Heydər Əliyev bizə atılan o mərmini İranın prezident sarayına apardı…

Cənub qonşumuz İran hər zaman Ermənistanı dəstəkləyib. Elə Qarabağ münaqişəsinin ilk günlərindən müsəlman qardaşı olan Azərbaycanın deyil, Arazın bu tayında farsların gözü baxa-baxa məscidlərimizi dağıdan, orada donuz saxlayan ermənilərin yanında dayanıb. Bunu konkret faktlarla sübut etmək də asandır. Bircə onu deyə bilərik ki, 30 il işğal müddətində Arazın o tayına qoşun yığmayan İran indi Azərbaycanın qələbəsini həzm edə bilmir və ordusunu Aslandüzə yığaraq təlimlər keçirir, bir sözlə, Azərbaycana “əzələ nümayişi” etdirir. Təbii ki, müsəlman qardaşını qoyub erməniləri dəstəkləyən rəsmi Tehranın bu davranışı anlaşılan deyil.

İranın Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi ilə bağlı qısa bir fakt: Tehran rəsmiləri Qarabağ münaqişəsində “vasitəçi” olmaq üçün 1992-ci il mayın 8-də Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyanın Tehranda görüşünü gerçəkləşdirir. Bağlı qapılar arxasında bir neçə saat davam edən görüşdən sonra Yaqub Məmmədova xəbər verilir ki, Şuşa işğal olunub.

Digər bir fakt, İrəvandakı yeganə müsəlman ibadətgahı olan Göy məscidi də İran tərəfi təmir edib və üzərinə “fars məscidi” yazdırıblar. Halbuki Azərbaycan memarlığının incilərindən olan bu məscidi İrəvan xanı Hüseynəli xan 1766-cı ildə tikdirib. Bu, faktdır, tarixdir.

Birinci Qarabağ müharibəsində də İran Ermənistanı hər cür silah-sursatla və mərmilərlə təmin edib.

Bununla bağlı kifayət qədər faktlar var və ən maraqlı faktlardan birini keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.az-la bölüşüb.

Politoloq İranın Ermənistana silah satdığının konkret fakta əsaslandığını bildirib: “Mərhum Prezident Heydər Əliyevlə birlikdə Haramı düzündə döyüş mövqelərini yoxlamağa gedirdik. Biz Bakıdan qatarla yola düşdük. İmişliyə qədər xüsusi qatarla davam elədik. Sonra oradan maşınlarla Füzuli istiqamətinə, Haramı düzünə — Azərbaycan Ordusunun döyüş mövqelərinə getdik. Mərhum Prezident ordunun saxlanması, şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə bağlı müdafiə nazirinə suallar verib, cavablar alırdı. O zaman müdafiə naziri Məmmədrəfi Məmmədov idi. Xatirimdədir, çəkiliş qrupuna və Prezidentin bütün hərəkətlərinin lentə alınmasına görə Məmmədrəfi Məmmədovla az qala dabandabana gedirdik. Heydər Əliyev səngərə düşdü və bir kilometrlik səngər boyu döyüş mövqelərini şəxsən yoxlamağa başladı. Əsgər və komandirlərə suallar verməyə başladı. Biz orada olarkən top mərmisi başımızın üzərindən keçərək bizdən cəmi 15-20 metr kənara düşdü. Amma partlamadı. Partlasa, bəlkə də qəlpələri biz tərəfə gələ bilərdi. Onsuz da hədəfdən yayınmışdı. Heydər Əliyev öz əhval-ruhiyyəsini zərrə qədər də dəyişmədi. Dərhal geri dönərək əmr verdi ki, həmin mərmini götürün və partlayıcı hissəsini çıxarın, harada istehsal olunduğunu müəyyənləşdirin”.

Keçmiş dövlət müşavirinin sözlərinə görə, elə hər şey bundan sonra aşkara çıxıb:

“Qısa müddətdə minaaxtaranlar həmin mərmini tamamilə zərərsizləşdirdi. Onlar mərminin üzərinə “Made in Iran” yazıldığını söylədilər. Yəni artıq məlum oldu ki, ermənilər bizi İranın verdiyi mərmilərlə atəşə tutur. Mərhum Prezident həmin mərminin səliqə ilə bükülməsini və gedərkən ona təhvil verilməsini tələb etdi. Mənə də tapşırdı ki, həmin mərminin götürülməsinə və saxlanmasına, Bakıya qədər aparılmasına ciddi nəzarət edim. Haramı düzündən qayıtdıqdan sonra bizim İrana səfərimiz baş tutdu. Həmin mərmini də Heydər Əliyevin göstərişi ilə Tehrana apardıq. O zaman Tehranda keçmiş İran prezidenti Rəfsancani ilə danışıqlar gedirdi. Heydər Əliyev mərminin gətirilməsi və açılması göstərişini verdi. Bu cür də oldu. Mərhum Prezident danışıqlar zamanı çəkinmədən iranlı həmkarına bildirdi ki, siz Ermənistanı dəstəkləyirsiniz. Heydər Əliyev söylədi ki, İranın bu hərəkətləri müsəlman həmrəyliyinə, islam qardaşlığına uyğun gəlmir. Rəfsancani bu fikirləri qəbul etmədiyini vurğuladı. İran prezidenti müəyyən qədər bu məsələləri ört-basdır etməyə çalışdı. “Ola bilsin ki, hansısa yolla gedib ermənilərə çatıb, bəlkə də siz yanılırsınız…” kimi fikirlər səsləndirdi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev çox qətiyyətli formada Rəfsancanini pərt etdi. Bildirdi ki, sizin verdiyiniz artilleriya mərmiləri ilə Azərbaycan Prezidenti atəşə tutulur. Bundan sonra Rəfsancaninin Azərbaycan Prezidentinə deməyə sözü qalmadı. Yalnız onu dedi ki, istəsəniz, sizə də mərmi verə bilərik. O, bu sözlə, birtəhər aranı yumşaltmağa çalışdı. Bu faktın özü sübut edir ki, İran həmin vaxt da Ermənistanı silah-sursatla təmin edirdi”.

Mənbə: HİT.AZ

Bu xəbəri paylaşın: