dini inanc sistemlərinin müqəddəs rəmzlərindən biri olmuş, “Hun dövlətinin bayraqlarını da bərabərtərəfli xaç (aça, haça) işarəsi bəzəmişdir”.[1]

Qeyd etmək lazımdır ki, səmavi dinlərdə də bu simvolun özünəməxsus yeri vardır. İslam dininin sütunlarından biri həcc ziyarətidir. Həcc ziyarətinin rükn və vacib əməllərinin, demək olar ki, hamısı yürüş və təvafdan ibarətdir. Təvaf dairəvi hərəkətdir. Dairəvi hərəkətin sonu əvvələ, başlanğıca qayıdışdır. Elə ərəb dilindəki “həcc” sözü də “qayıdış” və “yenidən başlamaq” mənalarını verir. Xaçın və svastikanın da forması, əslində, eyni anlamı ifadə edir. Xristianlıqdakı “xaç yürüşü” mərasiminin (məbədin və ya şəhərin ətrafında dövrə vurmağın, bir məbəddən digərinə, məbəddən çaya, yaxud müqəddəsin məzarına yürüş etməyin) əsas ideyası da, görünür, elə budur.

Haşiyə. Türk, türkmən və tatar (Krım) dillərində bu işarəyə “haç”, tatar (Qazan) və qumux dillərində Azərbaycan dilində olduğu kimi “xaç”, Qaraçay, balkar və noqay dillərində “kaç”, Altay dilində “karçı”, Danimarka və İsveç dillərində “kors”, ingilis dilində “cross”, ispan dilində “kruz”, alman dilində “kreuz”, rus dilində “крест” (krest), Belorus dilində “крыж” (krıj), alban dilində “kryq”, latın dilində “crux” (kruks) deyilir. Diqqət yetirsək görərik ki, alban dilindəki “kryq” (xaç), latın dilindəki “crux” (kruks – xaç) və rus dilindəki “круг” (kruq – dairə) sözləri bir-birinə bənzəyir.

Yeri gəlmişkən, qədim türklərin əsas simvollarından biri “şanırak” adlanır. Şanırak dairənin içində təsvir olunmuş bərabərtərəfli xaçdır. Qədim mədəniyyətlərdə xaç kainatın dairəvi hərəkətini, eləcə də təbiətin dörd ünsürünü – Odu, Suyu, Torpağı və Havanı, dünyanın dörd səmtini – Şərqi, Qərbi, Şimalı və Cənubu simvolizə edirdi. Bütün bunlarla yanaşı qeyd etməliyik ki, sözügedən rəmzin əsl mənası daha dərin, tarixi isə çox qədimdir!

Yuxarıda göstərilənlərdən çıxardığımız nəticə isə budur ki, müxtəlif dillərdə xaçı bildirən sözlər bəzən bir-birinə bənzəməsələr də, onların hamısının mənşəyi eynidir. Bu sözlər bir-birlərindən törəmişlər.

Bugün Qazaxıstanın gerbində və Qırğızıstanın bayrağında şanırak (bərabərtəfli xaç) işarəsi vardır. Səlcuq­lu dövrünə aid miniatürlərdə (qumux tədqiqatçısı Bolat Koçkarev yazır ki, qədim oğuz miniatürlərində xaçın hər bir tərəfinin mənasını onun qarşısındakı at təsviri açıqlayır: qırmızı at yazı, cənubu və odu, qara at yayı, şərqi və havanı, kürən at payızı, şimalı və torpağı, ağ at qışı, qərbi və suyu bildirir), həmçinin Səlcuqi hökmdarının abidəsində də xaç təsvirləri mövcuddur. Bu işarə həm də Əhəmənilər imperiyasının rəmzlərindən biri idi. Tədqiqatçıların qənaətinə görə, Böyük Küruşun abidəsində məhz bərabərtərəfli xaç işarələri təsvir edilmişdir. Əhəməni şahlarının İranın Şiraz şəhəri yaxınlığında Nəqşi-Rüstəm adlı ərazidə yerləşən dörd sərdabası xaç formasındadır. Maraqlıdır ki, Muhəmməd Peyğəmbərin əmisi oğlu Qusam ibn Abbasa aid edilən və Səmərqənd şəhərində yerləşən Şahi-Zində məqbərəsinin divarlarında da həmin xaç işarələrini görürük.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili


[1] Araz Qurbanov. “Damğalar, rəmzlər… mənimsəmələr”, s. 30. Bakı – 2013.

Bu xəbəri paylaşın: