SOÇİ GÖRÜŞÜNÜN DETALLARI AÇIQLANDI – Azərbaycan və Ermənistan bəzi məsələlərdə artıq razılığa gəliblər

2021-ci ilin 16 noyabr hadisələri Ermənistan baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiya-demarkasiya prosesinə başlamağa razılığını ifadə etməyə təkan versə də, Rusiyalı politoloq İqor Krortçenkonun «Paşinyana inanmaq olmaz» xəbərdarlığı da təsadüfdən deyilmədi.

Qafqaz.media-nın məlumatına görə, “Past” erməni qəzeti qeyd edir ki, Soçidə keçiriləcək görüşdə ölkələrin liderləri delimitasiya və demarkasiya komissiyasının formalaşdırılması ilə bağlı ilkin razılığa gəliblər: “İmzalanacaq potensial sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan komissiya yaradıb, delimitasiya və demarkasiya işləri ilə məşğul olacaqlar. Bu günlərdə Nikol Paşinyan artıq komissiyaya daxil ediləcək şəxslərin ilkin siyahısını hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Əslində, ekspert dairələrinin fikrincə, Brüssel görüşü əsasən “protokol” xarakteri daşıyacaq, çünki əsas məsələlər artıq Soçidə həll olunacaq”.

Erməni qəzetinin yazdıqlarına inansaq, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşündə böyük ehtimalla Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başlanması ilə bağlı bəyanat imzalanacaq. Buna baxmayaraq, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dünənki atəşin çıxışına diqqət etdiksə, sabitliyin pozulması, növbəti sərhəd insidentini də gözləmək olar. Beləliklə, Soçi görüşünün əsas mövzusu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır ki, bu məqsədlə Kreml sahibi Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərdi. Hansı ki, Overçukun «bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”, — deməsi Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandı. Çünki Azərbaycanın fokuslandığı məsələ, mediada da tirajlandığı kimi, Zəngəzur dəhlizinin açılmasıdır. Dünən Paşinyanın alovlu-alovlu dediyi kimi yol yox, məhz dəhliz. Doğrudur, İrəvanın sözünün üstündə durmamasının qarşılığı kimi Azərbaycanın da Laçın dəhlizini bağlaması, yaxud oradakı nəzarətin Azərbaycan sərhədçiləri və gömrük xidmətinin nəzarətinə götürülməsini cavab olaraq təklif edirlər.

Amma burada bir əmma var. Naxçıvan Azərbaycan ərazisidir, Zəngəzur dəhlizinin də Naxçıvanın Azərbaycanın əsas ərazisinə quru yolla bağlanması nəzərdə tutulur. Bəs, Laçın dəhlizinin Ermənistanı hara bağlamasına fikir verirsinizmi? Ermənistanın əsas ərazisini Azərbaycanın Xankəndi, Ağdərə, Xocali şəhərlərinə. Hansı ki, burada rus «sülhməramlıları» keşik çəkirlər. Məntiqlə Azərbaycan ərazisi Ermənistana, həm də Laçın dəhlizi ilə — fikir verin, dəhlizlə, yolla yox, necə ki, Paşinyan bizə yalnız yol vəd edir və dəhliz terminin haradan meydana çıxdığını anlamadığını iddia edir — niyə bağlanmalıdır ki? Niyə ermənilərə Laçından yol yox, dəhliz verilməlidir və Azərbaycan ərazisi Ermənistanın əsas ərazisinə niyə bağlanmalıdır?

Daha bir fakt. Ermənistan qondarma «Artsax»a ianə olaraq 1 milyard 446 milyon 565 min dram ayırıb. Pul əhalinin istifadə etdiyi elektrik enerjisi, qaz təchizatı və rabitə üçün dekabr ayı xidmətlərinin ödənilməsinə yönəldilməsi üçün nəzərdə tutulub. Həmçinin, «Artsax”a 12 milyard 86 milyon 747,3 min dram məbləğində dövlətlərarası kreditin verilməsi nəzərdə tutulur. Bu vəsait cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş dekabr ayının maaşlarının, müavinətlərinin, pensiyalarının, səhiyyə xərclərinin ödənilməsinə yönəldiləcək. Bəs, Ermənistan rəsmi Azərbaycan əraizsində yerləşən «qurumcuğa» niyə və hansı haqla vəsait ayırmalıdır? Bu cəhdlər Azərbaycan tərəfindən sakitıiklə qarşılanmalıdır? Əgər ermənilər burada qalmaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməli və bizim qanunlarımıza görə davranmalıdırlar.

Qayıdaq Soçiyə. Azərbaycan Soçidə İrəvanın qələbəmizin nəticələrini yazılı, ən azından üçtərəfli səviyyədə hüquqi səviyyədə təsbit olunmuş sənədlə təsdiqləməsini diktə etməlidir. Ermənistanın «ayağı sürüşkən» partnyor olduğunu nəzərə alsaq, Rusiya onun verdiyi vədlərdən qaçmaması üçün Türkiyə və Azərbaycanla birbaşa koordinasiyada olunmalıdır. Çünki Paşinyanın ikili oynaması ehtimalı böyükdür.

Xatırlayırsınızsa, iki ay öncə Nikol Paşinyan Gürcüstanın baş naziri İ.Qaribaşvili vasitəsilə 4 saat yoxa çıxıb, prezident Ərdoğana ismarıc çatdırmağa cəhd etmişdi. Görünür, Paşinyan ehtimal edirdi ki, bu cəhd sayəsində — Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasının başlanması fonunda Azərbaycan Zəngəzur dəhlizinin açılmasını israrla tələb etməyəcək. Amma Ankara açıq şəkildə bildirdi ki, bu görüş yalnız Ermənistan öz öhdəliklərinin ən azı minimumunu yerinə yetirdikdən sonra, ilk növbədə Bakı ilə Naxçıvan arasında yolu açıdıqdan sonra baş tuta bilər.

Yeri gəlmişkən, bu gün Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının regionda durumun sabitləşməsinə gətirəcəyini, Rusiyanın da yardımçı olacağını bəyan etdi. Eləcə də Moskvanın 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvarında əldə olunmuş öhdəliklərin ardıcıl şəkildə yerinə yetirilməsinin tərəfində olduğunu bildirdi. Buradan da görünür ki, Moskva Paşinyanın yaxasını buraxmaq fikrində deyil. Paşinyanın dəbbələməyinin nəticəsi isə Azərbaycanın lazım bildiyi nöqtələrdə irəliləməyi ilə sonuclana bilər.

Rusiya Zəngəzurdan Türkiyəyə quru yolu əldə etmənin ona hansı faydalar verə biləcəyini anlayır. Buna görə, 16 noyabrda Ermənistanın hərbi yardım harayına Kremldən cavab gəlmədi. Hətta Minsk qrupunun digər həmsədr ölkələri də İrəvanın bu harayını səssiz qoydu. Məsələn, ABŞ-ın Bakı səfiri Erl Litsenberger 22 noyabr tarixində bildirdi ki, 3 ABŞ şirkəti Qarabağdakı layihələrdə iştirak edir və ABŞ şirkətlərinin Qarabağda iştirakı üçün çox imkanları var. Hələ aprel ayında prezidnet İlham Əliyev, «Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm», — deyərək anti-Azərbaycan meyllərini neytrallaşdırmağa çalışmışdı. Üstəlik, Əliyev onu da xatırlatmışdı ki, hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq «Zəngəzur nəqliyyat dəhlizi» üzərində çalışılır. Yəni Aİ də «Şərq tərəfdaşlığı» layihəsinin İrəvanın bədnam ehtirası üzündən qeyri-sabitlik zonasına çevrilməsini istəmir, çünki sabitlik Avropaya enerji təchizatının şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından lazımdır.

Odur ki, noyabrın 26-da Soçidə, dekabrın 15-də Brüsseldə İrəvanın Zəngəzur dəhlizinin blokunu açmağa, Azərbaycanla barışmağa razı salınacağına şübhə yoxdur. Moskva Soçi görüşü əsnasında dəhliz məsələsinin həllini qabardacaq, çünki onun Brüsselə ötürülməsi Kremlin bacarıqsızlığı kimi anlaşılacaq. Rusiya isə Cənubi Qafqazda təsir rıçaqlarını saxladığını və burada konstruktiv siyasət apara biləcəyini göstərməlidir.

Soçidə İrəvanın Ermənistanın uzunmüddətli hərbi və iqtisadi tərəfdaşı Rusiya ilə münasibətləri də “həll edilməlidir”. Axı, Ermənistan əlaqələrini Rusiya ilə münasibələrini  intensiv şəkildə inkişaf etdirən qonşuları — Azərbaycan və Türkiyə ilə qarşıdurmadan əməkdaşlığa keçirmək fikrində olduğunu bəyan edir. Zaxarovanın açıqlamalarından Kremlin Soçidə bu məqamı da qabardacağı mesajını gördük.

Böyük ehtimalla, Soçidə İrəvanın Moskvaya sadiqliyinin, Brüsseldə isə onun Moskvadan qopmasının rəsmi İrəvana nələri verəcəyi də söhbət mövzusu olacaq. Azərbaycansa bütün müstəvilərdə 1 il əvvəlki qələbəsinin bəhrələrini sabitləşdirməyə çalışmalıdır ki, belə də gözlənilir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: