
Süleyman Əliyarlı
(1930–2014)
Tarix elmləri doktoru, professor
Rəhmətlə anırıq…
Etnogenezis haqqında araşdırma yazıma başlamamışdan öncə istərdim ki, bir yazı taxtası düşünəsiniz. Və zənn edin ki, mən bu yazı taxtasına min ilin sualını yazıram: “KÖKÜN KİMDİR?”
XI əsrdə türkün ensiklopediyaçı alimi Mahmud Kaşğarlının “Divani-luğat-it-Türk” kitabında bu sual qoyulub. Bu çox geniş və əhatəli bir mövzudur. Ona görə mən düşünürdüm ki, öz məqaləmdə “Etnogenezis: tarixçiliyi və başlıca elmi aspektləri” mövzusunda yazam. Amma sonra düşündüm ki, bu məqalədə yalnız tarixçiliyi əhatə edə bilsək, bunun özü də böyük bir iş olar. Çünki tarixçilikdə tədqiqat və mənbəşünaslıq baxımından çoxlu problemlər var. Sonra bu mövzuya bir daha qayıda bilərik.
Tarixçilik mövzusuna başlamazdan əvvəl bir məsələni qeyd etmək istərdim. Sovetlərdə bizim bu “Kökün kim?” sualı ilə bağlı saxta bir konsepsiya mövcud idi. O konsepsiya bizim türklüyümüzü inkar edirdi. Bu, gənc nəsillərin yaddaşından türklüyü tamamilə yox edib-silmək məqsədi güdürdü.
Müəllifi olduğum “Azərbaycan tarixi” kitabının 7-ci bölümünün 1-ci paraqrafının 1-ci mövzusu belədir: “Azərbaycanlıların kimliyindən yazılanlara bir baxış. Tarixçilik imperializmi”. Bu yanaşmanı, bu konsepsiyanı imperializm kimi dəyərləndirmişəm.
Bu fikrimi əsaslandırmaq istərdim. XX əsrin əvvəllərinə düşən böyük bir irfan nəslinin çox gözəl tədqiqatçısı olan Firidun bəy Köçərli, səhv etmirəmsə, 1903-cü ildə Tiflisdə ana dilimizdə bir kitab çap etdirdi: “Azərbaycan türklərinin ədəbiyyatı”, rus senzorlar (əslində bu vəzifəni əsasən ermənilər yerinə yetirirdilər) kitabın adını dəyişərək, “Литература Азербайджанских татар” qoydular.
Bizim tariximizin ideoloji senzorluq müstəvisində qayçılanması bəzilərinin düşündüyü kimi 1930-50-ci illərdən deyil, XX əsrin əvvəllərindən, hətta müəyyən məqamlarda XIX əsrdən başlanmışdı
1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki onlar Moskvanın xətti ilə davranmalıydılar. Ona görə də Qəhrəman Qaraqaşlının məruzəsinin çapı bir müddət geriyə atıldı – 1929-cu ilə kimi üzə çıxarılmadı.

Sonra elə həmin bölgəyə bu mövzunu öyrənmək üçün təcrübəli Azərbaycan etnoqrafı Ələsgər Ələkbərov göndərildi. Ələkbərov həyat dərsi görmüş, səriştəli adam idi. Ekspedisiyadan sonra məruzə etdi ki, ayrımlar kökcə ermənidirlər. Sübut etməyə çalışdı ki, “ayrım” sözünün özü “hay” və “horom” sözündən əmələ gəlib. “Hay”– erməni, “horom” isə yunanca “rum” sözünün yazılışıdır, yəni “yunan erməniləri” deməkdir. Bəs mənşəcə kimdirlər? Bu, o qədər də önəmli deyil. Əsas odur ki, türk deyillər.
1926 və 1937-ci illərdə Rza şah rejiminin birbaşa sifarişi ilə Seyid Əhməd Kəsrəvinin “Azəri, ya zəban-e bastan-e Azərbayqan” kitabı Tehranda çap edildi. Bu kitab azərbaycanlıların türklüyünü bütünlüklə rədd edirdi, onun fikrincə, XI yüzilə qədər bu millət kökcə iranlı olaraq qalır və farsca (azəricə) danışırdı. Bu səbəbdən türkcə bura gəlmə dildir,
Azərbaycanlıların “ana dili deyildir”. Elmi ədəbiyyatda “kəsrəviçilik” adlandırılan bu təlim milli kimliyimizə qarşı universal bir vasitəyə çevrildi. 1945-46-cı il Güney Azərbaycana istiqlal hərəkatına qarşı Qəvvam əs-Səltənənin Moskva görüşlərində də istifadə edildi (“Molotov protokolları”).
Bakıda AMEA-nın Tarix İnstitutu tərəfindən hazırlanmış olan ilk çoxcildli “Azərbaycan tarixi”ndə (İ cild, 1958) etnogenezis probleminə yer verilməmişdir. Yalnız “Azərbaycan dili” başlığı altında mövzunun açıqlanması əvəzinə cəmi üç səhifəlik çox səthi bir arayış vardır.
Bu yazının müəllifi Əlövsət Quliyev idi. O zaman Tarix İnstitutunda direktor işləyirdi. Əlövsət müəllim burada yazır: “Bu tayfaların (türklərin – S.Ə.) yığcam kütlələri buraya V–VII və XI–XII əsrlərdə gəlmişdi. Onların gəlməsi və burada sakin olması ilə Azərbaycan əhalisinin uzun müddət danışdığı və bir-birindən fərqli olan dilləri üzərində tədricən türk dilinin üstünlük qazanması gözə çarpırdı. Bununla belə yerli əhalinin əsas dilləri – azəri və aran dilləri olduqca böyük müqavimət və sabitlik göstərirdi”.
Bununla nə demək istəyirdilər? “Kökün kim?” – sualına cavab verirdilər, yəni Güney Azərbaycan başqa, Quzey Azərbaycan isə tamam başqa bir bölgədir. Güney Azərbaycan kökcə İranlı olan azərilərin yurdudur. Azəri dili də fars dilinin əsasında, onun əski bir qolu kimi verilir. Aran dili isə Qafqaz–İber dillərindən biri kimi tıqdim edilirdi. Güney Dağıstan ləzgi qrupuna yaxın bir dil kimi verilirdi.
Bu konsepsiya burada artıq bu şəkildə Azərbaycanın milli varlıq olmadığı fikrini ortalığa gətirmişdir. Yəni Güney Azərbaycanda və Quzey Azərbaycanda yaşayan azərbaycanlılar heç zaman vahid bir xalq olmamışlar. Mənə elə gəlir ki, bunun nə dərəcədə ciddi problem olduğunu izah etməyə ehtiyac yoxdur. Ancaq bununla, yəni çoxdilliyin bu arayışı ilə kəsrəviçilik Sovet Azərbaycanına da gətirildi və bir növ rəsmiləşmiş oldu.
1946-cı il fevralın 23-də Qəvvam əs-Səltənə Stalin və Molotovun qəbulunda olmuşdu. Molotov Qəvvam əs-Səltənəyə iradını bildirərək deyir ki, siz azərbaycanlılara məktəb, yazı-pozu, qəzet, muxtariyyət verməməkdə düz etmirsiniz.
Bu görüşə aid sənədlərdən belə bir hissəni sizin diqqətinizə çatdırıram: “Затем Kавам достал из кармана кaкой-то документ и заявил: “Здесь доказывается, что тюркский язык не является родным языком азербайджанцев. Этот язык занесен сельджукскими завоевателями 900 лет тому назад. До этого aзербайджанцы говорили на персидским языке. Пантюркисты вели большую пропоганду в Азербайджане (söhbət Cənubi Azərbaycandan gedir – S.Ə.) распространяя там большом количестве литературу. Однако это пропаганда не имела успеха, так-как пантюркисты не могли изменить естество азербайджанцев”. Qəvvam bunu deyir, lakin o, XI–XIII əsrlərdə İranlıların türklərin dilinə niyə keçdiklərini izah etmir. Böyük İran sivilizasiyasının arxasında duran bir millət niyə bunu etsin ki? Bu, sirr olaraq qalır.
Bunlar deyirlər ki, dili qəbul etdilər və bu dil də onların ana dili deyil. Ona görə də türk dili onlara yabancıdır. Amma əndamca, antropoloji, mənəvi cəhətdən, digər varlıqları baxımından azərbaycanlılar elə İranlılardılar. Onların təbiəti dəyişilməmişdir.
Yeri gəlmişkən, künyə və nisbəsi ilə məlum bir tarixi şəxsiyyətlə bağlı qısa bir arayış verim: Əbu Əli Həsən ibn Əli Xacə Nizam-əl-Mülk iki böyük Səlcuq imperatoru zamanında hakimiyyətdə olmuş, bu boyda imperiyanı idarə etmişdir. Özü yazır: “Mən bütün ölkələrə, əyalətlərə (imperiyanın bir ucu Amu Dərya, bir ucu Egey dənizi idi – S.Ə.) farsca bilən, farsca danışan, fars təhsilli kargüzarlar, nəzarətçilər, müfəttişlər göndərirəm”.

Tədqiqatçılar bu fikrə gəlirlər ki, Nizam-əl-Mülkün dövründə Səlcuq imperatorluğunda sayı 10.000-dən artıq İran ziyalısı bu dövlətin idarəçiliyi, maarifi, kargüzarlığı, dövlət və digər yazışmalarını inhisara almışdı
Ona görə ki, tarixi yanaşma ilə sübuta yetmiş olur ki, bu şəraitdə, belə bir mühitdə fars dili türk dili ilə əvəz oluna bilməzdi. Hələ onu demirəm ki, üç böyük türk imperatorluğu (Qəznəvilər, Qaraxanlılar, Səlcuqlar) fars mədəniyyəti, ədəbiyyatı üzərində böyük sayğı və himayədarlıq edirdi. Fars ədəbiyyatının şah əsəri olan Firdovsinin “Şahnamə”sini belə Sultan Mahmud Qəznəvi sifariş vermişdi. Mən belə düşünürəm ki, 60.000 beytlik bu nəhəng əsərin müəllifinə vəd olunmuş ənamın verilməməsinin səbəbi hər halda bu kitabın başdan-ayağa antitürk ruhda yazılması idi. Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi, “Şahnamə” fars şovinizmi və nasionalizmindən yoğrulmuş, türkə və türklüyə qarşı yazılmış bir əsərdir. Burada söhbət Azərbaycanın böyük bir hissəsindəki xalqından gedir ki, əgər bunlar İranlı idilərsə, İranın böyük sivilizasiyasına dayanırdılarsa, nə üçün onlar türkcəyə keçməli idilər? Demək istəyirəm ki, bu konsepsiya Əhməd Kəsrəvinin “Azəri, ya zəban-e dastan-e Azərbayqan” kitabından alınmadır. Qəvvam əs-Səltənənin oxuduğu parça da, “Azərbaycan tarixi”nin 1958-ci il çapında yer alan hissə də Əhməd Kəsrəvinin kitabından köçürmələrdir. Konseptual olsa da, plagiatdır.
(ARDI VAR)
Şəkil: İranda fars şovinistləri Firdovsi və Nizam-əl-Mülkə qoyulan heykəllər? Səlcuqların vəzirini farslar sizcə niyə bu qədər sevirlər?!



