Azərbaycan Respublikasının Şuşa şəhərinin işğalından 28 il ötür. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.
Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirmişdir. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etmiş, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum etmişdir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min insan öz yurdundan didərgin düşmüşdür. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv etmiş və ya erməniləşdirmişlər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar.
Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçmişdir.
SÖZARDI: Biz 28 ildir bu yolu keçib Şuşaya gedə bilmirik…
Heç olmasa bu illər ərzində içimizdəki bəzi mikroblara öyrədə bilmədik ki, Qarabağ təkcə qarabağlıların, Şirvan təkcə şirvanlıların, Muğan təkcə muğanlıların deyil. Bu Vətən bir bədəndir, harasını kəssən bütün əzalar ağrayacaq. Bu Vətən hamımızındır, hər birimiz Şuşasız bir məmləkətin bivec övladlarıyıq…
Şuşanın süqutu günüdür. Nə səbr diləmək vaxtıdır, nə də biqeyrətlik simvolu olan Lazımı, İnşallahı çağırmaq…
Gözlərimiz önündə bir məmləkət yarımcandır. Bizlər isə nə anamıza oğul, nə bacımıza qardaş, nə ölkəmizə vətəndaş ola bilmədik. Allah heç bir milləti bu cəzaya tuş etməsin…
Şuşa xəyanətin qurbanı oldu. Bu gün bəzi üzdəniraq beyinsizlər düşünürlər ki,əliyalın mülkü əhali o torpaqları qoruya bilərdi. Bircə faktı deyim ki, milyonluq Bakıya yeridilən SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının veteranları daxil olmaqla daha artıq hərbiləşmiş quldur dəstələri Qarabağa yeridilmişdi. Bəs Bakını niyə o zaman Sizlər qoruya bilmədiniz???
Hələ bu gün bu sözləri deyəcək qədər həyasız iç düşmənləri demirəm…
Allah xainlərə lənət eləsin!
Bizlər heç, qoy Allah heç olmasa öz evini qurtarmaqda bizlərə yardımçı olsun! /Xaqani Ədəboğlu — 2018/

