Ermənistan ordusunun işğalı altında olan Qarabağda fomalaşdırılmış qondarma rejimin istər Xankəndində, istərsə də İrəvandakı tərəfdarları və əleyhdarları arasında son vaxtlar artan gərginliyin arxasında nə dayanır?
Bir qədər inandırıcı səslənməsə də, erməni cəmiyyətində qütbləşmə, siyasi fikir ayrılıqları, qruplaşmalara və klanlararası mübarizənin genişlənməsinə rəğmən, Ermənistan Qarabağ məsələsinin həllinə mane olmaq üçün öz daxilində istənilən iğtişaşa hazırdır və bəlkə də bu istiqamətdə detallı işlənmiş planlar mövcuddur. Hər halda, yaxın gələcəkdə baş verəcək proseslər, rəsmi İrəvanın və ya Paşinyan hakimiyyətinin Qarabağ müharibəsinin nizamlanmasındakı məsuliyyətdən necə yayınmaq istədiyini ortaya qoyacaq.

Erməni mətbuatının və sosial şəbəkələrin bu millətə aid seqmentində tez-tez yayılan informasiyalardan məlum olur ki, Qarabağda baş verən “ictimai-siyasi proseslər”in, etiraz aksiyalarının və siyasi aktivliyin əsas təşkilatçısı yaxın keçmişdə Xankəndində yaradılan “İnqilabçı partiya”dır. Əsasən, bir müddət əvvəl Qarabağda keçirilən qondarma seçkilərin nəticələrinə etiraz etməklə siyasi aktivlik müstəvisinə çıxan bu qurumun simaları, onu təmsil edənlərin kimliyi ermənilərdə ciddi çaşqınlıq yaradıb. Əslində, söz yox ki, Ermənistan hakimiyyəti yaranmış, daha doğrusu, yaratdığı bu vəziyyətdən istifadə edərək, Azərbaycanın region ölkələri ilə münasibətlərinə, Qarabağ danışıqlarının gedişinə ciddi zərbə vurmağı nəzərdə tutur. Bu barədə daha ətraflı yazının digər hissələrində danışmağa çalışacağıq.
Xankəndində peyda olan yeni simalar və onların vəzifələri

“İctimai-siyasi” mühiti nəzarət altında saxlamaq uğrunda Ermənistandan və erməni işğalındakı Qrabağın bölgələrindən olan qruplar ararasında gərgin mübarizə başlayıb. Bu mübarizənin fonunda isə Xankəndində yeni “ictimai-siyasi sima”lar meydana çıxmaqdadır. Düzdür, Ermənistanda hakimiyyət dairələrinin özündə belə, qruplaşmalararası çəkişmə mövcud olsa da, hakimiyyətə, həmçinin onun bütün qanadlarına nəzarəti bir əldə cəmləməyə çalışan Paşinyan və onun komandası öz rəqiblərini çaşdırmaq, erməni cəmiyyətini hadisələrin inkişafına təsir imkanlarından təcrid etmək üçün “Qarabağ kartı”ndan sui-istifadə etməyə başlayıb. Hakimiyyətinin ilk illərində Qarabağ klanına çox ehtiyatla yanaşan Ermənistan baş naziri, müəyyən müddətdən sonra Sarkisyan və onun komandasına hərtərəfli hücumlara başladı. Bir az keçmişə nəzər salanda görürük ki, indiyədək, qondarma qurumda-işğal altındakı Qarabağda “hakimiyyət başında” olmuş fiqurlar və onların rəqibləri bölgədə ictimai-siyasi mühitin gərginliyindən asılı olmayaraq, öz aralarındakı mübarizəni mümkün qədər gizli və sakit tərzdə davam etdirirdilər. Ancaq Paşinyanın ötən ilin payızından etibarən, keçmiş hakimiyyətə və Qarabağ ermənilərindən ibarət klana qarşı başlatdığı “səlib yürüşü”ndən sonra yeni siyasi fiqurlar peyda olmağa başlayıb. Təsadüfi deyil ki, sözügedən fiqurlar başlanğıcda Bako Saakyan və Levon Mnatsakanyanın istefasını tələb edirdilər.
Siyasilərin qalxana çevirdiyi kriminallar

Bəs son zamanlar meydana çıxan təzə fiqurlar kimdir? Bu suala cavab axtaraq. Ermənistandaxili siyasi atmosferdə varlığı ilə yoxluğunun arasında o qədər də fərq hiss olunmasa da, ermənilərin işğal altında saxladığı Xankəndindəki proseslərin mərkəzində daha çox diqqət çəkən simalardan biri, Qarabağda yaradılan “İnqilabçı Partiya”nın sədri, əvvəllər narkotik vasitələrə görə mühakimə edilən Artur Osipyandır.
Bu adam indiyədək erməni siyasi elitasında xüsus yer tutan və nüfuza malik olan şəxslərlə müqayisədə çox gəncdir, demək olar ki, qlobal siyasət üçün təcrübəsizdir, bununla yanaşı regionun əsas güc mərkəzi olan Rusiya, Türkiyə, İran və Azərbaycana münasibəti birmənalı olaraq mənfidir, həm də öz siyasi baxışlarına görə, ABŞ və Qərb dəyərlərini təqdir edir. Digər tərəfdən də, istər mövcud Ermənistan hakimiyyətinə, istərsə də Serj Sarkisyanın komandasına soyuq münasibət bəsləyir. Osipyanın Qarabağdakı qanunsuz hərbi birləşmənin komandiri olmuş Samvel Babayana yaxınlığı və onun göstərişlərinə əsasən “hərəkət etməsi” haqda informasiyalar da mövcuddur.
Qırxayaq görkəmli erməni inqilabçı partiya…
Hər halda, bu dəqiqdir ki, A. Osipyanın sərgilədiyi hazırkı mövqe görüntü xatirinədir. O, Ermənistan siyasi mühitindəki qütbləşmələrdən birinin mütləq üzvüdür və qarşısına qoyulmuş plan üzrə hərəkət edir. “İnqilabçı Partiya”nın lideri, özünün siyasi konyukturasına yenidən nəzər salmış Serj Sarkisyanın komandasının siyasi xəttinə daha yaxın kimi davranır, lakin fəaliyyətini Qərbyönümlü hesab edir, bununla yanaşı özünü balanslı siyasət yürüdürmüş kimi göstərən N. Paşinyanın siyasi iradəsinə qarşı yönəldilən təzə qüvvə təsiri başlayır. Əslində isə, elə deyil… Artur Osipyan və onun tərəfdarları yaxın gələcək üçün hesablanmış Ermənistandaxili proseslərdə işğal altındakı Qarabağda yaşayan ermənilər arasında Paşinyanı təmsil edəcək alternativ qüvvə kimi yetişdirilir. Eyni zamanda, o, Ermənistan Xüsusi Xidmət Orqanlarının maraqlarını nəzərə alır, erməni dairələrinə xüsusi təsirə malik olan Qərb kəşfiyyat sistemlərinin nöqteyi-nəzərindən çıxış edir. Əgər Osipyan koronovirus pandemiyası ilə bağlı elan edilmiş fövqəladə hal vəziyyətində Xankəndinin mərkəzində kütləvi tədbir keçirmək imkanına malikdirsə, onun Sarkisyan tərəfdarı olması haqda şübhələr puça çıxır… Ermənistanın Qarabağda qanunsuz keçirdiyi “seçkilər”in nəticələrini qətiyyətlə pisləyən Artur Osipyanın erməni cəmiyyəti tərəfindən “həzm olunmas”ı üçün o müəyyən “təzyiqlərə məruz” qalır, ictimai nüfuzunun artmasından ötrü hakimiyyət tərəfindən razılaşdırılmış və diktə edilmiş məhrumiyyətlərlə “üz-üzə gəlir”…
Erməni XXO-nun cəmiyyətə pərçim etdiyi “nakolka”lı casuslar

“İnqilabçı Partiya”nın liderinin ətrafında daha bir sima da var ki, onun kim olması haqda suallar öz partiya sədrinin şəxsiyyətindən daha çox əhəmiyyət daşıyır.
Bu adam, bir neçə gün əvvəl İran maşınlarının işğal altında olan Qarabağa və Ermənistana yardım daşımasına dair görüntüləri çəkib sosial şəbəkələrdə yayan Vadim Racabi Qriqoryandır.
V. Qriqoryan erməni cəmiyyətində təkcə bu əməlinə görə məşhur deyil. O, son vaxtlar Artur Osipyanın rəhbərliyi altında keçirilən aksiyaların fəal üzvlərindən biridir. İran maşınlarının işğal altında olan Qarabağa və ya Ermənistana yardım daşıması ilə bağlı lentə aldığı görüntüləri yaymasından sonra erməni mətbuatı onu Azərbaycan Xüsusi Xidmət Orqanlarına casusluq etməkdə günahlandırmağa başladı. Hətta erməni jurnalistlərinin iddialarına görə, bu şəxs Vadim Rəcəb oğlu Vəliyevdir. Maraqlıdır ki, onun barəsində müxtəlif fikir səsləndirən ermənilər Vadim Racabi Qriqoryanın qəddar qətl hadisələrinə görə Rusiyanın müxtəlif türmələrində həbs cəzası çəkməsi haqda məlumatlar yayıblar. İddialardan birində göstərilir ki, o, Rusiyanın Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya edilib. Üstəlik guya atası azərbaycanlıdır.
Onu da qeyd edək ki, Vadim Qriqoryanın adı partiyası tərəfindən irəli sürülmüş deputatlığa namizədlərin siyahısında yer alır.
Ümumiyyətlə, “İnqilabçı partiya”nın bütün aktiv fiqurlarının hamısının keçmişinin kriminal aləmlə bağlı olduğunu ortaya atan əleyhdarları bu siyasi qurumun qondarma “parlament”də təmsil olunmasını təhlükəli hal kimi xarakterizə edirlər.
Burada daha çox üzərində dayanılan fiqur, məhz Vadim Qriqoryandır. Onun, bizə məlum olduğu kimi, İran maşınlarının lentə almasını və ermənilər tərəfindən azərbaycanlı kimi qələmə verilməsini təhlil etməyə çalışaq.
İran maşınlarına “ayrılan diqqət” kimin sifarişidir?
İddia edilən görüntülərin harada çəkildiyini dəqiq söyləmək mümkün olmasa da, bunun, məhz Azərbaycan cəmiyyəti və Azərbaycan-İran münasibətlərini şübhə altına almaq üçün hesablandığı şübhəsizdir. Regiondakı sosial-iqtisadi, siyasi vəziyyətin heç də sabit olmadığı ərəfədə ermənilər tərəfindən Azərbaycan casusu kimi adlandırılan birinin, İranın işğal altındakı Qarabağa, eləcə də Ermənistana humanitar yardım göstərdiyini önə çəkməsi təsadüf sayıla bilməz. Bu görüntülərin meydana çıxmasının Azərbaycan-İran münasibətlərinin korlanması üçün nəzərdə tutulmuş bir addım olduğunu söyləmək o qədər də çətin deyil. Maraqlıdır, İrana qarşı bu cür informasiyaların yayılması rəsmi İrəvanın hansı maraqlarına cavab verir? Böyük ehtimalla, bu göstəriş rəsmi Tehrana qarşı sürəkli şəkildə enbarqo və sanksiya dolu siyasət yürüdən qüvvələr tərəfindən verilib. Erməni mətbuatının təbirincə desək, “erməniləşmiş azərbaycanlı”nın İrana antipatiyasının mənbəyi təmsil etdiyi partiyanın dəst-xəttindən mayalanır.
Erməni təfəkkürünün yetişdirdiyi qatil xilaskar
Vadim Qriqoryanın ətrafında qurulmuş oyunlardan doğan suallara cavab tapmağa çalışaq.
Niyə yaxın gələcəkdə Ermənistandaxili proseslərdə, həmçinin Qarabağda Paşinyan hökumətinin tətbiq etmək istədiyi yeni siyasi gəlişmələrdə, məhz kriminal əməlləri ilə məşhur olan “erməniləşmiş azərbaycanlı” subyekt seçilir?
Burada erməni cəmiyyətinə bir neçə mesaj var: “Azərbaycanlı ancaq qatil və ya kriminal ünsür ola bilər!”, “Ermənistana İranın yardım etməsini ancaq azərbaycanlı qanı daşıyanlar istəməyə bilər”, “gələcəkdə sülh şəraitində yaşamaq aktuallaşsa, azərbaycanlılar ermənilərin uğurlarını həzm edə bilməyəcək, və sayrə…”
Vadim Qriqoryanın əsas fiqur kimi seçilməsində erməni hakimiyyət dairələrinin məkrli planlarının siyahısını daha da genişləndirə bilərik…
V. Qriqoryanın Azərbaycan Xüsusi Xidmət Orqnlarının casusu adı altında qələmə verilməsi onu göstərir ki, ermənilər Azərbaycan tərəfinin sülhə hazır olmadığını, bu prosesə əngəl ola biləcək addımlar atdığını, danışıqlar fonunda erməni cəmiyyətləri arasında qarşıdurma yaratmağa çalışdığını görüntüləməyə çalışırlar. Eyni zamanda, bu, həm də Azərbaycan Xüsusi Xidmət Orqanlarının nüfuzuna xələl gətirilməsinə yönəlmiş bir addımdır. Belə ki, Vadim Qriqoryanın kriminal keçmişini, dəhşətli qətllərin iştirakçısı olduğunu nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, Azərbaycan Xüsusi Xidmət Orqanları kriminal ünsürlərin və qatillərin vasitəsilə ermənilər arasında fəaliyyət göstərməyə cəhd edir…
Digər tərəfdən Ermənistan Vadim Qriqoryanın çəkib yaydığı görüntülərdən sonra onu casus adlandırmaqla, rəsmi Tehrana demək istəyir ki, Azərbaycan kəşfiyyat orqanları və siyasi hakimiyyəti İran əleyhinə iş aparır, onun öz qonşuları ilə münasibətini risk altına atır.
Dalana dirənən danışıqlardan yayınma üsulu: Daxili gərginlik…

Vadim Qriqoryanı azərbaycanlı və Azərbaycan casusu adlandırmaqla, Erməni tərəfi, həm də rəsmi Bakının bütün maraqlarından və atacağı addımlardan xəbərdar olduğu görüntüsünü yaratmağa çalışır. Amma maraqlıdır ki, casus adlandırdıqları Qriqoryan nəinki həbs edilir, əksinə ictimai-siyasi proseslərdə onun fəaliyyət və hərəkətlərinə hər cür zəmin yaradılır. Deməli, erməni təhlükəsizlik qüvvələri oynamaq istədikləri oyunlarda hamıdan birinici, necə deyərlər, özlərini yandırırlar…
Hər halda, erməni kəşfiyyat orqanları və siyasi hakimiyyət dairələri kriminal keçmişə malik birini “Azərbaycan casusu” kimi qələmə verib ictimai-siyasi fiqur yetişdirməkdə sadalananlardan başqa hansı marağı güdə bilər? Təbii ki, burada ən əsas maraq, Qarabağ danışıqlarında dalana dirəndikləri zaman Xankəndində siyasi qətllər, kütləvi iğtişaşlar törədib günahı Azərbaycanda axtarmaqla, sülh prosesini ləngitməyə və vaxt qazanmağa nail olmaqdan başqa bir şey deyil.
İşıq üzü görməyən planlar…
Çox güman ki, erməni ideoloqlar yetişdirməkdə olduqları “erməniləşmiş azərbaycanlı”nın əli ilə növbəti mərhələlərdə Rusiya və Gürcüstan kimi ölkələrlə Azərbaycanın münasibətinə ləkə yaxmağa çalışacaqlar. Bunu necə edə bilərlər? Mümkündür ki, Vadim Qriqoryan Ermənistan ərazisində yerləşən rus hərbi birləşməsinin — 102-ci hərbi bazanın ətrafında Azərbaycan və ya Türkiyəyə qarşı hazırlanmış hər hansısa “səhnəciyi” də çəkib yaya bilər. Həmçinin, ermənilər bu “erməniləşmiş azərbaycanlı”nın əvasitəsilə Azərbaycan-Gürcüstan-Ermənistan dövlət sərhədlərinin kəsişməsində hansısa təxribat xarakterli addımlarla Azərbaycan-Gürcüstan münasibətlərini də zərbə altına atmağa çalışa bilərlər.
Bütün hallarda, istər dünyada, istər regionda, istərsə də Qarabağ müharibəsinin həlli məsələsində sürətlə mövqelərini itirməyə başlayan Ermənistanın bütün cəhdləri “suda saman çöpündən yapışmaq” təsiri bağışlayır. Artıq erməni siyasi dairələrində gözəl anlayırlar ki, zaman sürətlə onların əleyhinə işləyir və geri sayım başlayıb…
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu/Ordu.az/
