Azərbaycanın mərd-mübariz oğulları şəxsi şücaəti fədakarlığı, qəhrəmanlığı ilə əsil vətənpərvər olduqlarını tarixin hər dönəmində təsdiq ediblər. Keçdikləri uzun, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. Belə oğullardan biri də Məşədi Şamil Hacıyevdir.
Məşədi Şamil Qarabağda, Şuşada xalq arasında tanınmış hacıyevlər soyuna bağlıdır. Bu soyun ulu babası Həsəndir. Həsən XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. O, Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmiş, Rusiya-İran savaşlarının qəhrəmanlarından birinə çevrilmişdi. Məaf ünvanı almışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənin Sadıq, Rəhim, Şükür adlı oğlanları, Anaxanım adlı qızı vardı.
Məşədi Həsənin ikinci oglu Rəhim 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. II gildiya tacir idi. Öncə pak Xorasan torpağını, müqəddəs-Məşhədi, sonra Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı Rəhimin Dadaş, Səməd (Şamil) adlı oğlanları vardı.
Hacı Rəhimin ikinci oglu Şamil 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra rus-tatar məktəbində oxumuşdu. Vəkil işləmişdi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Şamil Hacıyev “Difai” təşkilatının və onun qolu “Qarabağ məclisi”nin üzvü idi. Təkilatın Şuşa qəza bölməsinin yaradılmasında Əhməd bəy Ağayev bilavasitə özü iştirak etmişdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və «bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə» təşviq etmişdi. (Лернер В. А. К вопросу о деятельности в Азербайджане буржуазно-националистической организации «Дифаи» — Доклады АН Аз. ССР, T.XXXV, № I, 1979, с.92.)
“Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)
Məşədi Şamil Hacıyev təşkilatda ikinci adı olan Səmədlə çixiş edirdi. Yaxınlarından başqa hamı onu Səməd Məşədi Həsən oğlu kimi tanıyırdı.
Məşədi Şamil Hacıyev hərbi qanada başçılıq etdiyindən gizli olaraq ətrafında silahlılar saxlayırdı. Məlumdur ki, hər bir bölgə komitəsinin döyüş drujinası vardı. Belə drujinalardan ən böyüyünün say tərkibi məlumdur – Şuşa döyüş drujinası 400 nəfərdən ibarət idi. (ГИААР: ф.524, оп.1, д.15, л.21-24) O, bu drujina ilə nəinki erməni millətçilərinə, satqın türklərə qarşı da mübarizə aparırdı. O, mükəmməl bir neçə müraciət tərtib etmişdi. «Difai»nin müraciətlərində bu komitə tərəfindən
müsəlman əhali üçün zərərli hesab ediləçək və ermənipərəstlikdə şübhə doğuracaq vəzifəli şəxslər terrorla hədələnirdi. (ГИААР: ф. 62, оп. 1, д. 59, л. 163.)
Məşədi Şamil Hacıyev tacir təbəqəsinə mənsub idi. “Difai”dəki fəaliyyətində də tacirlərin mənfətini, gəlir qaynaqlarını düşünürdü. «Qarabağ Birlik Məclisi»ndə, eləcə də bütün «Difai» partiyasında tacirlərdən ibarət böyük bir təbəqənin mövcud olması proqramda ticarət haqqında ayrıca bölmələr olmasını şərtləndirmişdi. Ticarətdə qayda yaratmaq və sui-istifadə hallarına son qoymaq nəzərdə tutulurdu. Bu halda Azərbaycanda həm sənayeni, həm də ticarəti sırf milli istiqamətdə inkişaf etdirmək lazım idi. Əsas tələb ondan ibarət idi ki, «müsəlmanlar başqa millətlərə deyil, özümüzə xeyir vermək üçün yalnız müsəlmanlardan mal alsınlar». (ГИААР: Ф.524,оп. 1, д.18,л.27.)
Məşədi Şamil Hacıyevin başçılığı ilə 1906-1908-ci illərdə difaiçilər tərəfindən törədilmiş və böyük əks-səda doğurmuş ən iri siyasi terror aktları general-qubernator Qoloşşapova sui-qəsd və Şuşa hadisələri zamanı onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsi olmuşdur. Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 21 oktyabr 1909-cu il tarixli məruzəsindən göründüyü kimi Qoloşşapovdan narazılığa səbəb 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişələri dövründə onun müsəlmanlara zidd hərəkətləri ilə əlaqədar olmuşdur. Başinski yazır: «1906-cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhməd bəy Ağayevin orada çağırdığı yığıncağın iştirakçıları siyasi xarakterli, odlu-alovlu nitqlər söyləmiş, müsəlmanları hökümətə və hakimiyyət orqanlarına qarşı çıxmağa çağırmışdılar. Ağayev, doktor Kərim bəy Mehmandarov və başqaları deyirdilər ki, müsəlmanlar rus hökümətinə hələ də sadiqdirlər, hökümətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır və s. Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşı çağırışlar səsləndi». (4ГИААР: ф.62, оп. 1, д.59, л. 164.)

Beləliklə, müsəlmanların V. N. Qoloşşapovdan narazı olması barədə çar hökümətinə əvvəlcədən xəbərdarlıq edilmişdi, lakin zəruri tədbirlər görülməmişdi. Bu vaxtdan etibarən general-qubernatora sui-qəsd üçün səylə hazırlıq görülürdü. Terror aktının hazırlanması və həyata keçirilməsi barədə bu aktın təşkilatçılarından biri, sonralar həbs edilərək Şuşa qəza həbsxanasında saxlanılan Şamil Məşədi Həsən oğlunun ifadəsindən məlumat almaq olar. Bu ifadə 1909-cu il avqustun 19-da istintaq zamanı verilmiş və ştabs-rotmistr Rudenkonun Tiflis Quberniya Jandarm İdarəsinin rəisinə məruzəsində öz əksini tapmışdır. Şamil Məşədi Həsən oğlunun ifadəsindən görünür ki, terror aktı keçirilməsi barədə qərar 1906-cı ilin payızında «Difai» partiyasının Şuşa şəhər sakini Muxtar Qaytaranın evində keçirilmiş iclasında qəbul edilmişdi. Həmin iclasda Məşədi Səlim Ağa oğlu, Şahzadə Keyqubad mirzə, Həsən Qara Şərif oğlu, Cahangir xan, Şuşa şəhərinin tatar məhəlləsinin pristavının köməkçisi Paşa bəy və Məşədi Şamil Hacı Rəhim oğlu iştirak edirdi. Yığıncaqda Gülablı kəndinin sakini Mürsəl Rza oğlunun köməyi ilə Qoloşşapova qarşı terror aktının icrasını öz üzərinə götürə biləcək bir nəfər tapmaq qərara alınmışdır. Belə bir adam tapıldı.
Bu, Gülablı kəndinin sakini Hüsü Əli oğlu idi. Ona izah etdilər ki, general Qoloşşapov tatarlara çox pislik etmişdir və hər bir həmvətənimizin borcu qardaşlarımızın ölümünün qisasını almaqdır. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с 280.)
Ona silah — «Smit Veson» tipli pistolet və Tiflisə getmək üçün 300 rubl xərclik verilmişdi. Hüsü Əli oğlu Tiflisə gələndən sonra Şeytanbazardakı «Bakinskiye nomera» mehmanxanasında yer almış və iki ay müddətində general Qoloşşapovu müşahidə etmişdi. 1906-cı il noyabrın 8-də V. N. Qoloşşapov faytonda gedərkən ona iki atəş açılmış və o, ölümcül yaralanmışdı. Hüsü Əli oğlu terror aktını həyata keçirəndən sonra gizlənməyə məcbur olmuşdu. (ГИААР: ф.524, оп.1, д. 19, л.43-44.)
Bundan az sonra «Difai» bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür. («Баку», 1906., 21 ноября, 22 ноября)
Məşədi Şamil Hacıyev təşkilatın qərarı ilə 1907-ci il mayın l-dən 2-nə keçən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə casusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı köməkçisinin 14 dekabr 1903-cü il tarixli məlumatında bildirilir: «Muxtar Cabbar oğlu çox pis ad çıxarmışdı və həm Şuşa şəhərinin, həm də qəzanın bütün xadimləri onu «əclaf Muxtar» kimi tanıyırlar». (ГИААР: ф.524, он. 1, д. 16, л.46-46 об.)
Şuşa şəhərindəki Çuxurməhlə məhəlləsində difaiçilər Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3000 rubl pul yığmış, bu pula silah, patron, revolverlər alınmış, adamlar hazırlanmış və Cənubi Azərbaycana Səttar xanın köməyinə göndərilmişdi. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку, 2002, с. 293-294) Yükləri Səttar xana Məşədi Şamilin fədaisi Əfrasiyab Əzimov çatdırmışdı.
Məşədi Şamil Hacıyev həmişə izlənirdi. 1907-ci il mayın 30-da Yelizavetpol qubernatoru Q.Kovalyev ona çatmış məlumatlar əsasında polis rəislərinə tapşırıq verir ki, tamamilə məxfi yollarla bu partiyanın şəxsi heyətini, onun məqsədlərini və nəhayət onun hansı vəsaitlər hesabına mövcud olmasını aydınlaşdırsınlar. (ГИААР: Ф.524, оп.1, д.15, л.40-41.)
1907-ci ildə Ş. Hacıyevin üzv оlduğu «Qarabağ məclisi»nin fəalları kütləvi tutquya məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv İran təəbəsi оlduğundan оnu vətəninə yоlladılar. (ГИААР: Ф.524, оп.1, д.15, л.42-43.)
1909-cu ilin may ayında «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi «Difai»nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayi Yusif Mirsiyabov, Rza bəy Rzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zulfuqar bəy Abdulla bəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər «fəaliyyətinin məqsədi
Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökümətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman «Difai» partiyası və «Qarabağ Məclisi» adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə» ittiham olunurdu.

Araşdırma nəticəsində Yelizavetpol dairə məhkəməsi 1909-cu il mayın 15-də «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi. (ГАППОДАР: ф. 276, oп. 8, д. 217, л. 22-25.)
Məşədi Şamil Hacıyev sürgündən dönəndən sonra Ağdamda məskunlaşmışdı.
Məşədi Şamil Hacıyev Səltənət bəyim Kərim ağa qızı Cavanşirlə ailə qurmuşdu.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf