Baydenlə Putin arasında telefon danışığı başa çatdı

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, telefon danışığı Bakı vaxtı ilə saat 21:06-da yekunlaşıb və 1 saata qədər davam edib. Ağ Ev hələlik danışıqların məzmununu açıqlamayıb. 

Bu, Ukrayna böhranının yaranmasından sonra liderlər arasında üçüncü telefon danışığıdır. 

Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır. 

Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.

Bildirilib ki, bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçib. 

RİA Novostinin verdiyi məlumata görə, Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında iki ölkə liderinin danışdığı bəzi məqamlara toxunub.  

“Söhbət əsnasında Vladimir Putin qeyd edib ki, hər iki böyük dövlət hazırda bir-birinə rəqibdir, lakin onlar bütün dünyada sabitliyi və təhlükəsizliyi qorumaq üçün əllərindən gələni etməlidirlər”, — deyə Yuri Uşakov bildirib.

Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.

Bu xəbəri paylaşın: