Mahmud bəy Rüstəmbəyov kimdir?

Mahmud bəy Rüstəmbəyov kimdir?

Diqqətli oxucular el arasında “Qaçaq Nəbi” adı ilə məşhur olan “Atları yəhərləyin” (“Qanlı zəmi”) filmindəki Səlim bəyi xatırlayarlar. Sovet dövründə çəkilsə də, o qədər də obrazı mənfiləşdirilməyib. Bəylik qürurunu, möhtəşəmliyini saxlayıb. Söz uzaq düşməsin, bu Mahmud bəy həmin Səlim bəyin kiçik qardaşıdır. El dili ilə desək çox atan-tutan, vurub-yıxan, hökmünə meşələr boyun əyən, hikkəsinə dağlar əriyən bir şəxsiyyət olub. Deyirlər ki, Qaçaq Nəbi Zəngəzur tərəfə ürzükəndə Səlim bəy onu Mahmud bəylə qorxudardı: Çağıraram ha!..

Mahmud bəy Şuşada və Qarabağda tanınmış rüstəmbəyovlar soyuna bağlıdır. Bu soy Kəbirli elinin Əfətli obasından çıxıb.

Babası Gülməmməd bəy Qasım bəy oğlu (1770-1845) xanlıq dönəmində sərkərdə, rus-üsul idarəsi dövründə kapitan rütbəsində zabit idi.

Gülməmməd bəyin Rüstəm bəy, Ağa bəy, Həsən bəy, Abbasqulu bəy adlı oğlanları vardı.

Atası Gülməmməd bəy ikinci oğlu olan Ağa bəy 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultanı vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçik, poruçik rütbələri daşımışdı.

Ağa bəy Rüstəmbəyov 4-cü dərəcəli “Müqəddəs Anna”, 2-ci dərəcəli “Şiri-Xurşid” ordenləri ilə təltif olunmuşdu.

Ağa bəy Nabat xanım Rüstəm bəy qızı Rüstəmbəyova ilə ailə qurmuşdu. Zülfüqar bəy, Səlim bəy, Mahmud bəy adlı oğlanları, Balış xanım adlı qızı vardı.

Ağa bəyin üçüncü oğlu Mahmud bəy 1850-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Şuşa qəzasında dəftərxana xidmətçisi vəzifəsinə təyin edilmişdi.

Mahmud bəy Rüstəmbəyov 1879-cu ildə Qazax qəzasında polis pristavı, 1880-ci ildə Cəbrayıl qəzasında sahə rəisi, 1881-ci ildə Cəbrayıl qəzasında polis pristavı, 1883-cü ildən 1888-ci ilədək Şuşa qəzası polis idarəsində kargüzar, 1891-ci ildə Şuşa qəzasının Qacar kənd cəmiyyətində sahə pristavı, 1897-ci ildə Cəbrayıl qəzası Polis idarəsi rəisinin böyük köməkçisi vəzifələrində çalışmışdı.

Bir sənəddə oxuyuruq: «Keçən ilin qışında pristav Mahmud bəy Püstəmbəyov qəza rəisini Əfətli kəndinə (Şuşa qəzası Ə.Ç.) öz evinə dəvət edərək onunla birlikdə kədxudaları və kənd hakimlərini seçmişdilər. İbiş Kərbəlayı Hacı Məhəmməd oğlundan 200 rubl püşvət alaraq onu Ağcabədi kənd cəmiyyəti üçün kədxuda seçdilər. Məhəmmədxan adlı bir nəfərdən 300 rubl pul alaraq onu Xəlfərəddinli kənd cəmiyyətinə kədxuda göndərdilor. Püstəmbəyov tərəfındən Ağalar adlı sahibkar Xocavənd kəndində kədxuda təyin edilmişdi. O, Ağalardan 150 rubl rüşvət almışdı. Bundan olavə Püstəmbəyov həmin kənddə baş hakim işləyən Əsgər Məhəmmədəmin oğlundan 300 rubl alaraq onu işində saxlamışdı. Avşar kəndində 400 rubl pul alaraq Əmralı adlı bir nəfər kədxuda seçilmişdi». (Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivi, iş 3982(1), v.124)

Mahmud bəy Rüstəmbəyov Dürdanə bəyim Kərim ağa qızı Cavanşirlə ailə qurmuşdu. Övladları olmayıb.

Mahmud bəy Rüstəmbəyov “Difai” təşkilatının üzvü idi. Qafqazda olan yüksək vəzifəli rus məmurları tərəfindən silahlandırılan və gizli tapşırıq alan erməni millətçilərin Ordubadda yaşayan silahsız türklərə qarşı hücumlar edib, onları öldürməyə, qılıncdan keçirməyə başladıqlarını, öldürə bilmədikləri türkləri öz torpaqlarından qovaraq həmin ərazilərdə çoxluq təşkil etmək istəyirdilər.

1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlarda Qarabağda yüzlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilmişdir. Buna baxmayaraq burada yaşayan Mahmud bəy Rüstəmbəyov kimi Azərbaycan oğulları ilə birlikdə Yuxarı Qarabağın müdafiəsinə qalxmış və bu bölgənin mənfur düşmənlərin hücumlarından qorumuşlar.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: