Bu gün II Dünya Müharibəsinin sona çatmasının 70 ili tamam olur. Faşizm üzərində qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğul və qızları cəbhəyə yollanıb. Bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli faciə kimi qəbul edilən bu müharibədə ümumilikdə 57 milyon insan həlak olub ki, onların da 27 milyon nəfərini sovet vətəndaşları təşkil edib. İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların sayı isə 300 min nəfərdən çox olub. Onlar ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Baltikyanı respublikalar uğrunda döyüşlərdə cəsarətlə vuruşub, faşist ordu hissələrinə mətanətlə müqavimət göstəriblər.

Azərbaycanlılardan ibarət 77-ci dağıdıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibində Simferopolun, Odessanın və digər şəhərlərin, Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın azad olunmasında fəal iştirak ediblər. 416-cı diviziya isə Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib. Azərbaycanlılar cəbhə yoldaşı olan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə verərək, almanlar tərəfindən işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsi ilə yanaşı, Berlinin süqutunda da fəallıq nümayiş etdiriblər. Cəbhələrdə göstərdikləri qəhrəmanlığa, rəşadətə, şücaətə görə 140-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, 30 nəfər «Şərəf” ordeni, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar.

Bu tarixi gün münasibətiylə AVMVİB Nəsimi və Suraxanı rayon şöbələrinin sədrləri Elmar Hüseynov və Eldar Rüstəmov bu müharibənin iştirakçısı olmuş Cənnət Hüseynova baş çəkərək onu bu gün münasibətiylə təbrik etmişlər. II Dünya Müharibəsinin canlı şahidi və «abidəsi» olan Cənnət Hüseynov AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə «Milli Ordu 100» yubiley medalı ilə təltif ediblər.
Medalı müharibə veteranına polkovnik Elmar Hüseynov təqdim edib.
Təbrik edirik!
Elnur Səlim
