Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır.
Bunu bazar ertəsi parlamentin vitse-spikeri Akop Arşakyan deyib.
«Bizim mövqeyimiz dəyişməyib. Ermənistan sərhədləri açmağa və ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir», — Arşakyan bildirib.
Xatırladaq ki, yanvarın 14-də Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü baş tutub. Onlar ümumi zəminləri müəyyən etmək üçün konstruktiv və siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa razılaşıblar.