Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb. Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib.
Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu — «Dəmir yumruq»u öpmək istədiyini dilə gətirib.
Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə icazə verməyib.
Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:
“Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim Prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun.
Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.
Xatırladaq ki, “Dəmir yumruq» Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.
