III YAZI
“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında
Xarəzmlə Yeke Moğol Ulusu arasında müharibənin formal səbəbi Çingiz xanın (1155–1227) Xarəzmşahlar dövlətinə göndərdiyi ticarət karvanının Otrar şəhərində qarət edilməsi, əvvəlcə tacirlərin, ardınca isə bunun səbəblərini aydınlaşdırmaq üçün gəlmiş moğol elçilərinin öldürülməsi olmuşdur. Birinci yazımızda qeyd etdik ki, dövlətlər arasında münasibətlərin formalarını həmin ölkələrin yerləşdikləri coğrafi-siyasi məkanların şərtləri müəyyənləşdirir. Amma, sözsüz ki, hər bir konkret halda artıq başlanmış prosesi sürətləndirən və onun nəticələrinə təsir göstərən digər amillər də mövcuddur.
Orta əsr salnaməçilərinin yazdıqlarına əsaslanan müasir tarixçilərin əksəriyyəti hesab edir ki, müharibənin əsas səbəbkarları Xarəzmşah Əlaəddin Muhəmmədlə (1169–1220) onun Otrar valisi İnalçık Kayır xan (1165–1220) idi. Belə bir fikir irəli sürülür ki, onlar bu əməli moğol tacirlərinin mallarına tamah saldıqlarına görə törətmişlər. Başqa ehtimala əsasən, moğolların hindli taciri Otrar valisi ilə hörmətsiz rəftar etmiş və İnalçık Kayır xan onun ədəbsiz davranışından qəzəblənərək tacirləri qətlə yetirmişdi.
Amma təəssüf ki, üçüncü fərziyyə bir qədər diqqətdən kənarda qalmışdır. Belə ki, bəzi mənbələrə görə, tacirlərin və onları müşayiət edən moğolların əksəriyyəti kəşfiyyatçı olmuş, Otrar şəhərinin müdafiə qurğuları, oradakı hərbçilərin sayı, onların silahları, əhalinin dövlətə münasibəti barədə informasiya toplamış, camaat arasında müxtəlif şayiələr yaymışlar. Buna baxmayaraq, tarixçilər günahın hamısını Xarəzm dövlətinin üzərinə atmışlar. Bir sözlə, göründüyü kimi, “qalibləri mühakimə etməzlər” qaydası bu halda da pozulmamışdır. Sözsüz ki, həmin hadisələrin bizə bu formada çatdırılmasının subyektiv səbəbləri də vardır. Ola bilsin ki, salnaməçilərin bir hissəsi Xəlifə ən-Nasir Abbasiyə (1158–1225) rəğbət bəsləmiş, digər hissəsinin isə Xarəzmşah Əlaəddin Muhəmmədə münasibəti mənfi olmuşdur.
Lakin ədalət naminə vurğulamaq lazımdır ki, bəzi müsəlman tarixçiləri bacardıqları qədər obyektiv olmağa çalışmış, eşitdikləri məlumatları gizlətməmiş, onları öz əsərlərində əks etdirmişlər.
Əli ibn Muhəmməd əl-Əsir (1160–1234): “Tatarların İslam ölkələrinə hücumu elə bir səbəblə izah olunur ki, onu kitabımızın səhifələrində qeyd edə bilmirik». Ancaq əsərinin başqa bir yerində o, öz fikrini daha aydın ifadə edir: «Əgər əcəmlərin (ərəb olmayanların) onun (Xəlifə ən-Nasirin) barəsində dedikləri məsələ, yəni (xəlifənin) tatarları İslam ölkələrinə hücuma təhrik etməsi və bu məqsədlə öz adamlarını onların (tatarların) yanına göndərməsi haqqında məlumatlar doğrudursa, deməli, o, ən dəhşətli cinayətlərdən də ağır bir cinayət törətmişdir.”
Əhməd ibn Əli əl-Məkrizi (1364–1442) Xəlifə ən-Nasirin moğollara yazdığı məktubdan bəhs edir: “Onun (ən-Nasirin) hakimiyyəti dövründə tatarlar Şərq ölkələrini viran etdilər. Hətta Həmədana gəlib çatdılar. Bunun səbəbi isə aşağıdakılar idi: Sultan Muhəmmədin vaxtı ilə Səlcuqilərin etdiyi kimi Bağdadı tutub Xarəzmşahlar dövlətinin paytaxtına çevirəcəyindən qorxduğu üçün (xəlifə) tatarlara məktub yazıb onları (müsəlman ölkələri ilə) müharibəyə təşviq etdi”.
Muhəmməd ibn Vasil (1207–1298) Xəlifə ən-Nasirin Çingiz xana müraciəti haqqında yazır: “Xarəzmşah Bağdada doğru hərəkət edəndə xəlifə tatarların hökmdarı Çingiz xana məktub göndərib onu Xarəzm üzərinə hücuma təhrik etdi”.
Bu hadisə Əbu-l-Fida İsmail ibn Əli (1273–1331), Sibt ibn əl-Cəvzi (1186–1256) və digər mənbələr tərəfindən də təsdiq edilmişdir.
Məsələnin məğzi bundan ibarət idi ki, 1218-ci ildə Xarəzmşah Əlaəddin Muhəmməd öz ölkəsinin imamlarını belə bir fətva verməyə razı salmışdı ki, Abbasilər sülaləsinin hakimiyyəti qeyri-qanuni və şəriətə ziddir, xilafət və imamət Həzrəti Əli ibn Əbu Talibin oğlu İmam Hüseynin nəslinin haqqıdır. Elə həmin ildən Xarəzmdə Xəlifə ən-Nasirin adına xütbə oxunması dayandırılmış, Əla əl-Mülk Tirmizi adlı bir seyid xəlifə elan edilmişdi.

Qeyd etmək lazımdır ki, Xarəzmşah Əlaəddin Muhəmməd nə qatı məzhəbçi idi, nə də dini fanatik. Sadəcə, Xəlifə ən-Nasirdən Xuzistan vilayətini istəmişdi. Xəlifə isə nəinki onun sözünü yerə salmışdı, həm də tələb etmişdi ki, xarəzmşah əlində olan İrandan da çıxıb yalnız Xarəzmlə kifayətlənsin.
Haşiyə. Şihabəddin Muhəmməd ibn Əhməd ən-Nəsəvi (?–1250) yazır: “Xəlifə ən-Nasirin göndərdiyi şeyx Xarəzmşahın qəbuluna girdi. Əlaəddin Muhəmməd onu salamladı. Şeyx bir hədis söyləyəcəyini bildirdi. Xarəzmşah əyləşərək hədisi dinlədi. Həmin hədisə əsasən, Muhəmməd Peyğəmbər demişdi ki, əmisi Abbasın nəsli ilə düşmənçilik heç kimə fayda gətirə bilməz və Abbasilərin ehtiramını saxlamaq hər bir müsəlmanın borcudur. Xarəzmşah şeyxi sonacan təmkinlə dinlədi və dedi: Mən türk olduğum üçün ərəb dilini bəlkə də kifayət qədər yaxşı bilmirəm. Amma hədisin mənasını anladım. Xəlifəyə çatdırın ki, bugünədək Abbasın bir törəməsini belə incitməmişəm. Lakin eşitdiyimə görə, ən-Nasirin sarayındakı zirzəmilərdə Abbas kişinin nəslindən olan xeyli sayda adam saxlanılır. Hətta, deyirlər ki, onlar həmin zirzəmilərdə dünyaya göz açır, oralarda artıb-törəyir və gün işığı görmədən ölüb gedirlər. Ey hörmətli şeyx, yaxşısı budur ki, bu mübarək hədisi Bağdada qayıdandan sonra xəlifə həzrətlərinə nəql et. Bəlkə, nəticə çıxarıb öz qohum-əqrabası ilə daha mərhəmətli davranar”.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili