İCRA BAŞÇISI PREZİDENT ADMİNİSTRASİYASINA ÇAĞIRILIB, TƏNBEH EDİLDİ

 Məhərrəm Quliyev Qarabağ qazisinin özünü yandırması ilə bağlı istefaya göndərilir…

Xəbər verdiyimiz kimi, 44 günlük Qarabağ qazisi Sərdar Rüstəm oğlu Həsənov fevralın 9-da Goranboy rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırıb.

Məlumata görə, sosial vəziyyəti acınacaqlı durumda olan Sərdar Həsənov yardım üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətinə müsbət cavab ala bilməyən Qazi İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.

Qeyd edək ki, Sərdar Həsənov yaxınlıqda olan vətəndaşların köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son məlumatlara əsasən, hazırda Qarabağ Qazisinin vəziyyəti ağırdır.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Goranboy rayon İcra Hakimiyyətinin Qarabağ qasizinin müraciətinə biganə yanaşması, yetkili şəxslərin Sərdar Həsənovun problemləri ilə maraqlanmaması və aidiyyəti qurumları bu haqda bilgiləndirməməsi, bütün bunların nəticəsində isə qazinin intihar həddinə çatdırılması ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsinə səbəb olub. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, hadisədən dərhal sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident Administrasiyasına dəvət olunaraq, ciddi şəkildə tənbeh edilib.

Yeri gəlmişkən, Qarabağ qazisinin özünü yandırması faktı Ermənistan mediasında da günün mövzusuna çevrildiyindən, 44 günlük savaşından ardından bu cür neqativ hadisələrin yaşanması və düşmən tərəfin bundan istifadə etməsi də icra başçısına ciddi xəbərdarlıq edilməsinə səbəb olub.

Hətta bəzi iddialara görə, bu hadisədən sonra M.Quliyevin yerinə kadr axtarılır və yaxın günlərdə Goranboy rayon İcra Hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Mənbə: Hurriyyet.az.

Bu xəbəri paylaşın: