Göygöl rayonu Hacıməlik qəsəbəsində şəhidlərimiz Mustafayev Elvin Fəxrəddin oğlunun və Musayev Ramiz Kamil oğlunun adları bir küçə adı ilə əbədiləşdirilmişdir. Şəhidlərimizin əziz xatirəsi yad edildi. Anım günündə Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin Göygöl rayon şöbəsinin veteranlar və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi iştirak edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimayi Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Elvin Fəxrəddin oğlu Mustafayev 1992-ci il martın 14-də Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Elvin Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirmişdir.
Elvin Fəxrəddin oğlu Mustafayev Vətən müharibəsinin ilk günlərində itkin düşüb. Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb. Şəhid Elvin Fəxrəddin oğlu Mustafayev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Mustafayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.
Anım günündə Elvin Fəxrəddin oğlu Mustafayevin övladına Azərbaycan Vətən Müharibəsi Veteranları İctimayi Birliyinin (AVMVİB) təsis etdiyi «Milli ordu 100» Xatirə medalı təqdim olundu.
Şəhid Elvin Mustafayev evli olub, 3 övladı var. Sonuncu qız övladının üzünü görməyib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
